Sahib Paşazadə “Qran pri” mükafatına layiq görüldü
30 avqust 2017 22:27 (UTC +04:00)

Sahib Paşazadə “Qran pri” mükafatına layiq görüldü

Səmərqənd şəhərinin Reqistan meydanında “Şərq təranələri” ХI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Festivalda dünyanın 60-dək ölkəsindən 280 ifaçı və musiqi nəzəriyyəçisi iştirak edib.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, Azərbaycanın gənc tarzəni, beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam-2007” televiziya müsabiqəsinin iştirakçısı, Əməkdar Artist Sahib Paşazadənin uğurlu çıxışı festivalın “Qran pri” baş mükafatına layiq görülüb. Onu nağarada Kamran Kərimov müşayiət edib. Onların ifa etdiyi 16 dəqiqəlik solo ifa münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub, onları ayaqüstə alqışlayıblar.

 

Xatırladaq ki, S.Paşazadə “Muğam dünyası” layihəsinin daimi iştirakçısı, yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında isə “Tarın Paqaninisi” tituluna layiq görülüb.

 

1997-ci ildə keçirilən birinci festivalda Simarə İmanova “Qran pri” mükafatına layiq görülmüşdü. Sahib Paşazadə artıq ikinci “Qran pri”ni Azərbaycana gətirəcək. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerləri tutublar.

# 300
avatar

Oxşar yazılar