Tehranda Azərbaycana həsr olunmuş fotosərgi açıldı
26 oktyabr 2017 22:31 (UTC +04:00)

Tehranda Azərbaycana həsr olunmuş fotosərgi açıldı

Bu gün Tehranda Azərbaycanın İrandakı səfirliyinin və İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun birgə təşəbbüsü ilə “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda foto sərgisinin açılışı olub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, tədbirdə İranda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin səfirləri, ziyalılar, dövlət və hökumət təmsilçiləri iştirak ediblər.

 

Açılış mərasimində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxış edərək bildirib ki, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində önəmli yer tutur: “Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilib. Bu il ərzində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman tədbirində 54 İslam ölkəsindən 3 mindən çox idmançı iştirak edib. İslam həmrəyliyinə çağırış təşəbbüsü Azərbaycan prezidentinin İslam dininə və həmrəyliyə verdiyi diqqətin bariz nümunəsidir”.

 

Səfiri deyib ki, bu sərgi  Azərbaycanın region və İƏT-ə üzv ölkələrlə mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlı olmasının göstəricisidir.

 

Bünyad Hüseynov bildirib ki, bu gün İslam aləminin həmrəyliyi zərurətə çevrilib: “Azərbaycan prezidentinin həmrəylik çağırışı İslam dünyasında maraqla və razılıqla qarşılanıb. Dünyada baş verən siyasi proseslər onu deməyə əsas verir ki, müsəlman ölkələrinin həmrəyliyi bəzi terrorçu qruplaşmaların İslam adından çıxış etməsinin qarşısını ala bilər. Azərbaycan bu işdə öz sözünü deyib və bütün dünyaya göstərib ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq, humanizm, insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir”.

 

B.Hüseynov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin turizm potensialı haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti Məhəmməd Mehdi Məzahiri Azərbaycanın qədim və zəngin tarixə malik olduğunu bildirib: “Bu gün təşkil olunan sərgi  dost və qardaş olan Azərbaycan Respublikasının  tarixi, incəsənəti, mədəniyyəti və inkişafının nümayişidir. Sərgi ilə tanış olanlar İƏT-ə üzv ölkələrin  mədəniyyətlərinin oxşarlığının şahidi olacaq.”

 

M.Mehdi Məzahiri Azərbaycanın yaxın gələcəkdə İƏT-ə rəsmən üzv olacağına ümidvar olduğunu bildirib: “Azərbaycanın İƏT-ə rəsmən üzv olması  region ölkələri arasında  əməkdaşlığ və mədəniyyət diplomatiyasının inkişafına təkan verəcək.”

 

Sonra qonaqlar fotosərgi ilə tanış olublar. Fotosərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Fotosərgidə Azərbaycanın dini-mədəniyyət abidələri, Bakıda və rayonlardakı məscidləri, eləcə də ölkəmizin görməli yerlərini əks etdirən fotolar nümayiş olunur.

# 350
avatar

Oxşar yazılar