Fəxri Xiyabanda Zəfər Nemətovun anım tədbiri keçirilib
06 iyun 2017 19:12 (UTC +04:00)

Fəxri Xiyabanda Zəfər Nemətovun anım tədbiri keçirilib

Fəxri Xiyabanda Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, pedaqoq Zəfər Nemətovun anım tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, xatirə mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak edib. Zəfər Nemətovun oğlu, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zəfər Nemətovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onun quruluş verdiyi tamaşaların bədii-estetik həllindən bəhs edib. Azər Paşa Nemətov qeyd edib ki, Zəfər Nemətov Azərbaycan teatrında təkcə rejissor kimi yox, pedaqoq, özündən sonra bizim teatra yüzlərlə tələbə bəxş edən müəllim kimi hörmət və ehtiramla yad edilir: “O, bütün həyatını Azərbaycan xalqı və bizim böyük mədəniyyətimiz üçün həsr edib. Zəfər Nemətovun görmək istədiyi bütün işləri biz davam etdirməliyik. O, görkəmli rejissor kimi qısa və mənalı ömür yaşayıb. Eyni zamanda deyə bilərəm ki, həyatı çətin keçsə də, özündən sonra silinməz izlər qoyub. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının binası onun zəhməti və xidməti nəticəsində yaranıb. Anım mərasimində iştirak edən bütün şəxslərə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinə minnətdarlığımı bildirirəm. Zəfər Nemətovun xatirəsi sizin simanızda əziz tutulur və bu ehtiram hissinə görə hər birinizə ailəmiz adından təşəkkür edirəm”.

Qeyd edək ki, Zəfər Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub. 1931-ci ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 1942-ci ildən - 1953-cü ilə qədər quruluşçu rejissor, 1954-cü ildən 1969-cu ilə kimi isə baş rejissor vəzifəsində çalışıb. Gənc Tamaşaçılar Teatrında “Məlik Məmməd”, “Müfəttiş”, “Qaraca qız”, “Yaşar”, “Romeo və Culyetta”,  “Komsomol poeması”, “Əlvida Hindistan” və başqa tamaşalara quruluş verib. Zəfər Nemət 1971-ci ilin 19 noyabrında 54 yaşında vəfat edib.

# 412
avatar

Oxşar yazılar