Qəbələ musiqi festivalında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib
31 iyul 2017 19:40 (UTC +04:00)

Qəbələ musiqi festivalında Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə növbəti kamera konserti olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəqan Həsənli, Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin üzvü, Prezident təqaüdçüsü Məmməd Rəcəbli (klarnet), “Sarı gəlin tələbə mahnı festivalı”nın Qran-Pri mükafatçısı Aydan Quliyeva (soprano), beynəlxalq müsabiqələrin laureatı, gənc opera ifaçısı kimi Heydər Əliyev Fondunun xüsusi mükafatına layiq görülən Taleh Yəhyayev (bariton), “D ACCORDO” barokko musiqi ansamblının bədii rəhbəri İlahə Sadıqzadənin (piano) çıxışı alqışlarla qarşılanıb.
Konsertdə bəstəkar M.Ravelin “Gecə kəpənəkləri”, “Qəmgin quşlar”, S.Prokofyevin “Aldanma”, A.Məlikovun “Məhəbbət Əfsanəsi”ndən Noktürn, J.Offenbaxın “Qofmanın nağılları” operasından “Gəlincikin ariyası”, S.Raxmaninovun “Yuxu”, F.Əmirovun “Azərbaycan elləri”, Ü.Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, A.Rubinşteynin “Neron” operasından “Epitalama”, E.İbrahimovanın “Ey Vətən”, A.Yusifovanın “İthaf” əsərləri səsləndirilib. Qəbələ və ətraf rayonlardan, eləcə də Bakıdan gələn tamaşaçılar canlı ifada səsləndirilən dünya musiqisini dinləyərək zövq alıblar.   
 
Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir. 
# 363
avatar

APA Baycan

Oxşar yazılar