İsveçrədə muğam axşamı keçirilib
28 iyun 2017 19:35 (UTC +04:00)

İsveçrədə muğam axşamı keçirilib

İsveçrənin Bazel şəhərində "Azərbaycan mədəniyyəti inciləri" çərçivəsində "Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında" adlı növbəti layihə həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyevanın təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Respublikasının İsvecrə Konfederasiyasındakı Səfirliyinin  dəstəyi ilə Botanika bağında təşkil olunan muğam axşamında Azərbaycan musiqisinin pərəstişkarları iştirak edib.

 

Azərbaycandan dəvət olunmuş gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşaiyət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıb. Onlar 55 dəqiqə davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıb.

 

Sonda tədbir iştirakçılarına və qonaqlara təşəkkür edən Arzu Əliyeva belə tədbirlərin tamamilə fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulayaraq, gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə boyük ümid bəslədiyini bildirib və əlavə edib ki, bu kimi layihələr gələcəkdə İsveçrə musiqiçilərinin də Azərbaycanda konsertlərinin təşkilinə təkan verəcək.

 

Qeyd edək ki, Azərbaycan muğam sənətinə həsr olunmuş ikinci konsert proqramı "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi"nin sədri Qasım Nəsirovla birgə   Bern şəhərinin "Ono" Mədəniyyət Mərkəzində təşkil olunub. Bu tədbirdə də Azərbaycan musiqisinin çoxsaylı pərəstişkarlarını bir araya gətirib.

# 369
avatar

Oxşar yazılar