Diplomatik missiyalarımız  və  “aferistlər”
05 oktyabr 2017 21:47 (UTC +04:00)

Diplomatik missiyalarımız  və  “aferistlər”

Görünür, sosialist Rusiyası  ilə  əməkdaşlıqdan olacaq ki, 1920-ci illərin əvvəlində Ankaradakı ən populyar kəlmələrdən biri “aferist” imiş.Siyasət dünyasının sərt və praqmatik olduğu qədər zarafatcıl şəxsiyyəti  olan İsmət paşa ( İnönü)   “aferist” sözünü öz leksikonunda ən çox tutan siyasətçiymiş.

 

Albert Camusun “dövlət” məfhumundan nifrət etməsinin altında hansı səbəblər yatırsa-yatsın, hələ ki, insan toplumlarını idarə edən qurumun adı “dövlət” olaraq qalmaqdadır. Şumer yazılarından Orxun abidələrinə, oradan Fərabi  və İbn Xalduna, XVIII əsr Avropa filosoflarına, oradan da bu günümüzə qədər gələn  müzakirələrin əsas predmeti “Necə bir  dövlət?” şəklində qalmağa davam edirsə, dövlətin öz vətəndaşına daha çox yaxınlaşması prinsipi də dəyişməz tələb olaraq tədavüldəki yerini qoruyur. Türk siyasətinin rəngli simalarından olan Nəcməttin Ərbakan müxalifətdə olanda “Biz  “nadzor” dövlət yox, ofisiant dövlət olacağıq ”- şüarıyla  lideri olduğunu partiyanın reytinqini yüksəldərək iqtidara gətirə bilmişdi. Son iki əsrin təcrübələrinə baxanda dövləti təkcə Albert Camusdan yox, milyonlarla  vətəndaşdan soyudan, uzaq salan önəmli faktorlardan birinin də  dövləti içəridən və qıraqdan gəmirməyə çalışan “aferistlər” olduğu görünür. Dövləti təşkil edən üç əsas qurumun  (qanunvericilik, icra və məhkəmə)  icra qolunun içində paradiqmatik şəkildə müəyyənləşdirilən xarici siyasətin qüsursuz icrası böyük əhəmiyyət  kəsb edir. Zira bir ölkənin xaricdəki diplomatik və konsulluq missiyaları o ölkə vətəndaşlarının dövlətə yeganə olan yeganə ümid və etimad qapısıdır. Başqa sözlə desək, bir dövlətin xaricdəki vətəndaşlarının ölüsünün də dirisinin də  yiyəsi  diplomatik və konsulluq missiyalarıdır.

 

Müstəqillik dövründə Azərbaycanın xaricdəki diplomatik və konsulluq missiyalarının fəaliyyətlərinin böyük ölçüdə yerli-yerinə oturduğunu, diplomatik fəaliyyətlərin və konsulluq xidmətlərinin Vyana konvensiyalarına və beynəlxalq hüquq normalarına uyğun şəkildə yerinə yetirildiyini deyə bilərik. Statistik rəqəmlər Azərbaycan Respublikası vətəndaşlarına konsulluq xidməti verilməsi sahəsində ən çox sıxlığın Rusiya Federasiyası, Ukrayna və Türkiyə Cümhuriyyətində yaşandığını göstərir. O sıxlıq içində diplomatik missiyaların konsulluq xidmətləri və ya baş konsulluqlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəldikləri halda, ölkəmizin vətəndaşlarının  sadəlövhlüyündən istifadə edərək onların “kürəyindən” pul çırpışdırmağa (qazanmağa yox, məhz çırpışdırmağa)  çalışan və müəyyən dərəcədə buna müvəffəq olan “aferistlər”  suyu bulandırırlar. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan vətəndaşlarının sadəlövhlüyü,  asan “iş həll etmə yolu axtarması” vərdişinin heç cür tərgidilməməsi və s.  naqisliklərdən ustalıqla istifadə edən “aferistlər”  xaricdəki vətəndaşların  səfirliklərin konsulluq bölmələrinə və ya baş konsulluqlara  normal qaydada müraciət edərək həll edə biləcəkləri işləri   onların böyük müşkülünə çevirirlər. Misal vermək lazımdırsa, uzun  müddətdən bəri İstanbuldakı bir qrup “aferist”in  oradakı Azərbaycan Baş Konsulluğunun vətəndaşlara göstərdiyi  qüsursuz xidmətlərə “vasitəçilik” edərək vətəndaşlarımızın “kürəyindən” pul çıxarma cəhdlərini göstərməliyik. İllərdən bəri Mesxeti Türkü olmayan bir çox vətəndaşımıza  dərnəklər vasitəsiylə “Axısxa Türkü”  sənədi verərək bu işlərdə əlbir olduqları bir neçə Türk polisinin həbsinə də səbəb olan “aferistlər” müəyyən müddətdən bəri  İstanbuldakı baş konsulluğumuz tərəfindən hazırlanaraq  valiliyin son təsdiqinə göndərdiyi sənədlərin  tərcüməsi  uğrunda  ölüm-dirim savaşına giriblər. Bu vəziyyəti araşdırtdıraraq mənzərəni aydın şəkildə görən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, akkreditasiyadan keçmiş azərbaycanlı jurnalistləri  bu ilin aprelində baş konsulluğa dəvət edərək, vətəndaşlarımızdan əlavə pul alıb  onların sənədlərini konsulluqda təsdiq etdirməyə çalışan “aferistlər”ə qarşı güzəştsiz şəkildə mübarizə aparacağını, məsələylə bağlı İstanbul valisi və baş təhlükəsizlik idarəsinin rəisiylə də lazımi müzakirələri aparacağını vurğulamışdı. Məsim Hacıyev  vətəndaşlarımızın sənədlərini normal yollardan təsdiq etdikləri halda bu işə vasitəçilik etməklə  haqsız  pul qoparmağa  çalışanlara qarşı mübarizədə biz media mənsublarından da dəstək istəmişdi. Burada bir şeyi diqqətə çatdırmaq lazımdır:    vətəndaşlarımızın  sənədlərinin tərcüməsi  və notarius təsdiqi üçün Baş Konsulluq  hər hansı məhdudiyyət qoymayıb, Baş Konsulluğun xidmət ərazisinə daxil olan İstanbuldan başqa İzmirdən Bursaya, Antalyadan Ədirnəyə qədər vətəndaşlar istədikləri tərcümə  şirkətində sənədlərini tərcümə etdirib o şirkətlərin əməkdaşlıq etdikləri notarial kontorlarında təsdiq etdirəndən sonra Baş Konsulluğa təsdiqə aparırlar. Hazırda Baş konsulluğun məhdudiyyət qoyaraq   gətirdikləri sənədləri   təsdiqə almadığı 4 şirkət vardır ki,  o şirkətlər Azərbaycan Respublikası vətəndaşlarıyla Baş Konsulluq arasında  vasitəçi rolunu oynamağa çalışırlar. Baş Konsulluğun araya qalın səd çəkərək reallaşmasına imkan vermədiyi  bu plan, əlbəttə ki, “aferistlər”in vətəndaşlarımızı haqsız yerə  soyğuna məruz qoymamalarının qarşısını birmənalı şəkildə almaqdadır. Baş Konsulluğun dövlət və seçkili orqanlarla yaratdığı  yaxın əlaqələrin  orada təsdiq edilərək valiliklərə və vilayətlərin rayon icra şöbələrinə  son təsdiqə (apostil təsdiq) göndərilən  sənədlərin  heç yubadılmadan təsdiqlənməsində də önəmli dərəcədə rolu vardır.  Hazırda Baş Konsulluğun  öz vətəndaşlarına (eyni zamanda, əcnəbi vətəndaşlara) göstərdiyi xidmət  İstanbul (və Baş Konsulluğun xidmət ərazisinə daxil olan digər valiliklər) tərəfindən sürətlə təsdiqlənərək  sənəd sahiblərinə qaytarılır. Baş Konsulluq missiyasının rəhbəri  Məsim Hacıyev isə  məqsədinin bu işlərin içinə “aferist” əlinin girməməsi, yəni, vətəndaşlarımızın vasitəçilərə bir quruş da   vermədən Azərbaycan dövlətinin müəyyənləşdirdiyi rüsumları banka ödəyərək sənədlərini təsdiq etdirmələridir. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu kimi, xaricdəki  digər konsulluq missiyalarımız   da vətəndaşlarımızdan izafi pul qoparmağı özlərinə peşə edən “aferistlərə”  qapılarını tamamilə qapatmalıdırlar. Xaricdəki bütün vətəndaşlarımızın istisnasız olaraq tanımaları lazım gələn yeganə qapı-“aferist” qapısı yox, dövlət qapısı olmalıdır. Dövlət bu şəkildə daha güclü olacağı kimi, vətəndaşlar da bu şəkildə özlərinə  daha çox güvən hiss edib dövlətə daha çox sarılacaqlar.

Qeyd: 25 ildən bəri İstanbulda adları bir çox fırıldaqçılıqlara qarışan “aferistlər” barədə  konkret faktlar yazma haqqımız həmişə və hər yerdə öz qüvvəsində qalır.

# 423
avatar

Mais Əlizadə

Oxşar yazılar