<b>Polad Bülbüloğlu UNESCO-da yenilik etmək istəyir - <span style="color:red;">MÜSAHİBƏ </b>
04 iyul 2017 11:42 (UTC +04:00)

Polad Bülbüloğlu UNESCO-da yenilik etmək istəyir - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin imzalandığı gündən 20 il ötür.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində bu sənədin tarixi dəyərindən, Rusiya ilə ikitərəfli münasibətlərin dinamikasından və özünün UNESCO-nun baş direktoru olmaq şanslarından danışıb. Lent.az həmin müsahibəni ixtisarla təqdim edir.

 

- Rusiya Federasiyası ilə Azərbaycan arasında 20 il əvvəl imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin əhəmiyyətini ötən illərdəki və hazırda yaranmış siyasi vəziyyət baxımından necə qiymətləndirirsiniz?

 

- 1997-ci il iyulun 3-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilənin imzalanması da, şəksiz ki, belə məsələlərdəndir. Bu, ikitərəfli münasibətlərimizin siyasi əsaslarını önə çəkən baza müqaviləsidir. Biz artıq iyirmi ildir onun müddəalarından çıxış edərək, müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdiririk.

Müqaviləni imzalayan yüksək tərəflərin hər iki ölkənin və onların xalqlarının bərabərhüquqlu maraqları əsasında qarşılıqlı faydalı kooperasiyaya can atmaları bu mühüm sənədin əsas məramıdır. Sənəddə sülhün və təhlükəsizliyin dəstəklənməsi məsələləri əks etdirilib, bu istiqamətdə qarşılıqlı öhdəliklərin beynəlxalq-hüquqi çərçivələri dəqiq göstərilib. Məsələn, Müqavilənin 5-ci maddəsində separatizmin bütün təzahürləri pislənir, qrupların və ya ayrı-ayrı şəxslərin Tərəflərin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönələn fəaliyyətinin qarşısının alınması barədə müddəa var. Əlbəttə, bu tarixi Müqavilənin müasir Azərbaycan dövlətçiliyinin memarı, unudulmaz lider Heydər Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanması da xüsusi qeyd edilməlidir.

 

- Bu 20 ildə ikitərəfli Rusiya-Azərbaycan münasibətlərində nə dəyişib? Sizcə, respublikanın rəhbərinin şəxsiyyəti bu münasibətlərə necə təsir göstərib?

 

-İyirmi il müasir dünyada yetərincə ciddi müddətdir. Bu müddət ərzində, demək olar, bütün regionlarda böyük dəyişikliklər baş verib. Milli dövlətçiliyin inkişafı ilə bağlı tarixi proseslərin inkişaf etdiyi postsovet məkanı isə çox kəskin dəyişikliklərə məruz qalıb. Əslində, burada bir neçə mərhələ bir-birini əvəzləyib. Əlbəttə, 1990-cı illərin Azərbaycanı, elə həmin dövrün Rusiyası heç də indi gördüyümüz Azərbaycan və Rusiya deyillər. Ötən illər ərzində hər iki ölkə SSRİ-nin dağılmasının böhranlı nəticələrinin aradan qaldırılmasından tutmuş gələcəyə istiqamətlənmiş yeni inkişaf modellərinin işlənib hazırlanmasınadək böyük yol qət edib. Biz bu yolda dəfələrlə maraqlarımızı uyğunlaşdırmağın uğurlu formalarını tapmışıq, bir-birimizə həqiqətən mehriban qonşu dəstəyi göstərmişik. Məsələn, Azərbaycan Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyib və daxili bazarda qiymətlərin müəyyən qədər artmasına baxmayaraq, Rusiya istehlakçılarının təzə meyvə-tərəvəzlə təmin olunmasına sanballı töhfə verib.

Şübhəsiz ki, bu qədər çətin regionda, daim dəyişən konyunktura şəraitində siyasi kursun qurulmasında müəyyənedici rol dövlət başçılarına məxsusdur. Bu gün Azərbaycana hadisələrə strateji proqram baxışı olan çox peşəkar lider İlham Əliyev rəhbərlik edir. O, artıq 15 ilə yaxındır idarəçilik və düzgün qərarlar qəbul etmək məharəti nümayiş etdirir. Çox vaxt bu qərarların əsaslılığına yalnız müəyyən vaxt keçəndən sonra əmin oluruq. Amma cənab Prezident hadisələrin gedişatını aydın görür və buna görə də çox yaxşı nəticələr əldə edir. Bu, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərdən biri olan Rusiya ilə münasibətlərimizin inkişafına da şamil olunur.

 

- UNESCO-nun baş direktoru olmaq şansınızı necə qiymətləndirirsiniz?

 

- Mən deyərdim ki, UNESCO-nun səlahiyyətləri sahəsinə aid olan və qlobal səviyyədə üzləşdiyimiz kəskin problem və çağırışların həllinə Azərbaycanın və onun nümayəndəsi kimi mənim əməli töhfə vermək bacarığını yüksək qiymətləndirirəm. Sovet inzibatçılıq modelinin iflasa uğradığı və ümumi struktur böhranı olan bir dövrdə 18 il ərzində ölkəmin Mədəniyyət Nazirliyinə başçılıq edərkən, maliyyələşdirmənin kəskin çatışmamasına, çox vaxt tamamilə olmamasına baxmayaraq, hər halda elə fəaliyyət formaları tapa bilmişəm ki, heç bir mədəniyyət ocağının itirilməsinə yol verilməyib. Heç bir muzey, teatr, musiqi məktəbi, kitabxana bağlanmayıb. Üstəlik, mən 1994-2008-ci illərdə birinci baş direktoru olduğum Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində, eləcə də 2002-2004-cü illərdə mədəniyyət nazirləri səviyyəsində Mədəni Əməkdaşlıq Şurasına başçılıq etdiyim MDB məkanında uğurlu beynəlxalq əməkdaşlıq formatları tapmağa nail olmuşam.

Sonra Azərbaycanın Rusiyadakı səfiri kimi, humanitar əməkdaşlıq məsələlərinə böyük diqqət yetirməyə davam etdim, MDB-nin iştirakçısı olan dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun sədri kimi, "mədəniyyət diplomatiyası" sahəsində bir sıra mühüm layihə və təşəbbüslərdə iştirak etdim. Məsələn, 2010-cu ildə maestro Spivakovun idarəçiliyi ilə MDB ölkələrinin Gənclər Simfonik Orkestrinin konsertlərini təşkil edə bildik. Konsertlərdə Azərbaycandan və Ermənistandan olan gənc musiqiçilər həm Bakıda, həm də Yerevanda birlikdə çıxış etdilər.

Beləliklə, mən böhran meneceri, habelə münaqişələr şəraitində humanitar təşəbbüslər irəli sürən və onları həyata keçirən şəxs kimi dəyərli təcrübə əldə etdim. Düşünürəm ki, təcrübə və vərdişlərin belə məcmusu məni UNESCO-ya faydalı ola biləcək namizəd saymağa imkan verir.

Şansa gəldikdə isə hər bir layiqli namizədin şansı var. Gəlin seçkiləri gözləyək.

 

- Sizcə, bu təşkilatın işində nəyi dəyişdirməyə ehtiyac var?

 

-UNESCO-nun öhdəsindən gəlməli olduğu əsas vəzifə maliyyələşdirmə qıtlığı şəraitində fəaliyyətinin səmərəliliyini artırmaqdır. Bu, çox mürəkkəb və kompleks vəzifədir. Təhsilə, elmə və mədəniyyətə cavabdeh olan bu iri beynəlxalq təşkilatın həyatına bəzi əməlli-başlı siyasiləşdirilmiş məsələlərin gətirilməsi bu vəzifənin həllini son dərəcə çətinləşdirir. Zənnimcə, biz ilk növbədə siyasi polemikadan maksimum uzaqlaşaraq, UNESCO-da humanitar gündəlik ruhunu tam bərpa etməyə çalışmalıyıq. Sırf siyasi məsələlərin müzakirəsi üçün başqa təsisatlar, ilk növbədə BMT-nin Təhlükəsizlik Şurası və Baş katibi var. UNESCO siyasi məsələlərə dair istiqamətverici göstərişləri onlardan almalıdır.

Bununla yanaşı, UNESCO onun mandatındakı prioritetlərə sadiq qalmalıdır. Yəqin ki, regional bürolar və nümayəndəliklər şəbəkəsinin optimallaşdırılması məsələsi də nəzərdən keçirilə bilərdi. Yəqin ki, bir çox hallarda bu və ya digər regionda öz fəallığını BMT klasterləri çərçivəsində kooperasiya etmək məqsədəuyğun olardı. Ancaq bununla belə, optimallaşdırma birdən-birə, vəsaitin sadəcə azaldılması və kəsilməsi yolu ilə aparılmamalıdır. Ölçülüb-biçilmiş yanaşma hazırlanmalıdır. Bunun üçün mən ilk mərhələdə konkret sahələrin mütəxəssislərini cəlb edərdim. Böyük təcrübəyə malik savadlı və nüfuzlu şəxslərin potensialından istifadə olunması da əhəmiyyətlidir. Beləliklə, birgə səylərimizlə ümumi tarazlı mənzərə yaradıb, qarşıya qoyulmuş vəzifələri qətiyyətlə həyata keçirməyə başlayardıq. Məncə, bu təşkilatın mədəniyyət gündəliyini qabardan inteklllektual qərargah və ekspert mərkəzi rolu oynamaq üçün zəruri səlahiyyətləri var.

 

# 351
avatar

Oxşar yazılar