Yalançı çempion, qadağan olunmuş şalvar, sirli kazino... -<span style="color:red;"> Səbuhi Məmmədli Şimali Koreyadan yazır - III HİSSƏ
10 avqust 2017 16:47 (UTC +04:00)

Yalançı çempion, qadağan olunmuş şalvar, sirli kazino... - Səbuhi Məmmədli Şimali Koreyadan yazır - III HİSSƏ

 

Əvvəli bu linklərdə:

 

(http://news.lent.az/news/280853

http://news.lent.az/news/280919)
 

Ümumiyyətlə, burada simvolikalara xüsusi münasibət var. Keçən yazıda dediyim kimi, dahi rəhbərlərin şəkli olan nişanlar nə satılır, nə də bağışlanılır. Kənar adamın, yəni əcnəbi turistin həmin nişana toxunması belə qəbul olunmur. Elə bu şəkildə gördüyünüz güllərə də toxunmaq olmaz.

Keçmiş Koreya liderlərinin şərəfinə “Kimirsen xva” və “Kimçenir xva” adlanan bu güllər xüsusi plantasiyalarda yetişdirilir. Dövlət bayramlarında, kütləvi tədbirlərdə istifadə edilir. Amma həmin nişanlar kimi, bu gülləri də satmaq olmaz. Nə gülün özünün, nə də toxumunun kənara çıxarılması mümkün deyil; bu, ağır cinayət sayılır. Lent.az-ın müxbirinə isə həmin gülün şərəfinə buraxılmış döş nişanı da hədiyyə etdilər. Yəni bu olar...

Bax, gördüyünüz bu suvenir məkanı turistlər üçün nəzərdə tutulub. Dövlət bayrağından tutmuş, müxtəlif rəsmlərin olduğu fincanlara, maqnitlərə qədər hər şey satılır. Bir ədəd maqnitli suvenirin qiyməti isə bizim pulla təxminən 4 manat civarındadır.

***

 

İlk baxışda Rason xoşbəxt bir şəhəri xatırladır. Hər tərəf gül-çiçək, xoşbəxt uşaqlar, yaşıl parklar, çimərliklər. Amma bütün bunlar ilk baxışdan belədir; gördükləriniz sizi aldada bilər. Bu mənzərə turistlər üçün yaradılıb. Hər şey, hətta mağazalar belə turistlərə maddi nemətlər bolluğunun olduğu qənaətini xatırladır. Di gəl, azca kənara çıxsan, tamam başqa mənzərəylə rastlaşacaqsan.

 

Düzdür, Rasonun turistlər olan hissəsini tikanlı məftillərlə hasarlamayıblar. Amma bu şəhərdən təxminən 900 km aralıqda yerləşən paytaxt Pxenyanda vəziyyət tamam fərqlidir. Oleq (ad şərtidir) artıq neçənci dəfədir ki, bu ölkədədir. Rason Azad İqtisadi zona olduğu üçün burada iş qurmaq niyyətindədir. Dediyinə görə, bir dəfə Pxenyanda olub. Şəhərin kənarına da baş çəkib.

 

- Adi vətəndaşlara gündə 2-3 saat işıq verilir. Amma otellərdə bütün günü işıq var. Şəhərin mərkəzi ilə kənarını tikanlı məftillər ayırır. Yəni bir var, turistlər üçün Pxenyan, bir də var koreyalıların Pxenyanı. Bunlar fərqli şeylərdir. Mərkəzdən kənarda qışda nə qaz var, nə də istilik sistemi. Ağac qırıb yandırmaq isə cinayət sayılır.

 

Amma nə olsun, dünyanın ən böyük stadionu məhz Pxenyandadır. Stadion demişkən, yəqin məşhur əhvalatı eşitmisiniz. 2006-cı il dünya çempionatında Şimali Koreyanın futbol üzrə dünya çempionu olması barədə yerli televiziyanın yalanı. Əslində, Şimali Koreya həmin çempionatda, ümumiyyətlə, iştirak etməmişdi. Bütün bunları bəzən zarafat kimi qəbul edirlər. Amma şəkildə gördüyünüz bu qardaş iddia edirdi ki, Şimali Koreyalı şahmatçı Çu və yaxud Mun - düzü, adını yadımda saxlaya bilmədim - artıq 10-cu ildir ki, şahmat üzrə dünya çempionudur. Əlbəttə, mən Maqnus Karlsenin adını çəkə bilərdim. Amma nəyimə lazım idi ki?

Qardaş daha sonra bildirdi ki, sonuncu Rio olimpiadasında onun həmyerliləri 39 qızıl, 41 gümüş və 70 bürünc medal qazanıb. Bu hələ harasıdır? Bu qardaşın dediyinə görə, son 20 ildə koreyalı taekvondoçular heç bir medalı heç kimə güzəştə getməyiblər. Razılaşmadan başqa əlacımız qalmadı. Razılaşmayıb nə edəcəkdik ki?

 

Yaddan çıxmamış onu da qeyd edim ki, bu tip yalanlar burada adi şeylərdir. Məsələn, şimali koreyalılar hələ də inanırlar ki, bu dövlətin banisi Kim İr Sen anadan olarkən, göydə yeni ulduz doğub. Dahi rəhbərin özü isə 1 aylığında artıq yeriyirmiş. 1 yaşında yazıb oxumağı, 3 yaşında isə artıq müəyyən elmləri öyrənməyə başlayıbmış. Amma fakt odur ki, Kim İr Senin, ümumiyyətlə, ali təhsili belə olmayıb.

 

Bütün bunların bir səbəbi var. Ölkə, sözün həqiqi mənasında, qapalıdır. İnternet məhdud və daxilidir. İki, ya üç telekanal var ki, ancaq və ancaq rəsmi xəbərləri verirlər. Hər evdə isə dövlət tərəfindən nəzarət olunan radiolar mövcuddur. Və ən maraqlısı, bu radiolar bütün günü çalışmalıdır. Səsini azalda bilərsən, amma nəbadə söndürəsən!

 

Yeri gəlmişkən, burada bütün televizorlar dövlət qeydiyyatından keçdikdən sonra möhürlənir. Məhz bundan sonra istifadəyə icazə verilir. Mən bayaqkı qardaşdan saç düzümü barədə soruşuram. Deyir, bəli, yoldaş In və ondan qabaq da yoldaş İrin təşəbbüsüylə qadınlar və kişilər üçün saç düzümü qaydaları müəyyənləşib. Və bu qaydalara riayət etmək hamının borcudur. O ki qaldı onun saç düzümünə, sən demə bu “priçoskanın” adı “səhər mehi” imiş. Dedim, elə mənim adımın mənası da budur. Təəcübümə rəğmən, güldü…

 

Saç düzümündən əlavə, bu ölkədə göy rəngli cins şalvar geymək qadağandır. Hələ Vladivostokda olarkən koordinatorumuz bu barədə xüsusi xəbərdarlıq etmişdi: “Mavi rəngli olar, amma tam göy rəngli şalvarın varsa, aparma”. Sən demə, göy rəngli nəinki şalvarlar, ümumiyyətlə, geyimlər Qərbin rəmzi hesab edilir və qəti qadağandır.

 

Amma maraqlıdır ki, imperializmin və Qərbin digər atributu olan kazinolar bu ölkədə fəaliyyət göstərir. Daha doğrusu, bütün ölkədə yox, məhz Rasonda. “Emperor” adlanan bu kazinoların əsas müştəriləri isə çinlilərdir. Öz ölkələrində yasaq olduğundan bura gəlirlər.

Düzdür, paytaxt Pxenyanda kazino yoxdur, azad iqtisadi zona olduğu üçün məhz Rasondadır, bununla belə, kazinolar yalnız turistlər üçün nəzərdə tutulub. Yerli bir kimsənin ora girməsinə qəti icazə yoxdur. Əslində, bu, mümkün də deyil. Əvvəla, yerli əhalidə pul yoxdur, ikinci də hər tərəf kamerayla doludur. Təsəvvür edin, ən uçuq-sökük yerlərə belə kamera quraşdırıblar. Bax, bu şəkildə gördüyünüz kimi. Mən hələ canlı kameraları demirəm…

Qadağaları kənara qoyaq, buranın təbiətinə söz ola bilməz. Xüsusən də dəniz pişiklərini seyr etmək başqa aləmdir. Düzü, bu təbiət məsələsində də ikili standartlar var. Turistlər və yerlilər üçün. Deyəcəksiniz necə?

 

Hə, bu barədə sabah.

 

Lent.az-da qalın…

(Yazıların hazırlanmasında dəstəyə görə, Dünya Azərbaycanlıları Assambleyasına minnətdarlıq edirik)

 

# 415
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar