Çuçxenin təntənəsi, satılmayan “Ata”, 1911 il əvvələ səyahət – <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ ŞİMALİ KOREYADAN YAZIR - II YAZI
09 avqust 2017 16:03 (UTC +04:00)

Çuçxenin təntənəsi, satılmayan “Ata”, 1911 il əvvələ səyahət – SƏBUHİ MƏMMƏDLİ ŞİMALİ KOREYADAN YAZIR - II YAZI

 

(Əvvəli burada http://news.lent.az/news/280853)

 

 

29 iyul, 2017-ci il. Amma yox, bu tarix indi mən olduğum yerdən 30-35 kilometr aralıda, Rusiyada, Çində mövcuddur. Burada 106-cı ildir. Çuçxe təqvimiylə. O çuçxe ki, bu gün Şimali Koreyanın rəsmi ideologiyasıdır. Bəs niyə 106-cı il? Əslində, bu da təsadüfi deyil. Söhbət ondan gedir ki, çuçxe təqvimi bu ölkənin əsasını qoymuş Kim İr Senin anadan olduğu gündən, 1912-ci il aprelin 15-dən başlayır. Yeri gəlmişkən, “Əbədi Günəş”, “dahi rəhbər”, “Millətin günəşi”, “Koreya təbiətinin şöhrəti” ləqəbli və həm də özünə generalissimus rütbəsi vermiş Kim İr Sen anadan olan günü dünya tarixi başqa bir əlamətdar hadisəylə sarsılmışdı. Məhz həmin gün “Titanik” gəmisi batmışdı...

 

***

 

Əlimizdəki bu kitabça rus dilindədir. Bir qədər irəli gedərək bildirim ki, rus dilini burada orta və yaşlı nəslin hamısı bilir. Özü də Rusiyaya münasibətləri çox yaxşıdır. Bu da təsadüfi deyil. Əvvəla, yüz ilə yaxındır davam edən ideoloji-siyasi yaxınlıq var. İkincisi də, şimali koreyalılar azacıq imkan tapan kimi Rusiyaya gedirlər. Əsasən də Primorye və Xabarovsk vilayətlərinə. Turist kimi və ya dincəlməyə yox. Onlar bu ərazilərdə ucuz işçi qüvvəsidir. Öz vətənlərinə qayıdan kimi isə qazandıqlarından dövlətə böyük vergi verməlidirlər. Hələ Vladivostokdaykən bizə bildirdilər ki, koreyalılar Rusiyaya briqada şəklində gəlirlər. Hər briqadanı da təhlükəsizlik orqanlarının nümayəndələri müşayiət edir. Onların işlədikləri və yaşadıqları yer isə qapalıdır. Rusiya ərazisində olduqları vaxt şəhərə çıxmaq qəti qadağandır. Yerli əhaliylə təmas isə vətənlərinə qayıdan da ağır cəzayla nəticələnə bilər.

 

***

 

Hə, kitabçadan danışırdıq axı. “İnsanın taleyi və çuçxe ideyası” adlı bu kitabça hər bir koreyalının stolüstü kitabıdır. Rəsmi ideologiya sayılan çuçxe barədə ilk dəfə Kim İr Sen danışıb. 1965-ci ildə Kim İr Sen ilk dəfə “Çuçxe”nin əsas prinsiplərini xalqa bəyan edib. Hə, həm də dünyaya. Bu prinsiplərin əsasında müstəqillik durur. Çuçxe ideologiyasına görə, ölkə siyasi cəhətdən müstəqil olmalıdır. Heç bir ölkə Şimali Koreyanın daxili işinə qarışa bilməz. “Azad insan, azad dövlət” prinsipini əsas götürən Kim İr Senin yaratdığı bu ideoloji kurs və proqram indi də Şimali Koreyada tam hökmrandır. Bu kitabı mənə bağışlayan və özünü Sonq Min kimi təqdim edən (açığı, etiraf edim ki, onun adının belə olması da mənə şübhəli gəldi) deyir ki, onu təmiz yerdə saxla: “Dahi rəhbərin qeydləridir”. Kitab 101 çuçxe ilində, yəni 2002-ci ildə paytaxt Pxenyanda Xarici Dil və Ədəbiyyat nəşriyyatında çap edilib. Tirajı 2 milyon 835 min 9 ədəddir. Təbii ki, Sonqdan bu qədər tirajda kitabın rus dilində nəyə gərək olduğu barədə soruşmuram. Nəyimə lazımdır ki? Elə təmiz yerdə saxlamağı da söz verirəm. Bəs görəsən, bu kitabı tərcümə etmək üçün kimdənsə icazə almalıyıqmı? Sonq deyir ki, bu kitab müqəddəs çuçxe ideologiyasının əsaslarını özündə birləşdirir.

 

- Çuçxe ideologiyası bütün dünyada bərqərar olacaq. Hətta indinin özündə belə Amerika, Kanada və Avropa ölkələrində çuçxe ideologiyasını öyrənən, bu ideologiyanın yeganə xilaskar bir ideologiya olduğunu təqdir edən yüzlərlə təşkilat var. O ki qaldı tərcüməyə, bu çox ciddi işdir. Əgər siz onu tərcümə edəcəksinizsə, unutmayın ki, adi bir vergül səhvi yolverilməzdir. Mənanı dəyişə bilər. Bu isə yolverilməzdir.

 

Bu məqamda Sonq mənə başqa bir kitabı da oxumağı məsləhət görür. Bu kitab 2002-ci ildə mərhum Şimali Koreya lideri Kim Çen İrin bədii gimnastların kütləvi çıxışını izləyəndən sonra söylədiyi nitq əsasında hazırlanıb. Sonq deyir ki, “Ariran” adlı kollektivlə görüş zamanı yoldaş Kim Çen İr dövlətin əsas ideoloji prinsiplərinə bir daha toxunmuş, yeni istiqamətləri müəyyən etmişdir. Bu kitab da bir neçə dəfə on minlərlə tirajla çap olunub. Sonuncu dəfə isə elə yuxarıda adını çəkdiyimiz nəşriyyatda işıq üzü görüb.

 

Kitabdan söz düşmüşkən, Şimali Koreyada savadlılıq dərəcəsi az qala 100 faizdir. Hə, burada bir haşiyəyə çıxım. Şimali Koreyada ölkənin belə adlandırılmasını sevmirlər. Onlar dövlətlərinə Koreya deyirlər. Cənubu isə ümumiyyətlə, qəbul etmirlər. Sonq deyir ki, bir qədər əvvələ qədər o, müəllim işləyirdi. İndi tamam başqa işlə məşğuldur. “Hər bir koreyalı uşaq orta məktəbi mütləq bitirməlidir. Yəni orta təhsil vacibdir. Necə keçmiş SSRİ-də, bizdə də elə”. Söhbət əsnasında öyrənirik ki, Şimali Koreyada bütün müəllimlər akkordeonda ifa etməyi bacarmalıdır. Bütün qız şagirdlər isə “Ariran” rəqsini ifa etməyi öyrənməlidirlər. “Ariran” rəqsi az qala dövlət imtahanı sayılır. Amma müəllimlərin akkordeonda ifa etməsinin niyə belə vacib olduğu barədə sualımıza Sonq cavab vermədi. Əslində özümüz də bu sualı verdiyimizə peşman olduq.

 

***

 

Ölkənin ən nüfuzlu ali məktəbi isə Kim İr Sen adına Universitetdir. Bu ali məktəbdə 20 minə yaxın tələbə təhsil alır. Xarici dil, coğrafiya, fizika kimi ənənəvi fakültələrlə yanaşı, nüvə energetikası fakültəsi də fəaliyyət göstərir. Başqa bir həmsöhbətimiz Sın Sonun dediyinə görə, nüvə energetikası fakültəsində hər adam təhsil ala bilməz. Bu fakültəyə xüsusi seçilmişləri götürürlər. Seçilmiş demişkən, şimali koreyalılar öz liderlərinə xüsusi sevgi bəsləyirlər. Əksəriyyətinin sinəsində, ürəyinin üstündə Kim İr Sen və onun oğlu, Kim Çen İrin rəsmi olan nişan gəzdirir. O nişana toxunmağı isə sevmirlər. Məsələn, mən şəkildə gördüyünüz bu insanlardan həmin nişanı mənə bağışlamasını xahiş etdim . Amma rədd cavabı aldım:

 

- Atanın şəklini heç kimə bağışlamaq olmaz.

 

- Bəs bu nişandan haradan ala bilərəm? Hə, bu özüm də etiraf edim ki, çox axmaq sualım az qala qanqaraçılıqla bitəcəkdi. Bayaqdan rus dilində danışan Mun sərt şəkildə mənim tərəfə öz dilində bərk bağırdı. Sonradan məlum oldu ki, belə deyirmiş:

 

- Atanın şəklinin satmaq şərəfsizlikdir!!!

 

Amma o nişana toxuna bildim. Daha doğrusu Mun əlim dəyməmək şərtiylə nişanı mənim ürəyimin üstünə sancıb, şəkil çəkməyimə razılıq verdi.

 

Sonra isə özü sinəmdən açıb götürdü. Sonra isə…

 

Sonra nələr baş verdi, bu barədə sabah oxuyacaqsınız. Lent.az-da qalın…

(Yazıların hazırlanmasında dəstəyə görə, Dünya Azərbaycanlıları Assambleyasına minnətdarlıq edirik)

 

# 349
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar