Qəbələdə tanınmış musiqiçilərin konserti oldu
01 avqust 2017 20:49 (UTC +04:00)

Qəbələdə tanınmış musiqiçilərin konserti oldu

Azərbaycanın Qəbələ şəhəri Beynəlxalq Musiqi Festivalına uğurla ev sahibliyi edir.

 

APA-nın yerli bürosunun xəbərinə görə festivalın proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, İsrail və ABŞ-ın tanınmış musiqiçilərinin konserti olub. Bir səhnədə yer alan tanınmış musiqiçilər-Azərbaycan Dövlət Filarmoniyasının direktoru, professor Murad Adıgözəlzadə (piano), İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman, festivalın bədii rəhbərlərindən biri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski, Tel-Əvivdə “Buchman-Mehta” Musiqi Akademiyasının, Sadna Konservatoriyasının müəllimi, valtorna ifaçısı Mixail Slatkin çıxış edərək bəstəkar İohannes Brams, Fikrət Əmirov, Sergey Raxmaninovun unudulmaz əsərlərini ifa ediblər.

 

Həmçinin, konsertdə Azərbaycanın gənc pianoçuları Səidə Tağızadə, Elxan Niftiyev və viola ifaçısı Rəna Rəhimova Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. Musiqiçilərin təqdimatı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.

# 257
avatar

Oxşar yazılar