<b>43 kvintilyon kombinasiya, 350 milyon satış,  26 illik həsrət </b>-<span style="color:red;"> TARİX
13 iyul 2017 14:56 (UTC +04:00)

43 kvintilyon kombinasiya, 350 milyon satış, 26 illik həsrət - TARİX

73 il əvvəl, 1994-cü ilin bu günü Budapeştdə anadan olmuşdu. Atası mühəndis, anası şairə idi. 1967-ci ildə Budapeşt texnologiya və iqtisadiyyat universitetinin mühəndislik fakültəsini bitirmişdi. Memar işləyirdi.
 
70-ci illərdə Budapeştdə tətbiqi incəsənət sahəsində dərs deyirdi. Təsadüf, hə, məhz təsadüf nəticəsində. O, tələbələrə riyazi qrup nəzəriyyəsindən dərs deyirdi, amma di gəl ki, onlar başa düşmürdülər. Nə illah edirdisə, tələbələr tam ədədlər çoxluğunun toplama əməlinə görə qrup əmələ gətirdiyini anlada bilmirdi...
 
Və bir gün o, “sehrli kubu” icad etdi. Hə, məşhur o “kubik”i. Sonradan onun adını daşıyacaq, orta və yaşlı nəslin sevdiyi oyuncağı. Düz 43 il əvvəl, 1974-cü ildə. Bir il sonra Macarıstan ona hazırladığı “kubik”ə görə, patent hüququ verəcəkdi. 3 il sonra isə kütləvi istehsalı başlanacaqdı.
 
“Kubik Rubik” kimi tanıdığımız bu oyuncaq bütün dövrlərin ən çox satılan əşyası sayılacaqdı. İndiyədək düz 350 milyondan çox sehrli “kubik” sahibini tapıb.
 
Doğrudan da sehri bir oyuncaqdı. Təsəvvür edin, kubikin bütün tərəflərini uyğun rəngə görə doldurmaq üçün ağlasığmaz qədər kombinasiya mövcuddur. Və bilirsinizmi nə qədər? 43 kvintilyon. Yəni bu qədər: 43 252 003 274 489 856 000.
 
“Kubik Rubik”i ən tez yığan, daha dəqiqi, rekordçu Mets Volkdur. O, 5,5 saniyəyə “kubik”i tam hazır vəziyyət gətirib. İngilis Qrem Parker isə “kubik”i yığmağa düz 26 ilini həsr edib.
 
Bu sehrli oyuncaq SSRİ-yə 1981-ci ildə gəlib çıxdı. SSRİ onun istehsal hüququnu əldə etmək üçün Macarıstana o dövrdə fantastik sayıla biləcək məbləğ ödəmişdi: 3 milyon dollar. Moskvada nəşr olunan “Elm və həyat” jurnalı isə 1981-82-ci illərdə ən çox oxunan və kitabxanalardan ən çox oğurlanan jurnal idi. Çünki bu jurnalın hər sayında “kubik”i yığmağın yolları ilə bağlı yazılar, təhlillər dərc olunurdu. Və nəhayət bu sehrli “kubik”in yaradıcısı şərqi Avropanın ilk milyonçusu kimi tarixə düşdü. Söhbət Erne Rubikdən gedir. Bu gün 73 yaşı tamam olan Rubikdən…
 
 
# 320
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar