“Kedicik”lərin yuvasında bir gün – <span style="color:red;">Səbuhi Məmmədli Harun Yəhya ilə görüşdü
18 sentyabr 2017 16:47 (UTC +04:00)

“Kedicik”lərin yuvasında bir gün – Səbuhi Məmmədli Harun Yəhya ilə görüşdü

Dəbdəbəli bir villadır, İstanbulun Asiya hissəsində. Hava limanında bizi qarşılayan Uğur bəy deyir ki, əslində bura onun İstanbuldakı bir neçə məkanından biridir.

 

İçəridə xudmani hovuz var. Suyu da dumduru. Evin sahibi bizi 15.30-da qəbul edəcəkdi, amma biz bir qədər tez gəlmişdik deyə, həyət-bacanı da gəzməyə vaxt tapdıq. Çoxlu kiçik heykəllər, müxtəlif heyvan fiqurlarıyla doludur həyət. Həm də əsl heyvanlarla. Əsas da pişiklər. Necə deyərlər, kedilər.

 

- Xocanız deyəsən kediləri çox sevir, - deyirik.

 

Uğur bəy nəyə işarə vurduğumuzu başa düşür, təbii. Təxminən 7-8 pişikdir. İri qəfəsdə yerləşiblər. Qəfəsin dəmir çərçivələrinə tullanıb miyoldayırlar. Yan tərəfdə isə indiyədək görmədiyim toyuq növləri. Kəkilli, bərli-bəzəkli, sanki gözəllik salonundan çıxıblar. Pişiklərin əlacı olsa, atarlar özlərini bu model toyuqların yanına.

 

Bağın içində xudmani bir “besedka” da var. İçində rahat divanı və kresloları olan. Kamera və ştativlər də quraşdırılıb. Kiçik çəkiliş studiyasını xatırladır. Buradan İstanbulun Asiya hissəsi də ovuc içindəki kimi görünür.

 

- Burada hərdən çəklişlər olur. Hava yaxşı olanda. İndi də hava yaxşıdır, amma xocam sizi içəridə qəbul edəcək.

 

Elə təzə əyləşmişdik ki, içəridən zəng gəlir.

 

- Xocamız gözləyir, deyir.

 

***

 

Başda, taxtda oturub. Ayağa qalxıb, bəndənizi qarşılayır. Elə içəriyə yığışan müridləri də ayaq üstədirlər.

 

Hə, həmin studiyadır, həmin məkandır, TV9-da gördüyünüz. Amma bu dəfə studiyada məşhur “kediciklər” deyil. Onlar axşam gələcəklər verilişə. Özünün dediyi kimi rəfiqələri.

 

Bunlar onun müridləridir. Daha doğrusu, şoxsaylı müridlərindən bir neçəsi. Xocalarının Bakıdan gələn jurnalistlə müsahibəsinə şahidlik edəcəklər. Əsl adı Adnan Oktar olan, amma çox adamın Harun Yəhya kimi tanıdığı şəxsin.

 

Biz onunla çox səmimi söhbət edəcəyik. Siyasətdən, beynəlxalş vəziyyətdən tutmuş, elə ətrafına yığdığı o məşhur kediciklərədək. Hələ ki, söhbətə o başlayır:

 

- Azəri qardaşlarmız bizim canımız, qəlbimiz, həyatmızdır. Bizi bizi bir-birimizdən ayırmaq olmaz. Azərbaycanla Türkiyə bir olarsa, bütün türk aləmi birləşəcək. Amma bir çoxları Azərbaycan və Türkiyə birliyini istəmir. Çünki Azərbaycanla Türkiyə birləşəndə Qazaxıstan, Türkmənistan, Özbəkistan birləşir və Türkiyə Birliyi formalaşır. Bunun üçün Ermənistanı hərəkətə gətirdilər. Məqsəd birliyimizi pozmaq idi. Ermənistanı silahla təmin edib, Azərbaycan torpaqlarını işğal etdilər, bununla Türkiyə ilə Azərbaycanın arasını bir xətt kimi kəsdilər. Bizim fikrimiz ermənilərin Azərbaycandan aldıqları torpaqları geri qaytarmaq, azərbaycanlı qardaşlarımızı qətlə yetirib, şəhid edənləri ağır şəkildə cəzalandırmaqdır. Heç kimə sirr deyil ki, Azərbaycanın ərazisini işğal edənlər cinayət törədiblər. Bu torpaqların dərhal Azərbaycana qaytarılmasını təmin edəndən sonra ikinci mərhələdə qatilləri cəzalandıracağıq. Cəzaları nədirsə, çəksinlər. Üçüncü mərhələdə Türkiyə, İran, Azərbaycan birliyi yaranacaq. Onda Ermənistan da bu birliyə gələcək. Sonrakı mərhələlərdə bu birliyə Rusiyadakı türk topluluqları və digər türk dövlətləri də daxil olacaq. O zaman Azərbaycan, Türkiyə və türk dövlətlərinin qarşısında heç kim dura bilməz. Bunun sonucunda böyük iqtisadi, sosial, siyasi, mədəni bir güc kimi ortada olacaq. Və beləcə, türk-islam aləmində bir güc kimi ortaya çıxacaq. Allahın izni ilə İstanbuldan çıxıb Xəzərin sahilinə qədər vizasız, pasportsuz gedəcəyimiz, Xəzərin sahilində birlikdə süfrə quracağımız, manqal yandıracağımız günləri həsrətlə gözləyirəm. Mənim xanım rəfiqələrim də bu tərbiyəni alıblar.

 

- Burası aydındı.  Amma gəlin müsahibəyə keçək, Adnan bəy. Necə oldu ki, Adnan Oktar məhz Harun Yəhyaya çevrildi? Niyə məhz Harun Yəhya?

 

- Sizə bir söz deyim. Müsəlmanlar Allahın Rəsulunun çox kiçik köməkçiləridir. Rəsulallahın əshabələridir, qardaşlarıdır, dostlarıdır. Peyğəmbərimiz bir əshabəyə deyir: “Mənim qardaşlarım dünyanın sonunda gələcəklər”. Onlar deyir: “Bəs biz sənin qardaşların deyilik, ya Rəsulallah?” Cavab: “Siz mənim qardaşım deyil, əshabələrimsiniz. Qardaşlarım dünyanın sonunda gələcəklər”. Bu dövrdə biz də Rəsulallahın köməkçiləri olmaq baxımından qardaşlarıyıq. Musəvilərə sevgimizi necə göstəririk? Onlara deyirik: “Mən Həzrəti Musanın köməkçisi Harun kimi olmağa niyyət edirəm. Onun kimi köməkçi olmaz xüsusiyyətim var. Yəni, yardım edən müsəlman vəziyyətindəyəm. Həzrət İsaya kim yardım etdi? Yəhya. Deyirik ki, Yəhya kimi dəstəkləyirik. Harun kimi, Yəhya kimi dəstəkçiyik”. Yəni peyğəmbərlərə yardım edən, dəstək verən, onları qoruyub, dəstəkləyən olmaq niyyətilə deyilən sözdür. Burdan götürdüm bu adı.

 

Deyir, ilk kitabını da məhz bu imzayla yazıb, 26 yaşında. İndiyədək də 300 kitabı çıxıb. Və onlarla dilə tərcümə olunub.

 

Bu yerdə qısa haşiyə:

 

Adnan Oktarın babası Arslan Kasayevin mənşəyi indiki Rusiyaya, keçmiş Noqay xanlığına söykənir. Arslan Kasayevin ailəsi Arslanoğulları olaraq da tanınır. Arslanoğulları 1827-ci ildə Qafqaz qubernatorluğu üçün hazırlanan bir sənəddə adı çəkilən 21 ailədən biridir.

Rusiya Federasiyası Stavropol Federal Arxivindən tapılan 1827-ci il 17 iyul tarixli orijinal sənəddə (№: 48, cild 2, fayl №: 853) Qara Noqay və Yediskul bölgəsində yaşayan noqay seyidlərinin şəxsiyyətləri və ailələri haqqında məlumatlar mövcuddur. Bu məlumatlar bir siyahı halında təşkil edilmiş cədvəldə 3-cü sırada Adnan Oktarın babasının babası olan Bəslən Aslan və ailəsinin qeydi var. Adnan Oktarın babası Ömər bəy Qafqazda doğulub, 1902-ci ildə Ankaranın Bala bölgəsinə köçüb.

 

Adnan Oktarın özü isə 1956-cı ildə Ankarada anadan olub və orta təhsilinin sonuna qədər bu şəhərdə yaşayıb. Orta məktəbdə islam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyub.

 

1979-cu ildə Memar Sinan Universitetində təhsilinə davam etmək üçün İstanbula köçüb.

Deyir, Memar Sinan Universitetində təhsil aldığı dövrdə universitet müxtəlif  marksist-kommunist təşkilatların təsiri altında olub. Həm alimlər, həm fakültə işçiləri, həm də tələbələr arasında aqressiv ateist və materialist axınlar hakim idi. Hətta müəllimlərin bir qismi dərslərində mövzu ilə əlaqəsiz olmasına baxmayaraq, hər fürsətdə materialist fəlsəfə və darvinizmin təbliğatını aparırdılar.

 

“Məhz həmin vaxt mən dini və əxlaqi dəyərlərə hörmət edilmədiyi və demək olar ki, tamamilə rədd edildiyi, materialist dünyagörüşün və düşüncənin təsirindəki bu mühitdə ətrafımdakı insanlara darvinizmin saxtakarlığını, Allahın varlığını və birliyini izah etməyə başladım. O vaxt Universitetin yaxınlığındakı məsciddə sərbəst şəkildə namaz qılan yeganə insan idim”.

 

1986-cı ilin yazında Adnan Oktar "Türk xalqındanam, İslam ümmətindənəm" sözlərinə görə heç bir haqlı hüquqi səbəb olmadan həbs olundu. Və bundan sonra onu dəlixanaya saldılar...

 

***

 

Biz Adnan Oktar və ya Harun Yəhyayla geniş müsahibə götürmüşük. Siyasətdən, “kedicik”lərə qədər.
 

- Sona qədər yanınızdayıq, inanın mənə…


 

- Azərbaycanın ordusu regionda ən güclüsüdür, amma Ermənistandakı açarı ələ keçirsək…

 

Və…

 

Və “Qızıl alma” iddiası…

 

Nədir bu “qızıl alma”, nədən bütün dünya liderləri onu axtarır? Və nəhayət bu sarışın, gözəl qızların onun yanında nə işi var?

 

Sabah şok söhbətlər olacaq, almadan tutmuş, həmin məşhur “pişiklərədək...”

 

Ardı sabah Lent.az-da.

 

Bizimlə qalın…

Səbuhi Məmmədli, İstanbul

 

# 435
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar