“Bircə gecə olmasın, yoxsa hamımızı yandırıb aparacaq” –<span style="color:red;"> PÜSKÜRƏN VULKANDAN REPORTAJ  - <span style="color:red;">FOTOLENT
13 iyun 2017 13:00 (UTC +04:00)

“Bircə gecə olmasın, yoxsa hamımızı yandırıb aparacaq” – PÜSKÜRƏN VULKANDAN REPORTAJ - FOTOLENT

Yenə püskürdü. Əslində bunu həmişə gözləmək olardı. Çünki Keyrəkinin, Bakının lap qulağının ucunda olan bu vulkanın nə vaxtsa püskürəcəyini seysmoloq və ya vulkanoloqlar belə proqonozlaşdırası deyildilər. Tanrının işi də adlandırmazdım. Tektonik hadisədir deyərdim. Amma deyiləsi başqa məqamlar da var axı. Bu gün səhər bu vulkan yenidən püskürüb. Və düz 15 dəqiqə elə bu vulkanın böyür-başında yaşayanlar əməllicə stress keçiriblər.

 

Qəribə gəldi, eləmi? Hə, düz başa düşdüz, elə bu Keyrəkinin düz böyründə insanlar yaşayır... Dünən səhər saatlarında Keyrəki yenə oyanıb, nə oyanıb... Rəsmi informasiyada deyildiyi kimi, vulkanın püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.

 

Püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.

 

Hazırda ETSN-nin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

 

Hə, bu rəsmi məlumatdır. Burada bir “püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib” ifadəsi də yer alıb. Bəs nə gəzir həmin adamlar vulkanını az qala 100 metrliyində? Biz bu məqama və həmin adamlara qayıdacağıq. Hələlik isə öyrənək görək, haradadır axı bu Keyrəki? Və niyə püskürür belə tez-tez…

 

Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir Keyrəki. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. İlk dəfə vulkan 1824-cü ildə, indiyədək isə cəmi 17 dəfə püskürüb. Ən böyüyü isə 1952-ci ildə baş verib. Püskürmə həmin vaxt 30 hektar ərazini əhatə edib. Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə də yadda qalıb. 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verib. Püskürmə müəyyən fasilələrlə 2 saat davam edib.

 

12 oktyabr 2014-cü il, saat 12:30 radələrində partlayışla müşahidə edilən püskürmə nəticəsində isə xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb. Dünən, 12 iyun 2017-ci il tarixində saat 07:00 radələrində Keyrəki palçıq vulkanında yenidən püskürmə baş verib. Və…

 

Və bu vulkanın kənarında yaşayan insanlar dəhşətli dərəcə narahatdırlar.

 

“Səhərə yaxın bərk gurultu eşitdik. Tez uşaqları oyatdım. Evin yuxarısına çıxdıq. Gördük ki, torpaq yana-yana aşığı gəlir. Biz də bir qədər aşığı düşdük ki, yanan torpaq uşaqlara bir xəsarət yetirməsin. Elə bizim evdən 100 metr arlıda dayandı”.

 

Bunu bizə həmin vulkanının, elə özünün də dediyi kimi, 100 metrliyində yaşayan və adının çəkilməsini istəməyən xanım deyir.

 

Elə sakinlərlə söhbət zamanı öyrənirik ki, Binəqədi rayonu ərazisindəki Keyrəki palçıq vulkanı ətrafındakı tikililərin söküləcəyi ilə bağlı illərdir mübahisələr gedir. Sən demə, bu ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır və qoruq elan edilib. Söküntü işlərini isə Binəqədi rayon icra hakimiyyəti həyata keçirməliymiş. Amma nəinki söküntü həyata keçirilir, əksinə, bu ərazilərdə Binəqədi bələdiyyəsi hələ də vətəndaşlara torpaq satmaqla məşğuldur. Həmsöhbətlərimizdən biri deyir ki, iki əl əvvəl alıblar bu torpaq sahəsini. Özü də 3 min manata. Heç bir sənədi yoxdur. Yerli bələdiyyə deyib ki, gedin evinizi tikin, vulkan-zad boş şeydir. Buralara yaxın gəlməyəcək. Onlar da burada özlərinə ev tikiblər.

 

Sakinlərdən biri deyir ki, ərazi onlara bələdiyyə tərəfindən satılıb, həmin qurumdan sənəd də alıblar. Maraqlısı odur ki, burada evlərin hamısı qaz, su və elektrik enerjisi ilə təmin olunublar. Və ən əsası bu yerlərdə hələ də tikinti davam edir.

 

Ərazidə söhbətləşdiyimiz insanların hamısı deyir ki, ev tikmək üçün torpaqları bələdiyyədən, yaxud onların dəllallarından alıblar. Və tikintini də bələdiyyədən aldıqları icazə əsasında aparıblar.

 

“Burada Binəqədi bələdiyyəsindən icazəsiz daşı daş üstə qoymaq olmaz. Evimizə dam vurmaq üçün belə onları görməliyik. Amma bu torpaqları bizə satanda hamını arxayın edirdilər ki, vulkana zada baxmayın, boş verin, heç vaxt püskürməyəcək.

Elə özləri də etiraf edirlər ki, əksəriyyəti bu dağın vulkan dağı olduğundan və istənilən an təhlükə mənbəyinə çevrilə biləcəyindən xəbərsiz olublar.

 

“Əsas uşalardan qorxuruq. Axdı gəldi üstümüzə, nə edəcəyik ki?” Bu ailə Xızıdan köçüb bura. Bakıda ən ucuz yerdə ev tikmək istəyiblər və onlara bura məsləhət görülüb. “Bələdiyyənin üzvü bizi bura gətirdi. Dedi ki, sənədlərinizi də düzəldəcəyik, tikə bilərsiniz. 3 min manat verdik, manatın manat vaxtı. İndi məlum olur ki, nəinki qorxuludur burada yaşamaq, həm də sökə bilərlər. Yaxşı ki, hər dəfə nazirlikdən gəlib maraqlanırlar. Onlar da deyirlər ki, buralar sökülməlidir. İcra hakimiyyəti isə bizə deyir ki, biz yox, bələdiyyə satıb bu torpaqları sizə. Onlara da dərdinizi deyin”.

 

Bu isə balaca Orxandı. Vulkanın lavası fonunda fotoqrafımıza poza verir.

 

- Qorxmursan burada yaşamaqdan?

 

- Qorxuram, amma sinif yoldaşlarıma danışıram ki, bizi evimizin üstündə torpaq əriyir. Onlar isə inanmırlar. Gülürlər mənə. Ərimir ki?

 

“Əriyir” deyirəm. Amma anası müdaxilə edir. Uşağı evə çağırır.

 

- Biz bilmirik bu nə vaxt əriyəcək, nə vaxt yuxarıdan aşağı axacaq. Bircə Allaha təvəkkül deyirik ki, gecə olmasın. Yoxsa hamımızı yandırıb aparacaq.

 

Biz də bu xanıma bir vəd verə bilmirik. Çünki Keyrəkinin nə vaxt püskürəcəyini nəinki biz, heç kim proqnozlaşdıra bilməz. Amma bildiyimiz bir şey var. Burada, bu vulkanın ətəyində hələ də evlər tikilir. Özü də sənədsiz-filansız…

 

Bütün cəhdlərimizə baxmayaraq problemlə bağlı Binəqədi qəsəbə bələdiyyəsindən və icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.

# 278
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar