<span style="color:red;">Böyük plan pozulacaqmı?  - Səbuhi Məmmədli türk ordusunun Suriyadakı yürüşündən yazır -<span style="color:red;"> FOTOLAR
16 oktyabr 2017 17:37 (UTC +04:00)

Böyük plan pozulacaqmı? - Səbuhi Məmmədli türk ordusunun Suriyadakı yürüşündən yazır - FOTOLAR

 

Suriya ilə sərhədin, necə deyərlər, sıfır nöqtəsindəyik. Jurnalistləri daha irəli buraxmırlar. Tikanlı məftillərin bir addımlığında media üçün xüsusi qərargah yaradılıb. Qərargah sürətli internetlə də təmin olunub. Türk əsgərinin Suriyaya, daha doğrusu, İdlibə hərəkətindən isə rəsmi məlumatlardan xəbər tuturuq. Hə, bir də köhnə mənbələrdən.

 

- O tərəfdə - əli ilə Suriyanı göstərir - kəndlərdə hələ də qalanlar var, onlarla telefonla əlaqə yaradırıq. Hə, bir də bu qaçıb gələn suriyalılarla.

 

Bunu Lent.az-ın bölgəyə ezam edilmiş əməkdaşı Səbuhi Məmmədliyə Türkiyənin “Sabah” qəzetinin müxbiri Uğur İldırım deyir. Və ardınca da dəhşətli bir rəqəm açıqlayır.

 

 - Heç bilirsən, İdlibdə nə qədər adam var indi? 3 milyon yarımdan çox. Sanki əsirdilər, girovdurlar. PKK-nın Suriya qolu Afrinə nəzarət edir, “Əl-Nüsra”nın, necə deyərlər, varisi “Heyət Təhrir əş-Şam” da İdlibdədir. Türk əsgəri də bunların ikisinin arasında. Allah məhmətciyi qorusun.

 

Hə, sözün həqiqi mənasında Türkiyə əsgəri indi qaynar qazana girib sanki. Düzdür, Suriya ərazinə 20 km-dək irəliləyib, mövqelərini möhkəmləndirib. Amma bundan sonrasını mənimlə birgə bayaq adını çəkdiyim media qərargahında olan türk jurnalistlərin özləri də bilmirlər. Halbuki illərin təcrübəli savaş müxbirləridir.

 

 - Bu dəqiqə İdlib “Heyət Təhrir Əş-Şam”ın əlindədir. Bu qurumun tərkibində ən azı 15 min peşəkar döyüşçü cəmləşib. Aralarında dünyanın hər yerindən gəlmişlər var. Avropadan, Əfqanıstandan, Afrikadan, Rusiyadan, bəlkə də elə sizin Azərbaycandan. Bu qüvvəylə baş-başa döyüşə girmək ağılsızlıq olar. Heç kim bu riskə getməz.  Bu, böyük itkilər deməkdir. Danışıqlar? Kimlə danışacaqsan, nə vəd edəsən, lap danışdın, o qədər terrorçunun gələcəyi necə olacaq? Hara sızacaqlar? Çox ağır vəziyyət yaranıb bölgədə. 

 

Bunu isə Türkiyənin NTV telekanalının əməkdaşı Melih Ak deyir.

 

Bölgədə vəziyyət isə həddən artıq qəliz və proqnozlaşdırılmayandır. Hələb Əsəd rejiminin əlinə keçəndən sonra İdlib irili-xırdalı əksər terrorçu qruplaşmaların bazasına çevrilib. Bura onların sonuncu qalasıdır.  “Əl Qaidə”nin Suriya qolu olan “Əl Nüsra” özünü buraxıb. Amma əvvəlki gücündə  olmadığını dərk edəndən sonra bu ilin yanvarında bir sıra kiçik qruplarla birləşərək yeni terrorçu alyansın yaranmasına səbəb olub. Hə, Suriyada yeni bir terrorçu qruplaşma meydan oxumağa başlayıb: “Heyəti Təhrir əş-Şam”. Ona isə Haşim əş-Şeyx, Əbu Cabir rəhbərlik etməyə başlayıb. Daha doğrusu, ona biət ediblər. 50 yaşı tamam olmayan Əbu Cabir əslən Hələbdəndir. “Əl Qaidə” sıralarında İraqda döyüşüb. Həbs də edilib sonradan. Amma 2011-ci ildə Bəşər Əsəd tərəfindən əfv olunub. İndi isə onun başının bəlasıdır.

 

Əbu Cabir qısa müddət ərzində  “Nur ad-Din az-Zəngi”,  “Ənsəri əd-din Cəbhəsi” , Ceyşh ən sünnə” kimi terror qruplarını da öz ətrafına birləşdirməyə nail olub. 2015-ci ilin avqustundan isə İdlib şəhərinə tam nəzarət edir.

 

Hazırda onu döyüşçülərinin sayı təkcə İdlib şəhərində 15 mindən çoxdur. Amma bu, türk əsgərinin girdiyi İdlib vilayətindəki terrorçu qruplaşmalarının tam sayı deyil. Bu bölgədə, necə deyərlər, it yiyəsini tanımır. Təsəvvür edin, “Heyət Təhrir əş-Şam” və onun müttəfiqlərindən başqa, bu vilayətdə “Koəfilü əş Şəhada” (Şəhidlər Karvanı), “Ənsərü Haq” , “Xan Şeyhun”, “Vilaəti İdlib”, “Kataib at-Tödfid”, “Maarrat an-Nuaman”, “Vilayət-i İdlib, kataib aş-Şəhi”, “Salahud-din Abul-Fidaa”  kimi qruplaşmalar da döyüşür. Kiminlə? Əslində, hamı bir-biriylə və Əsədlə. Ya da Rusiya hərbi kontingentiylə. İndi də Türkiyə ordusu bölgəyə girib...

 

Bu arada Afrini tam nəzarətdə saxlayan PKK-nın Suriya qolu olan PYD-ni də unutmayaq. Hələb vilayətinin Afrin şəhərində indi onminlərlə insan PYD-nin əsirinə çevrilib. Şəhəri tərk etmək ölümə bərabərdir. Bundan əlavə, PYD çox güclü silah arsenalına malikdir. Sıralarında 10 minə qədər döyüşçü var.

Kürd terrorçuların əsas məqsədi Aralıq dənizinə çıxmaqdır. Elə türk əsgərlərinin əsas məqsədi də bu planı pozmaqdır.

 

***

 

-  Türkiyədə bilirsənmi, nə qədər Suriyalı qaçqın var? 3 milyon yarımı keçib. Bunların ən azı 500 mini cavan uşaqlardır. Əli silah tutanlardır. Amma hamısı qaçıb bura gəlir. Bunların kəndini, torpağını isə məhmətcik qoruyur. Belə olarmı heç?! Heç biri geri qayıtmaq istəmir. Heç fikirləri də yoxdur.

Bunu isə bizə taksi sürücüsü Özgür deyir. Deyir, bir tərəfdən Türkiyə dünyaya insanlıq nümayiş etdirir, bunlara sığınacaq verir. Amma bunlar da dinc dayanmır axı? Mən Reyhanlıda yaşayıram. Bunlar gələnədək qəsəbəmizin əhalisinin sayı 90 minə yaxın idi. İndi 200 mini keçib. İşləmirlər, dövlətimiz bunlara yardım edir, dərmanları belə havayıdır. Bütün günü küçələrdədilər. Veyil-veyil gəzirlər. Artıq Reyhanlıda ağalıq etməyə başlayıblar. Necə də olmasa, bizdən iki dəfə çoxdurlar. İnandırım qorxuruq, Reyhanlıda neçə dəfə bıçaqlanma olub. Əvvəllər gecədən səhərə kimi insanlar restoranlarda əylənərdi. İndi hava qaralan kimi qaçıb evimizə giririk.

 

***

 

...Suriyalı qaçqınlar isə bir ucdan gəlir…

 

- Bir oğlumu İŞİD əlimdən alıb apardı, bu uşağı zorla xilas etmişəm;

 

- Ora cəhənnəmdir, ora qayıtmayacağıq…

 

-  Yüzminlərlə insan, Türkiyəni, türk əsgərini gözləyir;

 

- İŞİD evimizə girib qızlarımızı aparırdı…

 

- Bizdən hər cürə istifadə etdilər, hələ də istifadə edirlər…

 

Suriyalı qaçqınların qan donduran hekayətlərini Səbubi Məmmədli bölgədən yazmağa davam edir. Lent.az-da qalın...

 

Qeyd: Əməkdaşımız Səbuhi Məmmədlinin Suriyaya sərhədinə səfərinin təşkil edilməsindəki köməklərinə görə "Veysəloğlu" şirkətinə təşəkkür edirik.

 

# 271
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar