Qarabağda qan qoxusu - AKTUAL ŞƏRH
06 noyabr 2017 14:12 (UTC +04:00)

Qarabağda qan qoxusu - AKTUAL ŞƏRH

 

 

Lavrov planı yenidən gündəmə gəlir. Görünən budur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dominant rol oynamaq imkanlarını əldən vermək istəmir.



Əlbəttə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində əsas fiqur olması və həll prosesində mühümlüyü heç kimdə şübhə doğurmur. Amma Rusiyanın, ABŞ-ın və Avropanın münaqişənin mövcud durumu ilə bağlı mövqelərində müxtəlif yanaşmaların konturları görünməkdədir. Yanaşmaların təzahürləri ilə bağlı bundan əvvəlki yazılarda bəhs etmişdim. (http://news.lent.az/news/283738)



Amma təzahür edən müxtəliflik heç də münaqişəyə və münaqişə tərəflərinə münasibətin dəyişməsi ilə bağlı deyil. Bu gün ABŞ və Rusiya arasında münasibətlərin soyuqlaşması Dağlıq Qarabağ münaqişəsinə də münasibətdə özünü göstərir. Bəllidir ki, dünyanın ən qaynar nöqtələri hesab olunan Suriya və Ukraynada bu iki güc mərkəzinin maraqları toqquşur. Bu amil münaqişələri bir az da qızışdırır. Yəni əslində dünyanın qaynar nöqtələrində dünyanın güc mərkəzlərinin maraqları toqquşur. Bu günə qədər Dağlıq Qarabağda maraqlar toqquşmayıb, üst-üstə düşüb. İndi isə situasiya dəyişir.



Lavrov planından sonra Minsk Qrupunda ABŞ-ı təmsil etmiş Hoqlandın səsləndirdiyi fikirlər situasiyanın dəyişdiyinin təzahürü idi. ABŞ və Avropa yarana biləcək ekstremal situasiyalardan sığortalanmaq üçün Prezidentlərin görüşünə nail oldu. Hesab etmək olardı ki, Qərb Rusiyanın maraqlarına, müvəqqəti də olsa, veto qoya bildi.



Amma son günlər baş verənlər bir daha sübut edir ki, Rusiya israrlıdır. Və öz dominantlığını daha aqressiv şəkildə ortaya qoymaq niyyətindədir.



Bu günə qədər Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tam yeni hesab oluna biləcək fikirlər səsləndirdi: “Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. Təbii ki, bu, sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək".

 


Sitatın sonunda “Qərbdəki bəzi qüvvələrin narahat olacağının” vurğulanması məsələnin mahiyyətini tam açır. Son vaxtlar ABŞ-la münasibətlərində soyuqluq yaranan Türkiyənin prezidenti kimi Ərdoğanın bu məqamı vurğulaması Rusiyanın dominantlığının Qərbin maraqlarını açıq-aşkar tapdalayacağı anlamına gələ bilər. Bu isə çox təhlükəlidir.



Rusiya regionda öz maraqlarını təmin etmək və Qərbə qarşı barmaq silkələmək üçün aqressiv siyasət yürütməyə başlasa, Dağlıq Qarabağda situasiyanın gərginləşməsi müşahidə oluna bilər. Bu, çox təhlükəlidir. Təbii ki, atılacaq addımların özəyini 5 rayon əvəzində Rusiyanın irəli sürdüyü 3 şərtin təmin edilməsi təşkil edəcək. Avrasiya İttifaqına qoşulmaq, KTMT-yə üzv olmaq və rus sülhməramlılarının Qarabağa girməsinə razılıq vermək.

 


Nəzərə alaq ki, bölgədə kifayət qədər silah-sursat yığılıb və bu silah-sursatın əsas hissəsi rus silahıdır. Rusiya bu amildən yararlanıb Qərbi təhdid də edə və maraqlarını reallaşdırmağa girişə bilər. Bütün hallarda Dağlıq Qarabağda qan qoxusu gəlir...

 

# 229
avatar

Asəf Quliyev

Oxşar yazılar