Gündoğan şəhərin sirri, Bakıya gələn sualtı qayıq - <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ SAKİT OKEAN SAHİLİNDƏN YAZIR
15 avqust 2017 17:08 (UTC +04:00)

Gündoğan şəhərin sirri, Bakıya gələn sualtı qayıq - SƏBUHİ MƏMMƏDLİ SAKİT OKEAN SAHİLİNDƏN YAZIR

“Mən - gəmi kapitanı - hamınızı salamlayıram. Uçuşumuz Moskva-Vladivostok istiqamətində həyata keçiriləcək. Uçuş müddəti 8 saat 40 dəqiqədir. Hamınıza gözəl və təhlükəsiz uçuş arzulayıram”.

 

Gündə iki qutu siqaret çəkən birisi üçün 8 saat 40 dəqiqəlik uçuşun nə demək olduğunu yəqin ki, təsəvvür etdiniz. Hələ uçuş boyu sənə iki dəfə yemək və spirtli içkilər təklif edələr, gəl bütün bu təamları dadıb, qırmızı çaxırdan və ya vodkadan sonra da döz.

 

Amma ən yaxşısı yatmaqdır. Di gəl, təyyarədə yata bilmirəm. Odur ki, dözməlisən, ya da yanındakı sərnişinlə söhbət etməlisən. Bu zalım balası da - mənimlə yanaşı əyləşəni deyirəm - yeməyə girişib, doyandan sonra da dərhal gözlərini yumdu.

 

***

 

Çox maraqlı trayektoriyası vardı təyyarənin. Mən fikirləşirdim ki, düz trayektoriya ilə uçacaq. Amma yox, monitordan aydın görünürdü. Sanki şimal qütbü istiqamətiylə hərəkət etdi. Qövs cızıb, Yakutiyanın cənub sərhədlərindən üzü Sakit okean istiqamətində yön aldı. 9 saata yaxın uçuş, bir də təyyarəyə mindiyimiz yerdən, Moskvadan 7 saat fərq. Adam bilmir hara və hansı zamana düşüb.

 

Burası Vladivostok Beynəlxalq Hava Limanı. Necə deyərlər, Rusiyanın - elə dünyanın da deyə bilərsiz - qurtaracağı. Sakit okeanın, Yapon dənizinin sahilləri, çinlilərin “Xayşnqoy” (körfəz) yaponların “Uradzio”, (Duzlu buxta) adlandırdığı unikal şəhər...


***

 

Ruslar bura 19-cu əsrin ortalarında gəlib çıxıblar.

 

31 oktyabr 1861-ci ildə tacir Yakov Semyonov indiki Vladivostok ərazisinə köçüb torpaq barədə akt alır. 1863-cü il sentyabrın 27-də isə gələcək Vladivostokun ilk sakini dünyaya gəlir. Təbii ki Semyonovun ailəsində. Qızın adını Nadejda qoyurlar.

 

Hazırda şəhər əhalisinin sayı 600 mini keçib. Rəsmi statistikaya görə, Vladivostokda 1300-ə yaxın azərbaycanlı yaşayır. Bu, təbii ki, rəsmi qeydiyyatda olanlardır. Qeyri-rəsmi yaşayan azərbaycanlıların sayı 10 minə yaxındır. Biz dünyanın qurtaracağında yaşayan həmyerlilərimizlə bağlı yazacağıq. Amma hələlik bu unikal şəhərdən bəhs edək.


***

 

Vladivostok paytaxt Moskvadan 9300 kilometr aralıda yerləşir. Şəhər təpəliklərin üzərində qurulub. Ona görə də istər mərkəzində, istərsə də kənarında maşınla hərəkət edəndə enişli-yoxuşlu yollar qət etməli olursan. Şəhərin sahəsi 333 kvadrat kilometrdir. Müqayisə üçün deyək ki, bu şəhərə 752 Vatikan və ya 163 Monako, ya da 2 Lixtenşteyn yerləşdirmək olar...

 

Vladivostoku nahaq yerə Rusiyanın Şərq qapısı adlandırmırlar. Buradan Cənubi Koreyanın paytaxtı Seula 750 km, Pekinə 1 335 km, Tokioya isə 100 km məsafə qalır. Tailand, Vyetnam, Sinqapura isə gəmiylə hərəkət etmək mümkündür.

 

Şəhərdəki Rus körpüsünün isə dünyada analoqu yoxdur. 324 metr hündürlükdə, uzunluğu isə 1104 metr olan bu körpü Rusiyanın simvollarından sayılır.

 

Hə, bir də okeanarium. Unikal bir əyləncə məkanıdır bura. 35 000 kvadratmetrlik, 25 min ton su tutumu olan bu okeanaruimda yüzlərlə dəniz heyvanı məskunlaşıb.

 

Şəhərin mərkəzi küçəsi Svetlanskaya adlanır. Sən demə, ilk dəfə rus çar ailəsindən Aleksey Aleksandroviç – II Aleksandrın nəvəsi “Svetlana” freqatıyla bura gəlib. Küçə də gənc knyazın freqatının adıyla adlanır.

 

***

 

Şəhər Yaponiya ilə yaxın olduğundan burada demək olar ki, hamı gündoğar ölkənin istehsalı olan maşınları sürür. Əksəriyyətinin də sükanı sağdadır. Şəhərdə “Toyota” və “Leksus”ların, “Nisan” və “Mazda”ların əlindən tərpənmək olmur.

 

Rəsmi statistikaya görə, Vladivostokda əhalinin vur-tut 5 faizinin maşını yoxdur. Əhalinin az qala 40 faizinin isə iki maşını var.

 

***

 

Vladivostokda ilk universitet ötən ərin əvvəllərində yaradılıb. Amma maraqlı bir məqam: Bu gün bu şəhərdə və ümumiyyətlə, regionda ən böyük universitet sayılan Uzaq Şərq Universitetini azərbaycanlı tikib. Söhbət Araz Ağalarov və onun şirkətindən gedir.

 

Bu şəhəri Azərbaycanla bir məqam da birləşdirir. Söhbət “Feldmarşal qraf Şeremetyev” sualtı qayığından gedir. Deyəcəksiniz ki, nə dəxli? Söhbət ondan gedir ki, məhz bu sualtı qayıq istismar müddətini bitirdikdən sonra xüsusi qatarla Bakıya göndərilib. Və Bakı Hərbi Limanında hissələrə bölünüb, doğranıb.

 

***

 

Kriminal şəhər deyil əslində. Amma vəhşi 90-larda kriminal qruplaşmalar bu liman şəhər uğrunda əməlli müharibə ediblər. Aralarında azərbaycanlılar da olmaqla. Azərbaycanlıların lideri tovuzlu Ələsgər isə bu müharibənin qurbanlarından biridir.

 

***

 

Yerli əhali istirahət etməyi və əylənməyi çox sevir. Əsasən də “Rus adası”na getməklə. Amma burada bir meşədə istirahət etmək ənənəsi də var. Şəhərin ətrafı meşəliklər olsa da, vladivostoklular oralara getmirlər.

 

Sən demə, meşə onların təbirincə tayqadır. Əsil meşəlik deyəndə də məhz tayqanı nəzərdə tuturlar.

 

***

 

Bu uzaq şərq şəhərində sovetlər və SSRİ hələ də simvol kimi mövcuddur. Şəhərdə Leninin heykəli var. Lenin adına mağaza var. SSRİ adlı kafe və ticarət obyektləri də kifayət qədərdir.

 

Hə, şəhərdə bircə çatışmayan şey havadır. Baxmayaraq ki, o boyda okeanın sahilində yerləşib, şəhərin ekoloji vəziyyəti ürəkaçan deyil. Bir yandan da rütubət nəfəs almağa imkan vermir. Bu şəhərdə olduğum günlər isə ən az siqaret çəkdiyim günlər idi…

 

O ki qaldı bu şəhərdəki azərbaycanlılara...

 

Bu barədə sabah Lent.az-da oxuyacaqsınız...

# 283
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar