<span style="color:red;">Şəhriyar del Geraninin atası:  “O, Allah adamıdır, amma...” – <span style="color:red;">Lent.az-da YENİ LAYİHƏ
25 iyul 2017 16:10 (UTC +04:00)

Şəhriyar del Geraninin atası: “O, Allah adamıdır, amma...” – Lent.az-da YENİ LAYİHƏ

Adətən, cəmiyyətdə tanınmış söz, sənət adamlarının övladlarını tanımaq istəyi yaranır. Onlara elə özlərinin boya-başa çatdırdığı, yetişdirdiyi övladın gözüylə baxmaq istəyirlər. Ancaq yəqin ki, onları boya-başa yetirən insanların özünü də tanımaq maraqlı olardı. Lent.az-ın  “Valideyn iclası” layihəsində elə sizə sevdiyiniz şair, yazıçı, sənətçilərin valideynlərini tanıdacaq, onları bir də ata-analarının dilindən eşidəcək, uşaqlıqlarından, necə övlad olduqlarından agah edəcəyik.

 

Bu iclaslarımız bir az fərqli, hay-küysüz olacaq, bu iclasda ağız deyəni qulaq eşidəcək. Bu iclasda ancaq bir nəfərdən, bir övladdan – qəhrəmanımızdan danışılacaq. Bu dəfə məhz valideynlər danışacaq, biz dinləyəcəyik, bu dəfə övladlarını öyən də, danlayan da onlar olacaq. Elə isə söz onlarındır – ana və ataların...

 

İlk “iclasımız”a qəhrəmanımızın təkcə atası gəlmişdi. Çünki onların evində biri vardı, biri yox...

 

***

 

kəsib tullayasan qollarını da,
yetim saxlayasan qucaqlarını…
biryolluq hamıdan çıxıb gedəsən,
bir it qucaqlaya ayaqlarını...

 

ay ağac, yazıqsan – qış ağacısan,
bu bekar torpağın boş ağacısan,
bilsəydim anamın baş ağacısan,
o vaxt sındırmazdım budaqlarını...

 

qırmızı kəndirdə boynun dincələ,
ölüm də gələndə gülərüz gələ,
bir gün uzaqlardan bir payız gələ,
deyə ki, qaytarın yarpaqlarımı!

 

Şəhriyar del Geraninin “Oktyabr” şeiridir və mənim yazıya qətiyyən bu və ya başqa bir şeirlə başlamaq fikrim yox idi. Mən əvvəlcə Şəhriyarın atası Mayıl Hacızadəni sizə tanıdacaq, sonra onunla olan söhbətimizi təqdim edəcəkdim. Yazacaqdım ki, Mayıl əmiylə çox şeydən danışmışıq: Şəhriyarın dünyaya gəlişindən, uşaqlığından tutmuş İranda zindana düşməsindən, onunla bağlı arzularına qədər... Ancaq bu şeir qoymadı.

 

Atasından “Şəhriyarın ən sevdiyiniz şeiri hansıdır?” deyə soruşanda  “Oktyabr”ı əzbər deməyə başladı. Həmişə düşünürdüm ki, Şəhriyar bu şeirin adını niyə “Oktyabr” qoyub, görəsən? İndi bildim.

 

– Şəhriyarın anası 2011-ci ilin oktyabr ayında dünyasını dəyişib. Üstündən 3-4 ay keçmişdi, səhv etmirəmsə, fevral idi, qar yağırdı. Mən Şəhriyarın həyətdə dayanıb həmin tut ağacına, onun anasının məzarı üçün kəsilmiş budağının yerinə baxdığını görmüşdüm. Həmin səhnə gözümün qabağındadır. Hətta mənə dedi ki, ata, bax, o kəsilmiş budağın da üstünə qar yağır qəbiristanlıqda. Həmin ağac həyətimizdədir hələ də...

 

62 yaşlı Mayıl əmi Qərifə xanımla 86-ci ildə ailə qurub: “Yaşıdıydıq elə. Evləndik, iki qızımız, bir oğlumuz oldu, Şəhriyar ortancıldı. Ailə həyatımız 25 il davam elədi – o, ağciyər xərçəngindən dünyasını dəyişənə qədər...

 

Anası Şəhriyardan nigaran idi. Sağlığında özü burdan yemək-içmək hazırlayıb göndərirdi ona. Onun ailə qurmağını, tək olmamasını istəyirdi. Ancaq tale elə gətirdi ki, bunu görə bilmədi.

 

Şəhriyar anasına çox meylliydi. Ananın yerini heç kim vermir. Özü də elə ana; çox sanballı, təmiz, imanlı. Şəhriyarın kitabı çıxanda qonşulara ehsan vermişdi. Uşaqlarına çox bağlıydı...”

 

Bunu deyib susur.

 

– Mayıl əmi, gəlin Şəhriyarın dünyaya gəlişindən, ona ad verməyinizdən danışaq...

 

– Qış ayında, şaxtalı gündə – dekabrın 14-də dünyaya gəlib Şəhriyar. Uşaqlıqda da indiki kimi tələbkar idi. Yorurdu bizi. 1 yaşı tamam olmamış yeridi, yaş yarımlıq olanda danışdı. Vaxtından da tez – 5 yaşında məktəbə getdi. Götürmürdülər, direktora müraciət etdik. Dedi, yaşı azdı, dərsləri qavraya bilməyəcək. Biz də dedik, hazırlıqlı uşaqdı. Sorğu-sual etdilər, vurma cədvəlini, əlifbanı əzbər dedi. Sonra sorğu-sualsız ismin hallarına keçdi, başladı nitq hissələrindən danışmağa. Sonra əzbər bildiyi şeirləri dedi. Direktor güldü, dedi, bu ibtidai təhsili bitiribmiş ki... Beləcə, məktəbə qəbul olundu.

 

Atası deyir ki, Şəhriyarın uşaqlıqdan maraqlı geyim tərzi olub. Lap balaca yaşlarından paltarlarını özü seçirdi. Anasıgil xoşuna gəlməyən rəngdə geyindirəndə də dartıb çıxarırmış əynindən: “Hə, bir də onu deyim, doymurdu, çox yeyirdi. Ana südüylə qidalanan uşaq olub. Anası narazılıq edərdi hər dəfə yedirdəndə. Dil açanda ana-atadan sonra “qa-məmə” deyib. Yəni qənd və süd. Çox maraqlı uşaq olub. İndi də uşaqlıq şəkillərinə baxanda elə bilirəm elə həminki uşaqdı.

 

Mən gəncliyimdə Məhəmmədhüseyn Şəhriyarı çox sevirdim. On yaşımdan dayım Şəhriyar poeziyasını mənə sevdirmişdi. Heç oğlum dünyaya gəlməmişdi, niyyət eləmişdim ki, oğlum olsa, adını Şəhriyar qoyacam. Elə də etdim.

 

Şəhriyarın uşaqlığından illər keçsə də, onunla bağlı xatirələr bircə-bircə atasının yadındadır: “Üç yaşı vardı, mən Qaz-24 almışdım. Hər dəfə qapıdan çıxanda ağlaya-ağlaya dalıma düşürdü, gərək onu da maşına qoyub aparaydım hara getsəm. Bir dəfə otuzdurdum qabaq oturacaqda. Təzə-təzə öyrənirdim sürməyi. Füzuli yolunda qabağımıza inək çıxdı. Qəfil əyləcə basdım, Şəhriyar ön oturacaqdan üzü üstə gəlib dəydi şitə, ağzı-burnu qanadı. Birtəhər ovundurdum. Amma evə qayıdanda yaxşıca kötəklədim, dedim, bir də mənim dalımca ağlama. Mümkün olmadı, maşının səsi gəldimi, bir də görürdün dayanıb yanında. Elə olurdu, gecə saat 2-də, 3-də zəng edib işimlə əlaqədar çağırırdılar məni. O vaxtlar mobil telefon yox idi, ev telefonlarıydı. Otaqda zəngin səsinə oyanmırdı, amma həyətdə mühərriki işə salan kimi yerindən dik atılırdı, tumançaq qaçırdı həyətə”.

 

Şəhriyarın kötəyi təkcə bununla bitməyib. Atası bir dəfə onun dərs kitablarını yandırıb: “Səhv etmirəmsə, 5-ci sinifdə oxuyurdu. İşdən gəldim, dedim, dərslərini eləmisənmi? Gətir, baxım. Gətirdi. İki dəftər ayırmışdım onun üçün. Biri “qaralama”, biri “ağlama”. Səliqəli olsun deyə, əvvəl qaralamada yazıb, sonra ağlamaya köçürməsini tapşırmışdım. Riyaziyyat dəftərini aldım, gördüm bir yerdə qara düşüb. Dedim, niyə səliqəsiz etmisən? Dedi, təsadüfi səhvdir. Baxdım məsələyə, gördüm təsadüfi səhv deyil. Mənim ixtisasım dəqiq elmlər olub, riyaziyyatı da ali məktəb səviyyəsində bilirəm. Dedim yaxşı, qaralama dəftərini gətir, görüm orda qaralaması varmı. Getdi otağına, gördüm ləngiyir. Dedim, tez gətir. Gətirdi. Baxdım ki, yalan deyir, qaralamada həmin məsələ yoxdur. Otağında tez-bazar köçürmək istəyirmiş, sən demə. Dedim məni niyə aldadırsan? Qayıtdı ki, müəllim belə səhvlərə baxmır, əsas odur məsələ düz həll olunsun. Dedim, hansı düzdən danışırsan ki, burdan-bura atanı aldadırsan? Get yığ kitablarını gətir bura. Getdi gətirdi. Qış idi, odun sobası yanırdı. Atdım hamısını sobaya. Dedim, daha məktəbə getməyəcəksən. Sabahdan fəhləliyə! Get daş at, yer şumla, gör camaat hansı zəhmətlə çörəkpulu qazanır. Başladı ağlamağa. Çox hirsliydim, ikinci dəfə də onda kötəklədim.

Bir neçə gün sonra qonşular gəldi, razı saldılar məni, göndərdim dərsə. Yoxsa həqiqətən imkan verməzdim oxumağa. Həmin il kitab almadım, o vaxt dərsliklər çox çətin tapılırdı. Sinif yoldaşlarının kitablarından üzünü köçürüb gətirirdi, ordan da ev tapşırıqlarını eləyib, gedirdi dərsə. Dedim, bu il əlaçı olmasan, sözümüz həminki sözdür. O da əlaçı oldu. Elə o olan bu olan, məzun olana qədər əlaçı şagird kimi davam elədi.

 

Əvvəllər mən ona istiqamət verirdim bədii ədəbiyyat oxumaqda, İsa Hüseynovu, Çingiz Aytmatovu, Yaşar Kamalı, “Səfilləri”, “Qoca və dəniz”i anasının, mənim məsləhətimlə oxuyub. İndi isə o məni yönəldir, Maksveli, Bekketi, Pol Osteri, Selinceri onun məsləhətiylə oxumuşam”.

 

Mayıl əminin dediyinə görə, Şəhriyar elə uşaqlıqdan sözə qarşı həssas olub: “Gərək danışanda sözlər yerli-yerində olaydı. Yanında nəyisə danışardın, sabah həmin sözü bir az başqa cür deyəndə qayıdırdı ki, o elə yox, belədir. İndi də elədir. Peşmansan fikrini bir az dolayı ifadə edəsən, o dəqiqə reaksiya verir. Üzünə baxıram, görürəm, gözlərinin içi qaynaşdı. Deyirəm, nədir? Deyir, əslində, filan şeyi demək istəyirsən, amma belə deyirsən. O elə uşaqlıqdan sözlərin verdiyi informasiyaları duya bilir. Bu mövzuda onu aldatmaq mümkün deyil. Ona görə adamları məndən yaxşı tanıyır. Neçə illik dostum olub, birlikdə oturmuşuq, Şəhriyar da məclisdə olub. Sonra mənə deyib ki, ata, o adam sənin dostun deyil, nüfuzundan istifadə edir, yararlanır səndən, onunla ehtiyatlı ol. “Birlikdə dənizə-zada getsəniz dizdən o tərəfə irəliləmək olmaz” - deyib gülür. Sonra elə situasiya olub, görmüşəm Şəhriyar haqlıdır. O neçə illik dostumu biroturuma məndən yaxşı qavrayıb. Bir dəfə ünsiyyətdə olmaq bəs edir ona adamları kifayət qədər tanımaqda”.
 

Atası Şəhriyarı hüquqşünas görmək arzusunda imiş. Ancaq o sözü, ədəbiyyatı seçir: “Görürdüm ki, heç nə deməsə də, mənim arzuma etiraz etməsə də, bu sahəyə həvəsi yoxdur. Elə uşaqlıqdan şeirə, ədəbiyyata çox böyük marağı vardı. 1998-ci ilin aprel ayında ilk dəfə Şəhriyarla İrana getmişdik. Şəhriyar 10 yaşındaydı onda. O zaman Məşhəd şəhərini ziyarət elədik, sonra gəldik Qum şəhərinə. Orda Ayətullah Mirzə Cavad Təbrizinin qonağı olduq. Şəhriyarı otuzdurdu dizinin üstündə, soruşdu ki, bu balamın adı nədir? Dedim, Şəhriyar. Qayıtdı ki, Heydərbaba, dünya yalan dünyadı. Bu misranı sual intonasiyası ilə səsləndirdi. Şəhriyar da davam elədi ki, Süleymandan, Nuhdan qalan dünyadı... Sonra başladı poemanı deməyə. Şəhriyar özünəməxsus uşaq ahəngiylə poemadan parçaları dedikcə Ayətullah başladı ağlamağa.

Şəhriyarın xalası Ahilə müəllimə dil-ədəbiyyat müəllimidir. Ona Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını əzbərlətdirmişdi. Şəhriyar da beləcə şeiri deməyə başladı. Görünür, Ayətullah da şairin öz adında olan bir uşağın şeiri bu cür söyləməsindən çox təsirləndi. Üstəlik azərbaycançılıq, bölünməklik, Təbriz həsrəti dalğası 90-larda daha güclüydü. Təkid elədi ki, bu uşaq qalsın burda, istedadlı uşaqdır, onu oxutduraq, yüksək təhsil verərik. And-aman elədi ki, ona sizdən də yaxşı baxacağıq. Razı olmadım, dedim, tək uşaqdı. Şəhriyar İranda həbs olunanda mən həmin Ayətullaha bu barədə xəbər yazmışdım”.

 

– Hə, Şəhriyarın Təbriz zindanın olduğu dövr... Siz nə yaşadınız, nə çəkdiniz onda ata kimi?

 

– Şəhriyarın zindanda olduğu dövr bizi ata-oğul kimi biri-birimizə daha da bağladı elə bil. İnanın, mən Fərid Hüseyni də öz oğlumdan ayırmıram. 2012-ci il aprelin 29-da Marağaya getdilər, mayın 2-də isə Təbrizdə saxlanıldılar. Həmin ilin 4 sentyabrında azad olundular, 6-sı Azərbaycana qayıtdılar. 127 gün zindanda qaldılar. Bu müddətdə Şəhriyarla telefon danışıqlarımız da oldu. İrana, məhkəməyə də gedib görüşdük. Şəhriyara ata kimi sevgim başqadır, amma onun ordakı mərdanəliyinə nəyim varsa, qurban verərəm. Mən çox kövrəlirdim, amma o, ürək-dirək verirdi ki, ata, niyə kövrəlirsən, niyə ağlayırsan? Burda nə var ki? Bir dəfə də olsun demədi, ata, məni incidirlər, ata, məni bu zindandan qurtarın. Qətiyyən. Heç səsində də hiss elətdirmədi. Zarafatından qalmırdı, deyirdi bu müstəntiqlər maymaqdı, istəyirsən döyüm bunları?  O vəziyyətdə belə üzümü güldürməyi bacarırdı. İnanın, səsində bir balaca titrəyiş duysaydım, yəqin ki, mənim ürəyim dayanardı, ölərdim. Anası da təzə rəhmətə getmişdi. Mən çox sarsılmışdım.

Şəhriyar sonra məhkəmədə də özünü çox mərd apardı, yaxşı çıxış elədi. Səslənən ittihamların hamısına məntiqli əks arqument qoydu. Elə Fərid balam da. Ümumiyyətlə, bu iki şair yaşlarının gənc çağında o cür ağır sınaqdan üzü ağ, ləyaqətlə çıxdılar. Onlar hər ikisi qollarında qandal olanda da iradələrini sındırmadılar, hakimlərin gözlərinin içinə dik baxıb günahsız olduqlarını dedilər. Buna görə onların hər ikisinin də qarşısında baş əyirəm. Mən Fəridi Şəhriyardan ayırmıram. Amma onlar deyəsən heç bunun fərqində deyillər...”


Şəhriyar hələ zindana düşməmiş atasına ordan ayaqqabı alıbmış. Sarı, limon rəngi ayaqqabı: “Zindanda olan vaxt telefonla danışanda dedi ki, ata, dünən axşam gəzintiyə çıxmışdıq, sənə yaxşı bir ayaqqabı almışam. Guya gəzintiyə-filan çıxa bilirmişlər. Aldadırmış məni. Sonra bilmişik ki, həmin vaxt təkadamlıq kameradaymış əslində. Azad olunanda gətirdi ayaqqabını. O ayaqqabını üç ay geyindim, sonra götürüb saxladım. Hər dəfə o ayaqqabıya baxanda o günləri xatırlayıram”.

Mayıl əmi deyir ki, Şəhriyarla ata-oğul kimi aralarında oxşarlıq çoxdur, amma ziddiyyətlər də var. Bu da təbiidir: “Arada fikirlərimiz nəinki kəsişir, hətta toqquşur da. Xüsusilə dini məsələlərdə, din mövzusunda. Ancaq onu başa düşürəm. Fikir adamıdı, onun da öz yanaşması var. Bəzi məqamlarda o, düz deyir, haqlı olur. Razılaşıram da. Amma o özü də bilir ki, din ilk növbədə iman məsələsidir. Ya inanclısan, ya da deyilsən. Sonrakı məsələlər elə sonra gəlir.

Hansısa müstəvidə fikrimiz toqquşanda etiraf edə bilirəm ki, o, haqlıdır. Doğru fikirlə razılaşmaq, barışmaq lazımdır. Din sahəsində saxta tarixi məqalələr, saxta “tədqiqatlar”, “faktlar” çox olur, xüsusilə təriqətlər mövzusunda danışılan tarixi hadisələrdə xeyli ziddiyyətlər var. Bugünkü yazarlar da savadlı, açıq təfəkkürlü adamlardır, çox vaxt da düzgün mövqe qoyurlar ortaya. Onların üstünə getmək lazım deyil. Gərək yazıçılarla, şairlərlə din xadimləri, dindarlar arasında ruhani, əxlaqi, mədəni bir anlaşma olsun. Əks təqdirdə itirən tərəf yenə də Azərbaycan cəmiyyəti olacaq. Bir həssas məsələ var ki, gərək yazarlar da yumşaq ifadə tərzi seçsinlər tənqidlərində. Yoxsa missiyaları aqressiya ilə rastlaşacaq. Necə ki tarixdən bizə tanışdır belə hallar. Belə olanda ortada heç nə hasil olmur. Hər iki tərəf öz mövqeyində qalır yenə. Əksinə, bir az da küskün olurlar biri-birilərindən. Əslində isə, yazarların da, dindarların da xidməti bəşəriyyətə olmalıdır. Bəşəriyyət üçün bütün işıqlı, xeyirxah addımlar elə yaradana, Allaha xidmətdir. Allahın da xoşuna gələn elə budur”.

 

O, təkcə Şəhriyarın atası deyil, həm də şeirlərini əzbər bilən sadiq oxucusudur: “Oğlumun şeir kitabı stolüstü kitabımdır. O, poeziyada yeni, özünəməxsus bir yol açıb. Alimlərimizin, ədəbiyyat adamlarımızın Şəhriyar haqqında yazdıqlarını internetdən çıxartdırıb oxuyuram. Bu fikrimə onların da məqalələrində rast gələndə əmin oldum ki, bu, atanın övladı haqqında olan subyektiv fikri deyilmiş, oxucunun bir şair haqqında fikriymiş. Bir var özünü kiməsə oxşadasan, bir də var öz yolun ola. Siz bunu məndən yaxşı bilirsiniz. Şəhriyar Allahın ona verdiyi istedaddan istifadə edərək özünə aid bir yol açıb. Belə olmasaydı, hamı kimi olardı. Şəhriyar əslində Allah adamıdır, hərdən özünün əleyhinə gedir amma. Onun bu mövzuda bir fikri çox xoşuma gəlir. Deyir, şeir ilahi faktdır. Mən də deyirəm ki, əgər bunu düşünürsənsə, gərək özünə, daxili səsinə zidd getməyəsən. Allahla arandakı uçurumları götürəsən, dərinləşdirməyəsən.
 

Şəhriyarın üç kitabı var. Mənə deyir, iki kitabım var, birincidən imtina etmişəm, zəifdir. Mən də deyirəm, müəllif kitabdan imtina etməz. Hələ hansı kitabın zəif, hansının güclü olduğunu zaman göstərəcək. Zaman sənli-sənsiz ayırd edəcək hansından imtina etmək lazımdır. Zəifdir, lap yaxşı, bax özünü gör. Fikrən, qəlbən imtina et, daha gözəl yaz, fiziki olaraq imtina eləmə. İkinci kitabı romandı – İntihar hörüyü, yazıb verdi, hərbi xidmətə getdi. Üçüncü kitabı – “Darıxmağın adı”dır. Düzü, mənim də xoşuma ən çox sonuncu kitabda olan şeirlər gəlir. Şeirlərinin çoxunu sevirəm. Xüsusilə anasına ithaf etdiklərini.

Vaqif Səmədoğlu yazmışdı ki, Şəhriyar zindana düşüb azadlığını itirəndə də, həyata düşüb anasını itirəndə də onu ədəbiyyat qazanıb. Çox dərin sözdür”.


Uşaqlığında oğlunu çox danlayan, hətta kötəkləyən Mayıl əmi daha Şəhriyarı məzəmmət etmədiyini deyir. Ondan bir arzu-istəyi var. Hə, elə anasının arzusu – Şəhriyarın ailə qurması: “İstəyirəm ki, tək yaşamasın, rahat olsun. Ailə həyatı qurmayan adam həyatı yaxşı mənimsəyə bilmir, məsuliyyətli olmur, rahatlıq tapmır. İstəyirəm bilsin ki, ailə həyatı ömrə rəng qatır, adama mane olmur, əksinə, kömək edir. Kimi sevir, kiminlə istəyir ailə qursun. Elçiliyə lap dünyanın o başına da gedərəm ondan ötəri. Qızları köçürmüşəm, ondan da ürəyim arxayınlıq tapsın...”

 

İmişlidə Hacı Mayıl, hörmətli din xadimi kimi tanınan Mayıl əmini indi həm də “Şəhriyarın atası” kimi çağırırlar, tanıdırlar. O isə bununla fəxr edir: “Oğulun atanın adıyla çağırılması fiziolojidir, təbiidir, bu, ondan əmələ gələndir, onun ömrünün davamçısıdır. Amma atanı oğulun adıyla çağırılması başqa məqamdır. Atanın oğlun adıyla şöhrətə minməsi gözəl hissdir.

Bu yaxınlarda rayonda (İmişlidə - S.F) millət vəkilimiz iftar süfrəsi verirdi. Məni orda təqdim etdilər ki, bilirsiniz, bu kişi kimdir? Şair Şəhriyarın atasıdır. Bu, hər ataya nəsib olmur. Çox olub belə, rayonumuza məclislərə, tədbirlərə şəhərdən gələn qonaqlara məni bu cür təqdim edirlər – Şəhriyarın atası. Onda deyirlər, həə, o kişi bu imiş”.

 

***

 

O kişini biz də tanıdıq – Şəhriyarın atası Hacı Mayıl əfəndini.  Şəhriyarın isə “Bir ömür istinad nöqtəm, yeriyən akademiyam və qürurla “ata” deyə xitab etdiyi” Hacı Mayıl əfəndi. Bu sözləri o, atasına bağışladığı kitabında qeyd edib. Bir də bunu yazıb: “Varlığın üçün Allaha təşəkkür edirəm. Səni daim şərəflə xatırlayacaq oğlun Şəhriyar...”

 

Atalar və oğullar danışanda daha çox susurlar. Onlar belə daha yaxşı başa düşürlər bir-birlərini. Bu sükutu həmişə deyə-gülə analar pozur. Amma dedik axı, onların evində biri vardı, biri yox...

 

                                                                                                

# 537
avatar

Sevinc Fədai

Oxşar yazılar