<b>Avropadakı azərbaycanlılar və ya Çerniqovdakı o kişi kimdir? </b>– <span style="color:red;">SƏFƏR QEYDLƏRİ
26 avqust 2017 14:50 (UTC +04:00)

Avropadakı azərbaycanlılar və ya Çerniqovdakı o kişi kimdir? SƏFƏR QEYDLƏRİ

Yaşıl qitənin tam göbəyinə - Brüsselə düşən kimi hava limanında sanki ya Afrikada, ya da ərəb ölkələrindən birində olma təəssüratı yaranır.

Sərhəd buraxılış məntəqəsi qarşısında əksəriyyəti ərəblərdən, qaradərililərdən ibarət böyük növbələr göz qaraldır. Aeroportda və şəhərdə küçələrə səpələnib “yaşayan” necə deyərlər qeyri-avro  kütlələr (əsasən də müsəlman mənşəlilər) sakit Avropa həyatının yerini dartıb bədəvi həyata verməyə sanki çalışırlar.

 

Hələ Avropa İttifaqının paytaxtında bütün küçə boyu əlisilahlı, döyüşə hazır əsgərlərin topa-topa gəzməsində, az qala şəhərin hərbi nəzarətə götürülməsini demirəm. 4-5 nəfər bir yerə yığışan, (xüsusilə də müsəlman mənşəlilər), yaxud əlini qaldırıb haranınsa fotosunu çəkmək istəyən kimi həmin əsgərlər  anındaca başının üstünü kəsdirir.

Avropa gəlmələrin sancısını çəkir. Amma yerli avropalılarda buna qarşı hər hansı açıq aqresiya, kütləvi kin müşahidə olunmur. Sanki ali mədəniyyətin səbri sınağa çəkilir...Hərçənd bizlər Azərbaycanda təkcə son bir neçə ayda gələn ərəb  turistlərin sərbəstliyinə qarşı nələr etmədik...

 

...Cənubi Afrikada son illər yaxın keçmişlə bağlı bir deyim formalaşıb: “Avropalılar ilk dəfə bura gələndə onların əlində İncil (xristianlıq) bizim əlimizdə zəngin torpaqlarımız vardı, indi İncil bizim torpaqlarımız isə onlarındır”. Eyni fikri bumeranq formada yaxın illərdə avropalılar özləri deyəcək, baxarsınız. Bu gün təkcə Niderland Krallığında əgər təxminən 700-ə qədər dini ibadətgah varsa, bunun artıq 300-ə qədər məsciddir. Belçikada islam dini artıq rəsmi din kimi qəbul olunub, Niderland Krallığında isə islami bayram təqvimləri rəsmi olaraq qeyd edilir. Uzun illərdir burada yaşayan türk media təmsilçisi Burhanettin Carlak deyir ki, marakeşlilər və türklər artıq burada iqtisadi anlamda söz sahibidirlər. Burhan bəyin bu barədə anlatdıqlarından ayrıca bir film də çəkmək olar.

 

Belçikada hətta məscid imamlarına dövlət tərəfindən rəsmi məvacib də ödənilməyə başlanıb. Onların arasında azərbaycanlılar da var.

Və bu məscidlərə tək bura axın edən ənənəvi müsəlmanlar toplaşmır. Yerli avropalıların da bu məscidlərdə islama gəlişi diqqət çəkməyə başlayıb. İndi Niderlandın iqtisadiyyatında əsas rol oynayan Rotterdam şəhərinin meri marakeşli Abdullah, habelə şəhər və rayon bələdiyyələrində əksəriyyət yerləri tutmağa başlayan türklər, ərəblər və sair...

İndi fundamentalist avropalılar maraqlı tədbirlərə əl atırlar. Məsələn, klassik Avropa dəyərlərini özündə cəmləşdirən muzeylərin, kilsələrin, mərkəzlərin qapılarını turistlərin üzünə intensiv açmağa başlayıblar. Brusselin mərkəzində intibah dövrünü və orta əsrləri özündə ehtiva edən qədim şəhər meriyasının qapıları uzun fasilədən sonra turistlərin üzünə açılıb. Həqiqətən də Brüsselin qədim şəhər meriyasını gəzərkən dərhal görünür ki, min il əvvəl şərqdə qanlı qarşıdurmalar baş verəndə Avropada hansı intibah prosesləri baş verib. Burada tək Belçika yox, bütün Avropa ölkələrinə aid yazışmalar, keçirilən tədbirlərin salonları, rəsmi yazışmalar, ixtiralar və daha nələr nümayiş olunur. Sanki gələnlərə bir mesaj verilir.

 

 

25 ildən çoxdur bu bölgədə yaşayan, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov da təəccübünü gizlətmir ki, bu tarixi mərkəz uzun zaman idi qapalıydı və uzun illər sonra ilk dəfədir nümayişə açılıb.

Yeri gəlmişkən, bəhs etdiyimiz bu qədər olaylar fonunda bəs bura köç edən azərbaycanlılarla bağlı nə baş verir? Əvvəlcə AAK sədri Sahil Qasımovun söylədiyi maraqlı bir məsələni sizinlə bölüşüm:

 

- Bizim işimiz tək təmsilçilik yox, avropalılar ilə Azərbaycan arasında bir körpü yaratmaqdır. Bunun indiki zamanda nə qədər çətin olduğunu hər kəs bilir. Amma cəhd etməliyik. Çox təəssüf ki, bizim bu cəhdimizə dəstək əvəzinə maneələr də olur. Məsələn, siz təsəvvür edin ki, 25 ildir Avropa ilə əməkdaşlığa baxmayaraq hələ də Bakıdan Brüsselə və ya Amsterdama hələ də birbaşa aviareys yoxdur. Düşmən ölkə Ermənistanın paytaxtına isə, əksinə buradan bir başa uçuşlar var. Brüsselin Mərkəzi Dəmiryol Vağzalı ətrafında və digər turistik yerlərdə birbaşa Ermənistan paytaxtına ucuz qiymətə uçuş reklamlarını gördükcə nəinki azərbaycanlı turizm mütəxəssisi, diaspor rəhbəri kimi, ən azı vətənə tez-tez gedib gələn şəxs kimi şəstimə   toxunur. Nəzərə alın ki, avropalılar arasında ən çox səyahəti sevən niderlandlılardır və ölkəmizə nə qədər turist axını əngəllənir. Bu sadəcə məsələnin hələ bir tərəfidir. Baxın, əgər AZAL birbaşa Bakıdan Amsterdama uçuş təşkil edərsə, Krallığın KLM şirkəti bunun qarşılığında həftədə bir neçə reys təşkil edər. Niderlandda 30 000-dən yuxarı azərbaycanlı, 500 000-ə qədər türk yaşayır və bunlar toplum olaraq AZAL-ın uçuşlarından istifadə edə bilərlər. Hələ mən Niderlanda qonşu ölkələrin yaxınlıqdakı vilayətlərində yaşayan azərbaycanlıları, buradan Bakı üzərindən öz ölkələrinə uça biləcək Pakistan, Əfqanıstan və digər Asiya ölkələrinə məxsus insanları demirəm. İndi təsəvvür edin, təkcə Amsterdamdan Bakıya uçuşlar olsa və uçuşlardan vətənimiz Azərbaycan görün nələr qazanar. Biz dəfələrlə AZAL ilə bu barədə söhbət etdik, danışıqlar apardıq və hətta Niderland tərəfi bütün şərtlərlə razılaşdı. Amma sonda məsələ nəticəsiz qaldı”.

 

 

Sahil Qasımov başqa bir nüansa da toxunur: “İstər oxumağa gələn, istərsə də yaşamaq üçün Avropanı seçən azərbaycanlı gənclər arasında təəssüf ki, ümumi fikir birliyi yoxdur: “Biz həm Benilüks Azərbaycanlılar Konqresi kimi, həm də təzəlikcə ofisi Brüsselə köçdükdən sonra Avropa Azərbaycanlıları Konqresi (S. Qasımov AAK-a bu il sədr seçilib-M.A.) kimi mümkün qədər fikir və baxışlarına fərq qoymadan azərbaycanlıların, xüsusən də gənclərin ətrafımızda cəmləşməsinə cəhd edirik. Amma ya kimlərinsə müdaxiləsi, yaxud da kəskin baxışları ucbatından bu, bəzən çətinliklə üzləşirik”.

 

S. Qasımov artıq bu və ya digər istiqamətlərdə AAK-ın proqramlar qəbul etdiyi və Rusiya da daxil bütün Avropa ölkələrində azərbaycanlıların keçiriləcək proqramlar, tədbirlər ətrafında  qısa vaxtda birləşdirilməsini hədəf götürdüklərini bildirir.

Xaricdə yaşayan azərbaycanlıların yumşaq mənada yadlaşması səbəbi tək onların özü ilə yox, elə bizimlə də bağlıdır. Söhbət sırf Avropadan və Sahil bəyin iradlarından getmir.

Məsələn, Ukraynanın Çerniqov vilayətinin Apelyasiya məhkəməsinin sədri azərbaycanlıdır. Sadiq Tağıyev. 58 yaşı var. Tovuz rayonu Aşağı Əyyublu kəndində doğulub, orada orta məktəbi bitirib. Ukraynada iki ali - tibbi və hüquqi təhsil alıb. Bu ölkədə məhkəmə tibbi ekspert kimi vəzifədən  tutmuş məhkəmə instansiyasının bütün sahələrinə qədər bir neçə vilayətdə yüksək vəzifələrdə çalışıb.  O, Ukraynada ilk azərbaycanlı hakim olub, ümumiyyətlə telefon dinləmələrinin istintaq prosesində tətbiqi üzrə ilk elmi ədəbiyyatın müəllifidir. Hüquq elmlər doktorudur. Hazırkı vəzifəsinə də Ukrayna prezidentinin təqdimatı ilə təyin edilib. Loru dildə desək, bütün region “başına and içir”.

 

Amma bu adamdan oradakı rəsmi və ya qeyri- rəsmi qurumlarımızın heç biri maraqlanmayıb. Özü demişkən, indən belə ona lazım da deyil: “Mənə nə kiminsə dəstəyi, nə də ki hansısa təşkilat lazım deyil. Onsuz da ona ayıracaq, hesabat verəcək vaxtım da yoxdur. Demirsiniz vətəni təmsil edək? İşlədiyim Xarkov, Luqansk və indi də Çerniqovda məni yox, Azərbaycanı soraqlayın, şahidi olun. Bu ölkədə hər bir azərbaycanlı mənim üçün əzizdir və Azərbaycan deməkdir. Ümumiyyətlə, vətəni təmsil etmək üçün təşkilat olmağa nə gərək, bir ürək olsun, yetər”.

 

Çerniqovda olduğum həmin tək gün ərzində Sadiq müəllim məni əsrlər əvvəl yer altında yaradılmış və sonradan yerli mütəxəssislər tərəfindən tapılan, yerli camaatın ən müqəddəs yer kimi indi ziyarət etdiyi böyük yeraltı kilsə ilə tanış etdi. Çerniqovlular sanki gec də olsa, böyük bir mənəvi xəzinə tapmışdılar. Amma bilmirəm, bu, biz(lər)ə bir mesaj idi, yoxsa təsadüf...

 

Mübariz Aslanov, Brüssel-Rotterdam-Çerniqov-Bakı

# 315
avatar

Mübariz Aslanov

Oxşar yazılar