<span style="color:red;">Rəşad Məcid:  "Hər bir qəzetin taleyinə şora bükülmək yazılır..." – <span style="color:red;">"50+" LAYİHƏSİ
17 noyabr 2017 09:21 (UTC +04:00)

Rəşad Məcid: "Hər bir qəzetin taleyinə şora bükülmək yazılır..." – "50+" LAYİHƏSİ

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə 50+ söhbət

 

“Künefe evi”ndə həftə sonu vazkeçilməzi – “525-ci qəzet”in şənbə sayını adətim üzrə axırdan əvvələ vərəqləyirdim ki, səsi müştərilərlə payız arasında sədd çəkən şüşələri cingildətdi:

 

- Mənə incə belli cam bardaqda çay verin!

 

Gülərək yaxınlaşdı:

 

- Elif Şafakın sözüdür, armudu stəkana çox poetik ad qoyub! Fincanda çay içməkdən zəhləm gedir, sanki çayın dadını qaçırdır e...

 

Özü yaxınlaşdıqca, səsi uzaqlaşdı... Beynimdə ancaq şüşələrin cingiltisi ilə armudu stəkan var idi. Hardasa lap uzaqlarda, artıq mövcud olmayan bir yerdə, məchulda babam gözünü oxuduğu qəzetdən ayırmadan armudu stəkandakı pürrəngi çayı ikicə qurtuma içib, nəlbəkiyə qoydu. Dolu bədənli nənəm ikinci çayı süzmək üçün mətbəxə keçəndə döşəmədə hər basdığı taxta cırıldadı, qadın ancaq mənim eşidə biləcəyim səslə pıçıldadı:

 

- Höcətdir! Rəhmətliyin oğlu, bunu birdəfəlik hamı kimi böyük stəkanda iç, qurtar də!

 

İndi uzaqdan tappıltı səsləri eşidiləcək, bir neçə saniyə sonra bombalar şüşələri cingildədəcəkdi... Yenə xatirələrimə bombalar yağacaqdı... Qaranlıq sığınacaq... Ölümün nəfəsi... İtirmək qorxusu...

 

Tez özümü ələ alıb, 25 ildir yaşamağa yük olan bütün xatirələr kimi, bunu da yaddaşımdan silməyə, günah kimi üstünü ört-basdır etməyə çalışır, öz-özümə deyirəm:

 

- Nə gözləyirdin? 50+ adamlarla görüşməyə qərar verəndə elə bilirdin səninlə üz-üzə oturub rəngli piyalədə çay içəcəklər?! Höcət vaxtlarıdır!

 

- Bir dəqiqə bağışla... – deyərək, qəzeti əlimdən alıb vərəqlədi. Yenidən özümə qaytardı.

 

- Rəşad müəllim, mənə elə gəlir ki, qəzetin yox, sizin 25 yaşınız olur...

 

- Bəs nə?! (Gülür) Bəzən özümü 25 yaşında hesab edir, bəzən də 525 yaşlı oluram – müdrik, ağır, dünyaya sakit baxan...

 

- Çılğınlıq gedib?

 

- Əslində gedib. Amma içimdə qeyri-adi, sehrli bir qüvvə var ki, sakit, təmkinli, həyatla barışmış halımda qəfildən qalxıb aləmi bir-birinə qarışdırır...

 

- Tez-tez olur?

 

- Son vaxtlar dövriliyi azalıb. Hətta qadınlar bu qəfil coşmağın, enerjinin səbəbini özlərində də görürlər. Amma bilirəm ki, bu genetikdir...

 

- Biz qadınlar kişidə hansısa cəhət xoşumuza gələndə ordan özümüzə pay axtarırıq...

 

- Bəli, qadınları yaxşı tanıyıram. Qadın iddiasını da bilirəm. (Gülür) Qadının da verdiyi güc var, sevginin də... Qadının və sevginin verdiyi güclə müqayisə olunacaq güc tanımıram. Əslində, ən böyük güc odur! Amma təəssüf ki, daimi deyil...

 

- Nə daimidir ki?

 

- Heç bir şey...

 

- O zaman güc mənbələrini tez-tez dəyişmək lazım gəlir?

 

- Olmur axı, hər gün aşiq olmaq olmur. Hər qadın da güc verə bilmir.

 

- Elçin Şıxlı Lent.az-ın “Qadın klubu”nun qonağı olanda soruşdum ki, qadını yoldan çıxartmaq, ya yola gətirmək üçün neçə min işarəlik yazı yazmaq lazımdı? Cavab verdi ki, “Onu daha yaxşı Rəşad Məcid bilər, çünki harada rastlaşıram, görürəm “sms” yazır”.

 

- Yadımdadır, oxumuşdum... (Gülür)

 

- Bu nə imicdir? Masada qəzet, qarşıda 25 illik yubiley, biz qadınlardan danışırıq...

 

- Mən eləmədim ki! (Gülür) Elçinin o müsahibəsi yadımdadır, o vaxt Facebookda yox idi, indi sevinirəm ki, özü də yazılar paylaşır. O ki qaldı sualın cavabına, söz mənim üçün əhəmiyyətlidir. Bir söz ilə də qanadlanmaq olar, bir cümlə ilə də, bir roman ilə də...

 

- Rəşad müəllim, oxucunun yazardan yaxşı yazdığı, tamaşaçının jurnalistdən kəsərli təhlil etdiyi, hər kəsin özündə mediaya ehkam kəsmək haqqı bulduğu bir zamanda çox az KİV qurumu var ki, o ad CV-də qürurla yazılır. “525-ci qəzet” də o media orqanlarından biridir. Və bu gün imzası arxasında ürəklə dayana bilən jurnalistlərin əksəriyyəti “525” məzunudur.

 

- Çox sağ ol! Çoxları “525-ci qəzet”ə məktəb deyir. Bilmirəm, bu mənim xarakterimdən irəli gəlir, ya ətrafıma topladığım adamlardan... Redaktor qısqanc olmalı deyil! O geniş ürəkli və tolerant olmalı, ən müxtəlif fikirli insanlara şərait yaratmalıdır. İndi belə fikir təlqin olunur ki, hamı jurnalist ola bilər. Mənim təsəvvürümdə isə jurnalistikada yazmaq bacarığı, istedad və sonradan əxz olunan xeyli keyfiyyət lazımdır.

 

- Belə olmadı, tədris proqramını tam istəyirəm...

 

- (Gülür) Mən “525-ci qəzet”də də, AYB-də də gəncləri xırda suallarla yoxlayır, hansısa keyfiyyətlərini öyrənməyə çalışıram. Kimdəsə bir istedad qığılcımı gördümsə, onu işlədirəm. Sonralar Emin Çölaşanın “Qovulduq ey xalqım unutma bizi” kitabını oxuyanda gördüm elə Türkiyə mətbuatında da gənc jurnalistləri çox işlədir, az qonorar verir, əziyyətə salırlar. Onların arasında kim güclü, əzmkar, enerjilidirsə, bu sənəti sevirsə, onlar qalır. Bizdə də belə olub - jurnalistikanı, sözü sevən adamlar qalıb, yetişiblər. Yetirmələrimiz çoxdur. Müəlliflərimiz isə Məmməd Əmin Rəsulzadədən, Üzeyir Hacıbəyovdan tutmuş, Şirməmməd Hüseynova, bugünkü nəslin nümayəndələrinəcən var. Şirməmməd müəllim onların çap olunmayan əsərlərini bizdə çap etdirmişdi...

 

- Deyirsiniz ki, “525-ci qəzet” gənclərin qəzetidir. Sonra da deyirsiniz təmkinli qəzetdir. Gənclik və təmkin ziddiyyət deyil?

 

- Ay sağ ol! Mənə elə gəlir ki, ortaq nöqtə məhz ordadır. Tədris proqramı da budur – yeni nəslin üsyankarlığını, entuziazmını, enerjisini yaşlı nəslin təmkini, savadı və sanbalı ilə çulğaşdırırıq. (Gülür)

 

Və söhbət dolanıb, 25 il əvvələ gedir. Azərbaycan oxucusunun A3 formatlı qəzeti yeni-yeni əlinə aldığı dönəmlərə...

 

- Sovet vaxtı bir neçə qəzet var idi, hamısı da A2 formatında. Yeni qəzetlər – “Aydınlıq”, “Azərbaycan”, “Ədalət” hamısı A3 formatında idi və fərqli, sovet nomenklaturasının öyrəşmədiyi dildə yazırdılar. Yadımdadır, bir dəfə parlamentdə kiçik rayonlardan birinin rəhbəri dedi ki, bu “balaca qəzetlərin” hamısını bağlamaq lazımdır. Aqil Abbas da ona bir cavab yazmışdı ki, “balaca qəzetləri bağlamağın ziyanı yoxdur. Siz qorxun ki, balaca rayonları bağlayalar”.

 

- Fərqli dildə yazırdılar, doğru! Amma bu gün həm də fərqli “mövzulardan” yazırlar...

 

- 1998-ci ildə Bill Klinton və Monika Levinski hadisələrinin ən qaynar çağında Qulu Məhərrəmli, Azər Həsrət və mən Amerikaya getmişdik. Heç yadımdan çıxmır, deməli, Ağ evdə hər gün günorta saat 1-də mətbuat konfransı keçirilir. Bizi də gətirdilər ki, müşahidə edin. Joe Lockhart tribunaya çıxan kimi, təbii ki, Monika Levinski ilə bağlı suallar başladı. O da bir neçəsinə cavab verib, axırda bezdi ki, “Bu günlərdə Klinton orta məktəblərdə ibtidai təhsilin inkişafı ilə bağlı qərarlar qəbul edib. Siz niyə bunları qoyub, Levinski barədə soruşursunuz?” Dedilər “Əşşi, onu eləməlidi, o heç! Bizə bunlar lazımdır!” İndi BTQ-ni qoyub, Fədayədən yazanda həmən dəqiqə yadıma Monika düşdü. Bu, tək bizdə deyil, Ağ evdə də belədir. Yəni cəmiyyətin qeyri-rəsmi mövzulara həmişə marağı olub və olacaq! Mətbuat diqqət cəlb etmək üçün şou elementlərini – Monika Levinskini və Fədayə Laçını sevir. (Gülür) Amma Azərbaycan istedadlardan xali deyil, yaxşı redaktorlarımız da var, jurnalistlərimiz də...

 

- Buna şübhəm yoxdur, qarşımda bir kitaba mövzu olan qəzetin yaradıcısı əyləşib!

 

- (Gülür) Bəli, BDU-nun jurnalistika fakültəsinin təşəbbüsü ilə professor Cahangir Məmmədli “525-ci qəzet”in 25 illiyi ilə bağlı kitab yazıb. Kitabda həm də xeyli tanınmış adamların, o cümlədən də bizim işçilərin yazıları yer alıb. Hesab edirəm ki, bizim üçün ən yaxşı yubiley hədiyyəsi o kitab olacaq. Orada yazılanlar bizim əməyimizə verilən ən yaxşı qiymətdir.

 

- Bu “525-ci qəzet”in və birbaşa sizin əməyinizə verilən qiymət kimi çox gözəl təşəbbüsdür. Amma bir də 25 ilin oxucuları var ki, sizcə, onlara da bir hədiyyə etmək lazım deyilmi? Məsələn, o xəyalınızdakı 100 səhifəlik, alınmazsa, 50 səhifəlik qəzeti çıxarmaq. 25 il ərzində sevə-sevə oxuduğumuz 525 məzunlarının iştirakı ilə hazırlanan xüsusi buraxılış...

 

- Maraqlı ideyadır! İndiyə çatdırmasaq da, gələn yubileydə bir xüsusi buraxılış hazırlaya bilərik.

 

- Niyə çatdırmırsınız? 25 ildir gündəlik qəzet çıxarırsınız, hələ yubileyə bir neçə gün var...

 

- Axı burada söhbət keçmiş 525-çilərdən gedir... (Fikrə gedir, çayından bir qurtum alıb, çiynini çəkir) İnanmıram! Bələdəm axı çoxuna! (Gülür) Jurnalistikadan uzaqlaşandan sonra hamısı tənbəlləşir. Amma biz onları həmişə ehtiramla xatırlayırıq. İndi deyirsiniz çatdırarıq, düşünürəm, ola bilsin ki, “525-ci qəzet”in köklü redaktor heyəti var, onunla bağlıdır. Redaksiyada iş o qədər qaydasında, axarıyla gedir ki, fikirləşirəm, ümumiyyətlə biz heç birimiz işə gəlməsək də “525-ci qəzet” çıxacaq. (Gülür)

 

- Qəzeti gizli bir əl çıxardır?

 

- (Gülür) Yəni 25 il ərzində sərasər gündəlik qəzet çıxartmaq o qədər təbii bir prosesə çevrilib ki, sanki orada ilahi bir qüvvə işləyir və qəzeti çıxardır!

 

- O zaman bir az da ilahi qüvvələrdən – redaktorlardan danışaq? O imzaların formalaşmasında xidməti olan, 25 illik ənənələri yaradan və qoruyan bir redaktor heyətiniz var və bildiyim qədərincə onlar heç dəyişməyib...

 

- Dəyişməyib! Yusif Rzayevin xarakteri bir az sərtdir. Ona görə də işçilərin bir çoxu təzə gələndə Yusifi sevmirlər. Zamanla Yusifin dediklərinin məhz o jurnalistin formalaşması üçün olduğunu dərk edir, sonra isə ona ehtiramlarını həmişə bildirirlər. İndi Tərcümə Mərkəzində işləyən Yaşar Əliyev uzun müddət redaktorumuz olub və onun da öz üstün keyfiyyətləri var idi. Seyfəddin Hüseynli də bir başqa planda yaxşıdır. Yəni, bunların hərəsinin öz rolu olub. Məsələn, redaksiyaya yazı gələndə mən bir anın içində onu hansı redaktorun oxumasına qərar verirdim... İndi Aydın Bağırov da redaktor heyətindədir. Gələndə cavan uşaq idi, indi haqqında əfsanələr yazılır ki, “525-ci qəzet”də ən surətlə inkişaf edən jurnalistlərdən biri olub...

 

- Və həmişə sizi “həyatımı dəyişən insan” adlandırır...

 

- Eləsi var deyir, eləsi də var mən də unuduram, o da. Hər halda, bivəfalar çoxdursa da, unutmayanlar də var! İndi Kamran Həsənlini, Qalib Bayramovu, Rövşən Əhədoğlunu, Könül Xəlilovanı, İlhamə Qasımlını yadıma salmaq istəyirəm...

 

- Fərz edək ki, 525 məzunlarından üçünü geri qaytarmaq mümkündür, kimləri seçərdiniz?

 

- Çox istəyərdim Seyfəddin də, Yusif də hərdən yazsınlar ki, yeni nəsil jurnalistlər Azərbaycan dilində necə yazmaqdan ibrət götürsünlər. Məzunlara gəlincə isə istəyərəm Kamran, Qalib və İlhamə yenə yazsınlar. Amma keçmişlə yaşayan insan olmadığımdan o arzumu yeni gənclərlə doldururam. AYB-dəki işim də ən istedadlı yazarları “525-ci qəzet”ə cəlb etməyə imkan verir. Axı bizdə jurnalistlərlə yazarların 70-80 faizi eyni adamlardılar...

 

- Məlumatınız varmı, sizdən öncə qeydiyyatdan keçən 524 KİV qurumundan neçəsi bu 25 illik yolu gəlib çıxa biliblər?

 

- Çoxunu zaman ələdi. 25 ildə unudulmayan məqamlar var. Məsələn, gücüm çatmayanda qəzetin “podşivka”larını qabağıma qoyub səhərəcən düşünmüşəm ki, bu qəzeti saxlamaq lazımdır. Asan deyildi, o qədər dostlarımız bu yükün altından qaçdılar ki... Səbir, dözüm, atdığın addımlara inam lazımdır və zaman da göstərdi ki, mən “525-ci qəzet”i qoruyub saxlamaqla düz eləmişəm. Məsələn, 90-cı illərdə çıxan qəzetlər, hətta “Azadlıq” qəzeti elan vermişdi ki, “Qəzet şeir qəbul etmir!” O vaxtlar isə ədəbi jurnallar fəaliyyətini dayandırmışdı, yazıçıların tribunası yox idi. Siyasət ədəbiyyatı ikinci plana ataraq, önə keçmişdi. Onda, 96-97-ci illərdə başladım ədəbi materiallar çap etməyə. Ramiz Rövşən dedi, sən qəzeti batıracaqsan! İndi ədəbiyyata maraq yoxdur və bu ədəbi materiallar qəzetin populyarlığını aşağı salacaq. Amma zaman göstərdi ki, əksinə, “525-ci qəzet” məhz o xətti tutmaqla ziyalıların, mədəniyyət və ədəbiyyat adamlarının qəzetinə çevrildi.

 

- Siyasət bu günə, ədəbiyyat isə sabaha işləyir...

 

- Məncə də! Görünür, məhz bunun rolu oldu ki, “525-ci qəzet”i ziyalının qəzetinə çevirə bildik. Hərdən elə adamlar mənə deyir ki, qəzetin şənbə saylarını saxlayıram. Şənbə sayı Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı çox zəngin buraxılış olur. Açığını deyirəm, qəzet çıxanda kənarda olmuşamsa, şənbə nömrəsini alıb oxumaqdan üstün bir zövq bilməmişəm. İndi də hesab edirəm ki, əgər bir insan özünü Azərbaycanın normal ziyalısı, intellektualı hesab edirsə, mütləq “525-ci qəzet”in şənbə buraxılışını oxumalıdır.

 

- Qəşəng iddiadır, xoşuma gəldi.

 

- Hesab edirəm ki, bir ziyalı ölkədə gedən ictimai-siyasi-ədəbi-bədii proseslərə bələd olmaq üçün qəzet oxumalıdır.

 

- Rəşad müəllim, evdə də “525-ci qəzet”i oxuyurlar?

 

- Əlbəttə!

 

- Qəzetlər həm də məişətdə istifadə olunur, ona görə soruşuram. Sizin evdə də belədir?

 

- (Gülür) Bu bütün qəzetlərin taleyinə yazılıb. Birdən zəng edib satılmayan qəzetləri istəyirlər. Soruşanda deyirlər “pomidor yeşiklərinə vuracağıq”. Bir qəzetçi kimi adamda təəssüf doğurur...

 

Deməli, bir dəfə “Çeşmə” qəzetində “Lənkəran şorsatanlarının redaktor Şəkər Aslana məktubu” başlıqlı yazı dərc edilmişdi. Yazırdılar ki, Şəkər müəllim, sizin buraxdığınız qəzet bizə o qədər bizə lazımdır, o qədər vacibdir, o qədər gözəldir ki! Gündəlik işimizdə bizimlə bir yerdədir. Amma sizdən bir xahişimiz var. Olarmı siz bu qəzetin iç səhifələrini ağ buraxasınız? Çünki biz bunu şora bükürük, içindəki şriftlərin rəngi şorun üzünə çıxır, müştərilər narazı qalırlar. Yəni ki, hər bir qəzetin taleyinə şora bükülmək yazılır, amma axı qorunub, saxlanılan sayları da var. “525-ci qəzet”in də zəif sayları olub, amma “şənbə nömrəsini o qədər dəyərli və vacib hesab edirəm ki, bu qəzetləri saxlayıram” deyən çox adam var. Keçən dəfə bir müəllifimiz dedi ki, şənbə buraxılışında dərc olunmağı arzulayıram, çünki mənim oxucularım şənbə günü o qəzeti alıb, divanda uzanıb, onu ləzzətlə oxuyan təqaüdçülərdir. İndiki dövrdə bunu edə biliriksə, bu elə böyük uğur və xoşbəxtlikdir.

 

- Kağız versiyasını saxlamaqda iddialısınız?

 

- Nə qədər ki, şənbə günləri mənəvi dinclik axtaranda “525-ci qəzet”i alıb, eynəyini taxıb, divana uzanıb, onu oxuyub zövq alan insanlar yaşayır, “525-ci qəzet”in kağız versiyası da olacaq!

 

- Rəşad müəllim, həyatınızda uğur və xoşbəxtlikdən başqa nə var?

 

- Ən ağrılı məqam yaddaşımın zədəli olmasıdır... Bu, səndə də belədir... Bir dəfə Paşa Qəlbinur alsheymer xəstəliyi haqqında yazmışdı. Deməli, bu xəstəliyə əsasən az mütaliə edən və real məkan yaddaşı zədələnən insanlar düçar olur. İnsan yaşlananda uşaqlığı keçən yerləri ziyarət etməsi onun yaddaşını oyaq saxlayır. Bizimsə səninlə o imkanımız yoxdur... Mən Laçında, nənəmgilin kəndində doğulmuşam. May ayında Naxçıvana getmişdik, dağın bir hissəsində gördüm bu yer mənə necə müsbət təsir edir – beynim sakitləşir, ruhum dincəlir, otlar könlümü oxşayır. Sonra hesabladım ki, dayandığım yerdən kəndimə olan məsafə hava yolu ilə 30 km.dir. Eyni təbiət mənim yaddaşıma təsir edib... Tibdə də var ki, yaşlananda doğulduğun yerə getmək ən yaxşı müalicədir... Amma əgər sən doğulduğun evi görə bilmirsən, ilk dəfə getdiyin məktəbə gedə bilmirsən, uşaqlığın keçdiyi yerləri gəzə bilmirsənsə yaddaşın zədələnir. Axı uşaqlığın keçən yerlərə gedəndə xoş xatirələr yada düşür və beyin işləyir. Amma o zaman ki, sən o yerlərə gedə bilmirsən, o illəri xatırlamağa qorxursan, o zaman beynin zədələnir, unutqanlıq yaranır və zamanla alsheymer xəstəliyinin əlamətləri yaranır...

 

- ...Xatirələr qorxudur?

 

- Keçmişlə bağlı xatirələrdən qaçıram. Keçən dəfə “google earth”la Ağdama getmişdim, evlər dağılıb, hər yan viran qalıb... Mən o illərlə bağlı kadrları görəndə tez üzümü çevirirəm. Çünki yaddaşım zədəlidir və bu, insanı çox indidir...

 

- İkimiz də risk qrupundayıq?

 

- Görüntüdə ikimiz də çox xoşbəxtik... İçəridə isə əzab var. Keçmişlə bağlı yadına nə isə düşəndə özün də istəmədən o xatirənin üstünü sementləməyə başlayırsan...

 

Eynən bir az öncə qəfil yadıma düşən xatirələri günah kimi ört-basdır eləməyə çalışdığımı xatırladım... Tək deyilmişəm, deməli məmləkətdə xatirələrindən qaçan bir milyon insan var...

 

Bir müddət əvvəl həkimlər Azərbaycanda yaşlılar arasında alsheymer xəstəliyinin surətlə artdığını demişdilər. Onların yaşlı dedikləri insanlar 25 il əvvəl hələ heç 40 yaşlarını tamamlamamışdılar. O yaşda isə insan “harda günüm xoş keçir, Vətən oradır” fəlsəfəsi ilə yaşayır. Yaş artdıqca isə özünə qayıtmaq istəyirsən...

 

...Və kiçik bir otaqda böyük bir komanda kimliyini unutmaq istəməyən insanlar üçün hər gün “525-ci qəzet”i çap edirlər...

 

Lent.az kollektivi adından hər sayında bizə kimliyimizi qürurla xatırladan doğma, milli qəzetimizin 25 illik yubileyini təbrik edirik!

# 409
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar