O məzarı necə tapmalı? - <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
28 noyabr 2017 15:28 (UTC +04:00)

O məzarı necə tapmalı? - SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

1937-ci ilin Stalin repressiyası nə vaxtsa onu da haqlayacaqdı. Bunu bilirdi. Çünki üzvü olduğu Azərbaycan Yazıçılar İttifaqı da artıq öz sıralarını "xalq düşmənlərindən" təmizləyirdi. Nəhayət, həmin an yetişdi.

 

1937-ci il martın 3-də Azərbaycan Yazıçılar İttifaqının III Plenumunda sədr Seyfulla Şamilov, o da daxil olmaqla, bir qrup yazıçının "ifşasına" start verdi. Anındaca "Ədəbiyyat" qəzetində onu əks-inqilabçı olmaqda ittiham edən məqalə çap edildi. Az sonra isə İttifaqdan qovdular. Bu hələ harasıdır...

 

O, təqib və təhdidlərdən ehtiyat edir, əlyazmalarının böyük bir hissəsini yandırır. Amma ruhdan da düşmür, fikirləşir ki, yəqin baş verənlərdən yuxarıların xəbəri yoxdur. Əvvəlcə Azərbaycan K(b)P-nın Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edir. Vaxt keçir, cavab gəlmir. Bağırova yazdığı ərizənin cavabından əlini üzür. Bu dəfə Stalinə yazır. Moskvaya gedir, 1 ay orada qalır. Stalinə yazdığı ərizə barədə Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir cavab ala bilmir. Çarəsiz qalıb, Bakıya qayıdır.

 

Bakıya çatar-çatmaz məlum olur ki, ailə üzvləri Keşlə həbsxanasına salınıb. Çoxuna da işgəncə veriblər. Dəfələrlə görüş istəyir, amma görüş vermirlər. Əvvəlki peşəsinə, vəkilliyə qayıtmaq istəyir, düzəlir də... İki ay işləyir, amma yenə qovurlar. Bakıda ac-yalavac dolaşır, kimsə köməyinə gəlmir.

 

***

 

...Və günlərin bir günü gözü "Kommunist" qəzetində çıxan bir elana sataşır. Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunubmuş. Sənədlərini toplayıb, Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib, rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Urgəncə yola düşür. O, Urgənc Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.

 

***

 

Vur-tut iki il orada işləyə bilir. Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərinin - B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Urgəncdə həbs edilib, Bakıya gətirilir. Altı aya yaxın elə həmin Keşlə həbsxanasında saxlanılır. 1940-cı ilin iyul ayının 3-də o vaxtkı Qorki, indiki Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan vəfat edir. Səhəri gün, 1943-cü il yanvarın 4-də stansiyanın yaxınlığından keçən Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur.

 

***

 

Nəvəsi Leyla xanım danışır:

 

- Urgəncdə böyük nüfuz sahibi olub. Yüksək mədəniyyəti və dünyagörüşü onu kollektivin sevimlisi etmişdi. Həbsindən bir qədər əvvəl kafedra müdiri də təyin olunmuşdu. Amma 40-cı ilin yanvarında onu tutub Bakıya gətirirlər. 6 ya Keşlədə saxlayırlar. Bundan sonra isə Qorki vilayətinə sürgün edirlər... Bütün günü ağır şəraitdə işləmələrinə baxmayaraq, babam yazmaqdan da qalmır.

 

***

 

...Hə, hətta həbs düşərgəsində belə yazırmış. Və Allah bilir, hansı şedevrləri yaradırmış. Yazdıqlarını isə Suxobezvodnayada yaşayan bir rus qadına verirmiş. O isə həmin yazıları evinin çardağında gizlərdirmiş. Görünür, ümidliymiş ki nə vaxtsa bu cəhənnəmi tərk edib, Bakıya qayıdacaq, bəraət alacaq.

 

Amma həmin əlyazmalar məhv olur. Bir mənbəyə görə, rütubət məhv edir. Başqa bir mənbəyə görə isə NKVD işçiləri bundan xəbər tuturlar və həmin qadın hər şeyi boynuna alır, əlyazmaları isə yandırılır. Mərhum yazıçı Əzizə Cəfərzadənin qardaşı da həmin vaxt onunla birgə həmin düşərgədə cəza çəkirmiş. Bunu o da təsdiq edirmiş sonralar onun qohumlarıyla söhbətində. Amma Leyla xanım deyir ki, həmin vaxt artıq gec imiş. Çünki üstündən illər keçibmiş. Kiminsə Suxobezvodnaya gedib həmin qadını tapması da mümkün deyilmiş.

 

 

***

 

Suxobezvodnaya Nijni Novqoroddan 120 km aralıda yerləşir. Hər tərəfi meşəlikdir. 7 min əhalisi var. Burada insanların əsas məşğuliyyəti ağac emalıdır. Və burada hələ də həbsxanalar yerləşir. Yəni keçən onilliklər ərzində qəsəbə öz mahiyyətini dəyişməyib, yenə meşədə ağac doğramaq, yenə həbsxanalar...

 

Axtarsan həmin həbsxanalarda azərbaycanlı da taparsan. Elə təkcə həbsxanada yox, meşədə ağac qıranlar arasında da. Və həmin azərbaycanlılardan heç kimin ağlına da gəlmir ki, çox yox, bir addımlıqlarında Azərbaycan tarixinin yetişdirdiyi dahilərdən biri uyuyur.

 

***

 

Zaman 2017-ci il, 27 noyabr.

 

Nijni Novqorodda yaşayan dostumuz, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasovun sosial şəbəkələrdə bir statusuna rast gəldim: "Təəssüf, nə qədər axtardım, qəbrini tapa bilmədim".

 

Dərhal Vidadi bəyi arayıram. Onun dediklərindən:

 

- Meşədə ayrı-ayrı yerlər var və bilinir ki, burada adamlar basdırılıb. Bir az qazanda sümüklər çıxır. Mən yenə də axtarmağa davam edəcəm. Amma şans yox kimidir. Çox çalışmaq lazımdır, bu da çoxlu məsrəf tələb edir. Mən çalışıram, heç olmasa, hansı sektorda dəfn edildiyini öyrənim. Görək mümkün olacaqmı...

 

***

 

Bayaqdan bilirsinizmi kimdən söhbət gedir? Yusif Vəzir Çəmənzəminlidən. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, müstəqil respublikamızın Ukraynada və Türkiyədə səfiri işləmiş böyük yazıçıdan. Hə, onun qəbrini tapmaq lazımdır, bəlkə də Azərbaycana gətirmək lazımdır. Gələn il Cümhuriyyətimizin yaradılmasının 100 illiyidir. Bundan böyük iş ola bilərmi?

 

***

Zamanında Lent.az BDU-nun ilk rektoru Razumovskiylə bağlı bir araşdırma elədi. Rektor Abel Məhərrəmov dərhal reaksiya verdi. Yessentukidə Razumovskinin dağılıb getməkdə olan qəbri bərpa edildi. Adına olan küçəyə barelyef vuruldu. Bu, böyük hadisəydi. Hətta Razumovskinin nəticəsi uzaq Uruqvaydan vurub gəlmişdi Yessentukiyə. Rusiya və Azərbaycan mətbuatı yazırdı bu hadisədən.

 

İndi isə söhbət Çəmənzəminlidən gedir. Bir kimsə Çəmənzəminliyə yiyə duracaqmı görəsən?..

 

 

# 349
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar