Azərbaycanlı müğənninin klipinə çəkilən prezidentin NAĞILI
14 iyun 2017 16:18 (UTC +04:00)

Azərbaycanlı müğənninin klipinə çəkilən prezidentin NAĞILI

8 yaşında ilk göydələnini tikib. Gecə o biri otaqdan qardaşının oyun konstruktorlarını oğurlayıb, öz otağına keçir. Səhərə qədər yatmır, həmin konstruktorlardan “göydələn” ucaldır.

Orta məktəbdə oxuyanda o qədər nadinclik edir ki, valideynlərinə çağırıb qəti şəkildə bildirirlər: Bu uşağı təcili məktəbdən götürün.

Atası məcbur qalıb 13 yaşlı oğlunu hərbi akademiyaya oxumağa göndərir.

Amma hərbi elmlər onu maraqlandırmırdı. Həmin o konstruksiyalarının yanında qalmışdı bütün fikri. Elə o uşaq konstruksiyasını xəyal edə-edə bir gün məlum oldu ki, artıq varidatının həcmi 9 milyardı keçir.

O təkcə binalar tikib satmırdı. Bəlkə də az adam bilir ki, onun biznesdə necə uğur qazanmaqla bağlı nə az, nə çox 15 kitabı var. Onlardan biri hətta belə adlanır: “Necə varlanmalı”. Deyilənə görə, bu kitabın tirajı 3 milyondan çox imiş.

Kitab bir yana, adam 100-dən çox filmdə və serialda çəkilib. Bəzilərində isə baş rolları oynayıb. Azərbaycanlı milyarder Araz Ağalarovun müğənni oğlu Eminin klipində belə çəkilib Moskvaya, “Kainat gözəli” müsabiqəsinin finalına gələndə. Emin ona deyib ki, mənim klipimdə yer alsaydız, xoşbəxt olardım. O, isə “onca dəqiqə vaxtım var” deyib. Və elə on dəqiqəyə də onu klipdə çəkiblər.

Yeri gəlmişkən, o, bir müddət “Şagird” adlı realiti-şouya da aparıcılıq edib.

Hə, bir maraqlı məqam. O, indiyədək heç kimə sübut edə bilmir ki, başındakı öz təbii saçlarıdır, ömründə heç vaxt parikdən istifadə etməyib.

1981-ci ildə qardaşı Fred 43 yaşında alkoqolizm səbəbi ilə vəfat edib. Və bundan sonra o, həyatı boyu alkoqoldan istifadə etməyib.

Onun ailə həyatı da qalmaqallı olub. 3 dəfə evlənib və bu evliliklərdən 5 övladı var.

Onun ilk arvadı İvanna Zelniçkova çexdir. Nyu-Yorka model kimi işləməyə gəlib. 1977-ci ildə evlənirlər. O, İvannaya vəd etdiyi hər şeylə təmin edir: yaxtalar, avtomobillər, evlər, bahalı zinət əşyaları və pul…Əvəzində ona 3 uşaq doğur İvanna…Amma məşhur filmdə deyildiyi kimi, axırda boşanırlar.

Bundan sonra o, aktrisa və tanınmış fotomodel Marla Meyplslə evlənir. Bu nikahdan onların Tiffani adlı qızları doğulur. Amma onlar 1999-cu ildə ayrılırlar. Boşanandan sonra ona ərindən sevimli qızı və 2,5 milyon dollar qalır.

Onun üçüncü arvadı model Melaniya olur. Özündən 24 yaş kiçik serb gözəli. Uzunmüddətli görüşlərdən sonra Melaniya onun təklifini qəbul edir, onlar evlənirlər. 2006-cı ildə, 60 yaşında cütlüyün Berron Uilyam adlı oğlanları dünyaya gəlir.

Daşınmaz əmlak və tikinti biznesi sahəsində fərasəti onu milyarder etmişdi. Adı artıq neçə illərdir ki, daşınmaz əmlak biznesində uğur simvoluna çevrilmişdi.

Dünyanın “əmlak kralı” kimi tanınıb, amma təkcə inşaat sektorunda uğur qazanmamışdı. Arada vaxt tapıb. “Miss Kainat”, “Miss USA” və “Miss Teen USA” gözəllik müsabiqələrini belə keçirib.

Və…

Və nəhayət prezident seçilib. Dünyanın fövqəldövlətinin prezidenti.


 

Onun prezident seçkiləri barədə indiyədək bəlkə də yüz minlərlə rəylər, siyasi şərhlər yazılıb. Amma biz başqa rəylərə yer verəcəyik. Dünyanın tanınmış yazıçı və şairləri görəsən onun haqqında nə düşünür?

Məsələn, tanınmış amerikalı yazıçı Corc Martin onu “Baz prezident” adlandırıb. “O, Amerika tarixinin ən pis prezidenti olacaq. Mən sizi xəbərdar edirəm”.

Başqa bir ABŞ yazıçısı Stiven Kinq o prezident seçiləndən sonra “Twitter”dən istifadə etməyəcəyini bildirib. “Onun adını belə görmək istəmirəm” deyib

Dünyanın ən zəngin qadın yazıçısı Coanna Roulinq də öz “Twitter” səhifəsində ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini bu cür şərh edib: “Harri Potter” mətbuatın necə güclü qüvvə olduğunu bizə göstərdi. ABŞ-ın prezident seçkilərində qalib gələn Respublikaçılar partiyasından namizəd Donald Tramp məni qorxudur.”

Başqa bir yazıçı isə sadəcə bunları deyib. “Nə əkərsən, onu da biçərsən”.

Onun haqqında deyiblər bu sözləri, bu gün 71 yaşı tamam olan prezidentin. Donald Trampın…

 

# 185
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar