<b>Fəhlə Şəfiqənin məşhur oğlu: Onun zədəli əllərinə “qızıl” geyindirdilər... – <span style="color:red;">5 MİN DOLLARLIQ CƏZA </b>
13 iyun 2017 18:11 (UTC +04:00)

Fəhlə Şəfiqənin məşhur oğlu: Onun zədəli əllərinə “qızıl” geyindirdilər... – 5 MİN DOLLARLIQ CƏZA

 

Sadə bir tatar ailəsində anadan olmuşdu, 60 il əvvəl, elə bu gün. Atası balıqçı Fayzrəhman, anası fəhlə Şəfiqənin evində bir oğlan da böyüyürdü; Rafiq adlı. Amma illər keçəcək, nəinki həmin Rafiqi, elə Fayzrəhmanla Şəfiqəni də məhz ona görə tanıyacaqdı bütün dünya. Kiçik oğlanları Rinata görə. Rinat Dasayevə görə…

 

Həştərxanda anadan olmuşdu. Amma nə futbola həvəsi vardı, nə də top qovmağa. Uşaq yaşlarından üzgüçülüklə məşğul olurdu. Həştərxan vilayətində keçirilən yarışlarda yer də tutmuşdu. Xəzər sahilində böyüyən bu uşaq bəlkə də üzgüçülükdə böyük uğurlar da qazana bilərdi. Amma bir dəfə hovuza tullananda əlini zədələmişdi. Anası Şəfiqə Renatın bundan sonra idmanla məşğul etməsinə yasaq qoymuşdu. Amma zavallı ana nə biləydi ki, illər keçəcək, o əllərə “Qızıl əlcək” verəcəklər. Məhz o əllərin reaksiyası, on milyonlarla sovet adamını stadionlarda, televiziya qarşısında mil kimi ayağa qaldıracaqdı. Amma buna hələ vardı…

 

***

 

Amma dinc dayanmrdı 10 yaşlı Renat. O dövrün bütün oğlan uşaqları kimi meylini futbola salmışdı. Bütün günü həyətdə top qovurdu. Atası Fayzrəhman yerli “Volqar” klubunun fanatı kimi tanınırdı. Həmin klubun uşaq komandasının məşqçisi isə onun uşaqlıq dostu Herald Blednix idi. Elə Renatı da məhz Blednixin yanına gətirir. Blednix əvvəlcə onu hücum xəttində oynadır. Amma məşqçini yarıtmır ki, yarıtmır. Belə olan halda Fayzrəhmana zəng edən məşqçi ona deyir: “Qulaq as, dost olsaq da, açığını deyəcəm. Bu uşaqdan futbolçu çıxmayacaq, gəl apar...”  Atası razılaşır. Amma bir xahiş edir: “Qoy hələ məşqlərə gəlsin, başı qarışsın, ən azı küçələrdən yığışsın”. Blednix razılaşır.

 

Amma tale elə gətirir ki…

 

Dasayevin xatirələrindən: “Bir dəfə məşqə 20 dəqiqə qalmış stadiona gəldim. Nə edəcəyimi bilmədiyimdən, nə üçünsə qapıda dayandım və komanda yoldaşımın vurduğu topu tutmağa çalışdım. Məşqçim bunu görüb mənə dedi ki, gəl, səni bu gün qapıda sınayaq. Bəlkə nə isə alındı. Mən onun sözünə baxdım və oyun ərzində qapıda dayandım, deyəsən, pis alınmadı. Bununla da mənim qapıçılıq fəaliyyətim başladı”.

 

Və hər şey də bundan sonra başladı. 1973-cü ildə Novorossiyskdə keçirilən zonalararası seçmə futbol yarışlarında Rinat Dasayev turnirin ən yaxşı qapıçısı elan edildi. 1975-ci ildə isə o, artıq Həştərxanın “Volqar” futbol klubunun əsas heyətində oynayırdı. “Volqar”da elə uğurla çıxış etdi ki, artıq Həştərxanda belə bir istedadlı qapıçının olması barədə Moskvada belə xəbər tutdular. Özü də kim? “Spartak”. “Spartak” belə bir istedadın əzəli və əbədi düşməni Kiyev “Dinamo”sunun əlinə keçəcəyindən narahat idi. Və vaxt itirmədən Həştərxana öz elçilərini göndərirlər. Atası Fayzrəhman düşünmədən razılıq verir.

 

Onu “Spartak”a “Volqar”ın baş məşqçisi Fyodor Novikov təklif etmişdi. “Spartak”da Dasayev əsas heyətə düşmək uğrunda təcrübəli qapıçı Aleksandr Proxorovla rəqabət aparmalı idi. İlk vaxtlar, bu tatar balasına Moskvada etibar etmirdilər nədənsə. Proxorov əsas qapıçı kimi yenə də oyunlara çıxırdı. “Spartak”ın heyətində ilk dəfə “Zarya” ilə oyunda meydana çıxdı və qapısından qol buraxmadı. Sonra “Lokomotiv”lə oyunda heyətdə yer aldı. Yenə də eyni nəticə. Və məhz bu oyundan sonra moskvalılar Proxorovu ikinci plana keçirib, qapını ona etibar etdilər.

 

O gün bu gün nəinki “Spartak”ın, az sonra SSRİ yığmasının qapısı da ona həvalə edildi.

Rinat Dasayev “Spartak”ın heyətində SSRİ çempionu oldu. SSRİ yığma komandasının tərkibində 3 dəfə, 1982-1986, 1990-cı illərdə dünya çempionatında iştirak etdi. O, 1980-ci ildə Moskvada keçirilən yay olimpiya oyunlarının bürünc, 1988-ci ildə keçirilən Avropa çempionatının isə gümüş mükafatçısı olmuşdu. 1988-ci ildə isə dünyanın ən məşhur qapıçısı adına layiq görülmüşdü. Renat Lev Yaşindən sonra dünyanın ən yaxşı qapıçısı adını alan ikinci SSRİ futbolçusu oldu.

 

Bir dəfə jurnalistlərdən birinin “Karyeranızda hansı il ən yaxşı olub? Bəlkə SSRİ-nin ən yaxşı oyunçusu seçildiyiniz və “Qızıl top” mükafatının sorğusunda 6-cı yeri tutduğunuz 1982-ci il, ya da dünyanın ən yaxşı qapıçısı seçildiyiniz 1988-ci il? Bəlkə də başqa il?” sualına belə cavab vermişdi.

 

- Ümumiyyətlə, futbol karyeramın bütün həyatımın ən uğurlu dövrü olduğunu düşünürəm. Futbol mənim üçün hər şeydir. Ona görə də oynadığım hər matç, qazandığım hər qələbə, hər mükafat mənim üçün eyni dərəcədə önəmlidir.

 

SSRİ-də yenidənqurma başlayanda bəzi tanınmış sovet futbolçularının da Avropaya yolu açıldı. İspaniya “Sevilya”sı onun transferi üçün Moskva “Spartak”ına 2 milyon dollar təklif etmişdi. Ölkənin idmana məsul şəxsləri isə onu SSRİ-dən buraxmaq istəmirdilər. Amma sonradan elə həmin məmurlara başa salmışdılar: 2 milyon dollara Moskvada bütöv bir mikrorayon salmaq olar, buraxın getsin. Və beləcə, İspaniyaya yollanmışdı. Amma SSRİ dağılanda bir həqiqət də ortaya çıxmışdı. Sən demə, hələ 1981-ci ildə onu “Real” transfer etmək istəyirmiş. Özü də daha böyük pul müqabilində.

 

Puldan söhbət düşmüşkən. 1986-cı ildə onu və SSRİ yığmasının başqa üzvləri Zavarovla Belanovu İngiltərə Futbol Federasiyasının 100 illik yubileyi ilə bağlı keçirilən oyuna dəvət edirlər. İngiltərə yığması dünyanın simvolik komandası ilə qarşılaşacaqdı. İngilislər həmin oyuna görə yaxşı qonorar vəd ediblərmiş. Məsələn, Maradonaya 150 min dollar, Platiniyə 3 dəfə az, 50 min. Bu 3 sovet futbolçusuna isə hərəsinə 5 min qonorar verilir. Oyun bitir, hər 3 futbolçu 5 min dollarlıq çeklərini alırlar. Həmin vaxt sovet futbolçularını müşayiət edən məmur isə onlardan pulu almaq istəyir. “SSRİ-nin büdcəsinə keçirəcəksiz” - deyir. Zavarovla Belanov razılaşır. Dasayev isə təklifi rədd edir. Buna görə onu cəzalandırırlar.

 

Hə, o, bir dəfə də cəzalandırılır. Sən demə, inanclı müsəlman Fayzrəhmanın evində böyüyən Renat hər oyuna boynuna asdığı “Quran”la çıxırmış. Komsomolçu Renatın bu əməlindən xəbər tutsalar da o, “Quran”dan imtina etmir.

 

Müsahibələrinin birindən:


- Daim üstünüzdə “Quran” gəzdirdiyiniz deyilir...

 

- Bəli. İndi də üstümdədi. Boynumdan asmışam.

 

- SSRİ vaxtı belə məsələlər qadağan idi...

 

- Mənə “Quran”ı qadağan etsələr də, öz inandığıma inanırdım. Bunu da gizlətmirdim. Öz işimi görürdüm.

 

***
 

Azərbaycan mediasına verdiyi müsahibəsində isə təmsil etdiyi Sevilyanı Azərbaycana bənzətmişdi: “Sevilyanın məxsus olduğu Əndəlüs regionu Azərbaycan kimi cənub dövlətlərinə bənzəyir. Onun əhalisi çox temperamentlidir, bayramları sevirlər. Onlar qənaət etmək yox, yaşamaq üçün pul qazanırlar. Hər ay mütləq 2-3 bayram olur. Özü də stol ətrafına bütün ailə - bacılar, qardaşlar, çoxlu əmilər, xalalar yığışır”.

 

Və “Neftçi”ni də unutmayıb. Hətta nəinki “Neftçi”də, SSRİ-də belə məşhur penalti ustası kimi tanınan Ponomaryovu da xatırlayır.

 

“Ponomaryovun zərbələri ilk baxışdan qapıçılar üçün asan görünsə də, son anda vəziyyət çətinləşirdi. Pauza ilə vururdu, həm də zərbəsi güclü olurdu. Bu səbəbdən onun penalti zərbələrini dəf etmək çətin məsələ idi”.

 

1988-ci ildə dünyanın ən yaxşı qapıçısı seçilir, baxmayaraq ki, həmin il SSRİ Avropa çempionatının finalında Hollandiyaya uduzmuşdu. Van Basten isə dünya futbol tarixinin ən gözəl qollarından birinə də məhz Dasayevin qapısına vurmuşdu.

 

Daseyev sonradan xatırlaycaqdı:

 

“Həmin il yaxşı oynadığımı bilirdim. Amma bunu gözləmirdim. Mənə bu haqda deyəndə çox sevindim. Kiyev “Dinamo”su ilə oyundan əvvəl xaricdən qonaqlar gəldi və məni mükafatla təltif etdilər. O qol isə… Heç bilmirəm, onu xatırlayım, ya yox. O, həmin nöqtədən “çərçivə”yə düşdü. Belə deyərdim ki, Van Basten vurdu, ən yaxşı futbolçu seçildi. Dasayev Van Bastendən qol buraxdığı üçün ən yaxşı qapıçı seçildi. Onu da xatırlayırlar, məni də”.

 

***

 

Onun haqqında çox danışmaq olar. Çox məqamlara aydınlıq gətirmək olar. Məncə, sizi çox yormayaq. Elə bircə faktla da yazını bitirək. Sən demə, Dasayev karyerası boyunca vur-tut bircə dəfə sarı vərəqə alıbmış…

 

Vəssalam...

 

 

# 684
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar