Astanadan Azərbaycana səyahət - “EXPO 2017”DƏN REPORTAJ

 

 

Əslində bu yazı ötən ayın sonunda yazılmalı idi. JTI şirkətinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə bir qrup azərbaycanlı jurnalist Astanada keçirilən XIV Avrasiya Media Forumuna qatılmışdı. Təbii ki, Astanaya gedib Qazaxıstanın bir neçə ildir ciddi hazırlaşdığı “EXPO 2017” beynəlxalq sərgisinə baş çəkməmək və sərgidəki Azərbaycan pavilyonunu ziyarət etməmək olmazdı.

 

Bakıya döndükdən sonra ziyarət təəssüratlarımızı qələmə almaq istədikdə, əlaqədar təşkilatlar iyulun 9-dək gözləməyi məsləhət gördülər. Niyəsini bilmək istəyirsiniz? O zaman sizi çox intizarda saxlamayaq, əziz oxucu!

 

Orijinal qazma baltası, külək pəri, xalça üzərində uçuş...

 

İyulun 9-da Astana şəhərində “EXPO 2017 - Gələcəyin enerjisi” beynəlxalq sərgisindəki Azərbaycan pavilyonunda Milli Gün təşkil olunub. Milli gün çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

 

Qeyd edək ki, sərgidəki Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilib. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır. Burada ölkəmizin tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim olunur.

 

Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır. Burada təqdim olunan foto və video materiallar ziyarətçiləri Azərbaycan tarixinə səyahətə aparır. Bu hissədə Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililərlə tanış olmaq mümkündür.

 

Milli pavilyonda həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Cilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkənin gələcəyində külək enerjisinin əhəmiyyətini vurğulayır.

 

Pavilyonun ekspozisiyasında palçıq vulkanları, bioloji tullantıların utilizasiyasının yeni texnologiyaları, yeni enerji mənbəyi kimi qaz hidratları sahəsində Azərbaycanda aparılan araşdırma əsasında qurulan eksponat, karbohidrogen hasilatının ən uyğun ekoloji yolu kimi üfüqi qazma işləri və Azərbaycandan gətirilən real neft nümunələri təqdim olunur.

 

Xüsusilə də üç model - "Çıraq 1" platformasının modeli və onu tamamlayan Xəzər dənizində neft çıxarılmasında istifadə olunan orijinal qazma baltası, Azərbaycan istehsalı olan 3 hissəli külək pəri və rotor qanadı ekspozisiyanın incisi hesab edilir.

 

Pavilyonda Azərbaycana virtual tur - səyahət də nəzərdə tutulub. İzləyicilər real xalça üzərində əyləşir, milli çalarlı musiqinin müşayiəti ilə 220 dərəcə bucaq altında əyilmiş videoproyeksiya vasitəsilə odlar və enerji yurduna fantastik uçuş edir, ölkənin rəngarəng mənzərələri ilə tanış olurlar.

 

Uşaqların palçıq vulkanı sevinci

 

İyunun 10-dan başlayan “EXPO 2017 - Gələcəyin enerjisi” beynəlxalq sərgisi sentyabrın 10-dək davam edəcək. Sərgidə 115 ölkə və 30 beynəlxalq təşkilat iştirak edir. Açığı, alternativ enerji mövzusuna həsr edilən sərgidən zövq alacağımızı güman etmirdik. Bunun ilk səbəbi odur ki, alternativ enerji sahəsi hələ dünyada arzuolunan səviyyəyə gəlib çatmayıb, yəni inkişaf etməkdə olan sahədir. Alternativ enerji ilə bağlı Azərbaycanda da, dünyada da həyata keçirilən layihələrin əksəriyyəti pilot layihədir, bir növ sınaq mərhələsindədir. İkincisi, “EXPO 2017”dəki Azərbaycan pavilyonuna gedib çıxana qədər baxdığımız digər ölkələrin pavilyonları da diqqətimizi xüsusi cəlb etmədi. Onları heç qınamadıq da - tədbirin konkret mövzusu fəaliyyət imkanlarını minimuma endirir. Bu səbəbdən Azərbaycan pavilyonunda sözün yaxşı mənasında təəccüblənə biləcəyimiz ağlımıza gəlmirdi. Amma sən demə, məhdud mövzu çərçivəsində belə fantaziyanı işə salmaq və öz ölkəni bütün gözəllikləri, milli koloritləri ilə təqdim etmək mümkün imiş.

 

Pavilyonun milli ornamentlərlə bəzədilmiş girişində ziyarətçilər TV ekranında nümayiş etdirilən milli Azərbaycan musiqilərini qulaqcıqlarla dinləyə bilirlər. Azərbaycanın 3D xəritəsində əlini istənilən bölgənin üzərinə qoysan, həmin bölgədəki küləyin sürətini öz üzündə hiss edə bilərsən. Balaca ziyarətçilərin ən sevimli məkanı 3D formatında hazırlanmış palçıq vulkanıdır. Pavilyonun finalı və kulminasiyasını isə xalça üzərində Azərbaycana virtual səyahət təşkil edir. 5 dəqiqəlik videorolik Araz çayından şimaldakı Azərbaycan gözəlliklərini bütün çılpaqlığı ilə gözlər önünə sərir.

 

“EXPO 2017”dəki Azərbaycan pavilyonunu gəzdikcə, Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyinin bu pavilyonu qurmaq üçün xeyli zəhmət çəkdiyi hər addımda hiss olunur. Bu əziyyətin miqyasını təsəvvür etmək üçün bir daha vurğulayaq - sərgi 3 ay davam edəcək. Pavilyonu qurmaq üçün sərgi öncəsi hazırlıqları da bura əlavə etsək, mənzərə tam aydın olar. Pavilyonun əməkdaşlarının bütün ziyarətçiləri gülər üzlə qarşılayıb Azərbaycan haqqında yorulmadan, usanmadan məlumat verməsini müşahidə etdikcə, bu qənaətimiz daha da möhkəmlənir.

 

Müqayisə üçün qeyd edək ki, Ermənistan da daxil olmaqla 7 ölkə birləşərək bir pavilyon icarəyə götürüb.

 

Astanaya yolu düşənlər “EXPO 2017”dəki Azərbaycan pavilyonunu ziyarət etsələr, böyük zövq alacaqlarına əmin ola bilərlər.

 

Cavid İsmayıl

APA TV-nin Xəbər müdiri

LENT

23 Aprel 2019

Digər xəbərlər >>>