“Abbasın çaxırı”, didərgin düşən 500 min insan, 32 il sirr saxlanan faciə -<span style="color:red;"> SƏBUHİ MƏMMƏDLİ YAZIR
29 sentyabr 2017 15:34 (UTC +04:00)

“Abbasın çaxırı”, didərgin düşən 500 min insan, 32 il sirr saxlanan faciə - SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

6 oktyabr, 1957-ci il. Çelyabinsk vilayətində nəşr olunan “Çelyabinski raboçi” qəzetində belə bir xəbər dərc edilir.

 

“Ötən bazar günü axşam şəhərimizin sakinləri möhtəşəm qütb parıltısına şahidlik etmişdilər. Bu cür parıltıya Cənubi Uralda nadir hallarda rast gəlinir. Gah qırmızı, gah da çəhrayı rəngə çalan (bu ifadəni yadda saxlayın - S.M.) parıltı göydə əsrarəngiz vəziyyət yaradıb. Qütb parıltısı nadir təbiət hadisələrindən sayılır. Hələ vaxtıyla Lomonosov belə bu nadir təbiət hadisəsinin sirrini öyrənmək istəyib. Elə indinin özündə də alimlər bu istiqamətdə çalışır, onun sirrini çözməyə çalışırlar”.


***

 

Əslində, burada heç bir sirdən-filandan söhbət gedə bilməzdi. Düz bir həftəydi ki, sovet dövləti ölkəsində baş vermiş dəhşətli bir qəzanı sirr kimi öz vətəndaşlarından saxlayırdı. Elə bir qəzanın ki, onun nəticələrini, törətdiyi fəsadları hələ də aradan qaldırmaq mümkün olmayıb. Və nəhayət, elə bir qəzanı ki SSRİ onun baş verdiyini düz 32 il sonra etiraf etmişdi.

 

***

 

Düz 60 il əvvəl, 1957-ci il, sentyabr ayının 29-da da Çelyabinsk yaxınlığında qəza baş verdi.

 

Nəticədə radioaktiv maddələr atmosferə sızdı. Böyük bir ərazi radiasiyaya məruz qaldı. Xüsusən də Kışıtım, Aqbuqa, Berdanış, Satlık adlı həmin ərazilər. Bu ərazilərdə isə əsasən etnik tatarlar məskunlaşmışdılar. Yeri gəlmişkən, bu faciəni bəzən “Kışıtım faciəsi” də adlandırırlar.

 

Faciə nəticəsində 500 min insan ilk andaca şüalanmaya məruz qaldı. Şüalanmaya məruz qalan onminlərlə insan sonrakı illərdə də ölməkdə davam edirdi. İnsan tələfatı o qədər böyük idi ki, baş verən qəza zamanı ölənlərin dəqiq sayı barədə məlumat bu gün də gizli saxlanılır. Sonralar, 1957-1959-cu illər ərzində qəzanın fəsadlarını aradan qaldırma proseslərində iştirak etmiş 30 min hərbi qulluqçu da şüalanmaya düçar oldu.


***

 

Hadisə “Mayak” kombinatında tutumu 20 milyon küri həcmində radioaktiv tullantı maddələr olan depoda baş vermişdi. Mütəxəssislər bu partlayışı trotil ekvivalenti üzrə 70-100 ton həcmində dəyərləndirirdilər.

 

Hadisənin baş verdiyi ilk günü hərbçiləri və həmin ərazidə yerləşən həbsxanalarda cəza çəkən dustaqları evakuasiya edirlər. Yaxınlıqdakı kəndlərdə yaşayan əhali isə ancaq 2 həftədən sonra başqa ərazilərə köçürülür.

 

Partlayış elə güclü olmuşdu ki, kombinatdan 300 km aralıda yerləşən ərazini belə

şüalanmaya məruz qoymuşdu.

 

100-ə yaxın kənd və qəsəbə birbaşa şüalanmaya məruz qalmış, təxminən 400 kilometrlik radiusda bütün əkin sahələri, mal-qara məhv olmuşdu.

 

Üstündən 60 il keçsə də, həmin torpaqlarda hələ də əkin-biçin aparmaq mümkün deyil.

 

***

 

Hadisə baş verdiyi ərazi əvvəllər Çelyabinsk-40 adlandırılıb. Ora giriş-çıxış ancaq xüsusi icəzə ilə olub. İndi Ozersk şəhəri adlanan həmin əraziyə SSRİ-nin ən yaxşı kimyaçıları və nüvə nəzəriyyəçiləri toplanıbmış. Müxtəlif yöndə tədqiqatlar aparan alimlərə hələ SSRİ dağılandan sonra belə onun varisi Rusiyanı tərk etməyə imkan vermirlərmiş.

 

***

 

...Abbas ilk gündən cəbhəyə yollanmaq üçün ərizə yazır. 2 ay Bakı artilleriya məktəbində təhsil alır, 1941-ci ilin avqustunda isə Krım cəbhəsinə yollanır. 1942-ci ildə yaralanır. Onu tərxis etmək istəsələr də, razılaşmır, hətta yaralı halda yatdığı hospitaldan belə qaçır. Özü də birbaşa cəbhəyə. Müharibənin bitməsinə 3 ay qalmış, Kalininqrad istiqamətində gedən döyüşlərdə ikinci dəfə yaralanır, göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltif olunur.

 

Müharibədən sonra Bakıya dönən Abbas Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.

 

1947-ci ildə o, ali məktəbi bitirəndən sonra təyinatla Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir. Özü də sovet nüvə texnologiyasının atası sayılan İqor Kurçatovun yanına.

 

Abbas dediyimiz bu şəxs azərbaycanlı alim, dünya şöhrətli Abbas Çayxorskidi. Azərbaycanın yetişdirdiyi ən böyük kimyaçılarından biri, Abbas Çayxorski.

 

Abbas Çayxorski sonradan xatırlayacaqdı:

 

“Çelyabinskin yanında qapalı bir şəhərcik idi. Özü də belə adlanırdı: “Çelyabinsk - 40”. İndi adını dəyişib Ozersk qoyublar. Mən ora həyat yoldaşım Jenya ilə birgə yollandım. Həmin vaxt Kurçatov uran reaktoru üzərində işləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçıları ora yollamışdılar. Bizim reaktorlar da uran-qrafit tipində olduqlarından sovet atomçularına olduqca əhəmiyyətli idi ki, bu prosesin hansı şəraitdə yarandığını tapsınlar. Problemin öyrənilməsi ilə sahənin bütün aparıcı mütəxəssisləri məşğul olurdular. İqor Vasilyeviç mənə də bu işə qoşulmağı tapşırdı və həmin vaxt “Çelyabinsk-40”-da laboratoriya müdiri idim. Müxtəlif şəraitlərdə istifadə olunmuş qrafit nümunələri aldıq. Qərara aldıq ki, onları nitrat və xlorid turşusunun qarışığında kimyəvi təsirə məruz qoyaq. Kolbalara yerləşdirdik, üzərinə məhlul tökdük və gündəlik işimizlə məşğul olmağa başladıq. Birdən əməkdaşım qaçaraq dedi: “Abbas Abbasoviç, baxın, qrafitlə nəsə baş verir”. Mən yaxınlaşıram və görürəm ki, bir neçə nümunə məhlulda şəklini dəyişib, qırmızı-qəhvəyi – bu ifadə yadınızdarmı? - rəng alıb, sanki həqiqi çaxır kimi. Sonrakı tədqiqatlar göstərdi ki, mövcud olan belə tip istismar rejimli reaktorlarda qrafit daima şüaların təsirinə məruz qalaraq müəyyən müddətdən sonra kritik həddə çatır. Həmin həddə çatmamış o mütləq dəyişdirilməlidir”.

 

Abbas nəticələr barədə Kurçatova məruzə edir. O isə geniş iclas çağırır. Həmin iclasda onun aldığı nümunələr müzakirə edilir və onları sonradan öz aralarında “Çayxorski çaxırı” adlandırırlar...

 

***

 

Hə, beləcə, SSRİ-nin başına oyun açan, onminlərlə insanı didərgin salan da məhz bu “çaxır” olub. O “çaxır”ın ki, on illərdir hələ də fəsadlarını aradan qaldırmaq mümkün deyil…

 

# 426
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar