Uşağa sıxılan 3 güllə, dərman adıyla brilyant,  12 cəllad - <span style="color:red;">TARİX
18 iyul 2017 15:59 (UTC +04:00)

Uşağa sıxılan 3 güllə, dərman adıyla brilyant,  12 cəllad - TARİX

 

Taxt-tacdan qovulduqdan sonra ailəsiylə birgə Aleksandrovsk yaxınlığındakı malikanələrin birinə aparılmışdılar. Daha sonra Tobolsk şəhərinə. Bir müddət bu şəhərdə qalmışdılar. Geri -Moskvaya gətirilib məhkəmə qurulacaqdı. Amma buna risk etmirlər. Onların qaçırılacağından narahat olurlar. Onda belə qərara gəlirlər ki, ailə Tobolskdan Yekaterinburqa aparılsın. Elə də edirlər. Düzdür, onların qaçırılma planı həmişə gündəlikdə olub. Bir dəfə Tobolskda, bir dəfə isə elə Yekaterinburqda. Amma hər dəfə təklifə belə cavab verib: “Biz nə qaçmaq, nə də qaçırılmaq istəyirik. İlahi ədalətə inanırıq”.

 

Yeri gəlmişkən, onların arasında iki azərbaycanlı da olub: Hüseyn xan Naxçıvanski və Kərim bəy Novruzov. Naxçıvanskinin aqibəti faciəli olub. Çarın ən yaxın silahdaşlarından sayılan Hüseyn xan həbs edilib və güllələnib. Kərim bəy Novruzov - o Novruzov ki, çar sarayının mühafizə xidmətinə rəhbərlik edirdi, onun sonrakı taleyindən isə ümumiyyətlə məlumat yoxdur.

 

***

 

Hə, qaça bilmirlər. Elə bəlkə ölüm də onları tez yaxalayır. Son anacan belə qəddarlıqla üzləşəcəklərini ağıllarına da gətirmirdilər. İyulun 17-si gecə onları yuxudan oyadıblar. Yaşadıqları evin komendantı ailə həkimi Botkinə əmr verir ki, yarım saata hamı hazır olsun. Elə biliblər, yenə harasa köçürürlər. Əyinlərini geyinmək istəyiblər. İcazə verməyiblər. Özünü, xanımı Aleksandra Fyodrovnanı, oğlu Alekseyi, qızları Olqa, Mariya, Tatyana və Anastasiyanı, habelə şəxsi aşpazlarını və qulluqçu Anna Demidovanı aşağı, zirzəmiyə düşürüblər. Aleksandra Fyodrovna xəstə Aleksey üçün stul istəyib. Amma rədd ediblər.

 

Əvvəl onun özünü vurublar. Sonra o biri ailə üzvlərini. Qızlardan ikisi həmin an ölməyib. Onları sonradan süngüyə keçiriblər. Bax belə, 20-ci əsrin ən qəddar cinayətlərindən biri törədilib. Dünyanın ən böyük dövlətinin sahibi və onun ailəsi bir anın içində məhv edilib. Düz 99 il əvvəl adını çəkdiyimiz Yekaterinburq şəhərində çar II Nikolay və ailəsi güllələnir. Bu hadiəsdən 73 il sonra, 1991-ci ilin bu günü çar ailəsinin meyitlərinin qalıqları tapılır. Amma hamısının yox. Deyilənə görə, meyitlərin qalıqlarını xüsusi kimyəvi maddəylə yandırıblarmış. Balaca Aleksey və bacısı Mariyanın meyitinin qalıqları isə 2007-ci ildə aşkar edilib.

 

Bu hadisədən on illər keçməsinə baxmayaraq bəzi məqamlara hələ indi-indi aydınlıq gəlir. Məsələn, sən demə, çarın yaşadığı evin komendantı Yakov Yurovski sonuncu 3 gülləni də balaca Alekseyin ürəyinə sıxmışdı. Ümumiyyətlə, gülələnmə prosesində 12 nəfər iştirak etmişdi. Hərbi komissar Pyotr Yermakov hadisədən keçən 20 il ərzində çar və ailəsinin necə güllələnməsi barədə mühazirələr oxuyurmuş. Qətldən əvvəl hadisə yerinə bir neçə yük maşını gətirirlər. Sürücüyə də tapşırılır ki, mühərriki söndürməsin və durmadan siqnal versin. Bu, güllə səsinin kənara yayılmaması üçün edilib.

 

Bu hadisədən iki il sonra, 1920-ci ildə ictimaiyyətə çar ailəsinin güllələndiyi barədə məlumat verilib. Gülələnmədən bir neçə gün əvvəl çarın xanımı gündəliyində yazırmış: “Dərman hazırlayırıq”. Amma söhbət başqa şeydən gedirmiş. İş ondadır ki, çarın xanımı və qızları paltarlarnına brilyant daşlar tikrmişlər. Onlar qaçırılacaqlarına ümid edirmişlər. Maraqlıdır ki, hamını güllələyən bolşevik cəlladlar çarın şəxsi aşpazlarından birinə, Leonid Sndnova toxunmurlar. Hə, daha bir maraqlı fakt, cəlladlardan ikisi qadınlara atəş açmaqdan imtina etmişdi.

 

Uzun identifikasiyalar, analizlərdən sonra çar ailəsinin qalıqları Sankt-Peterburqdakı Petropavlovsk qalasında, Romanovların ailə sərdabəsində dəfn edildi. Mərasimə o zamankı Rusiya prezidenti Boris Yeltsin də qatılmışdı. Alimlərin qalıqların 99 faiz əminliklə çar ailəsinin üzvlərinə məxsus olmasının sübuta yetirildiyini deməsinə baxmayaraq, Rus pravoslav kilsəsi bununla razılaşmamışdı. Yeri gəlmişkən, bu mübahisələr indiyədək davam edir.

 

Çar ailəsinin son günlərini yaşadığı İpatovlar evi indii mövcud deyil. Yerində böyük kilsə tikilib. Amma bura hələ də ziyarət yeri olaraq qalır: həm rusların, həm də Yekaterinburqa gələn turistlərin…

 

# 260
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar