<b><span style="color:red;">SSRİ-yə səs salan azərbaycanlı rekordçu:  o, öz sahəsində inqilab etmişdi - <span style="color:red;">TARİX </b>
26 may 2017 15:35 (UTC +04:00)

SSRİ-yə səs salan azərbaycanlı rekordçu: o, öz sahəsində inqilab etmişdi - TARİX

 

O, SSRİ-də elə bir rekorda imza atmışdı ki, bu gün də təkrarlayan yoxdur. Məhz bu rekorda görə Azərbaycan SSR-in Dövlət Mükafatına layiq görülmüşdü. Cəmi 57 il yaşamışdı. Ölümündən 4 il əvvəl isə SSRİ-nin ən ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı adıyla təltif edilmişdi.

 

1927-ci ilin bu günü, may ayının 26-da Gəncədə, o vaxtkı Kirovabadda anadan olmuşdu Qəzənfər. Gələcəyin qəhrəmanı, adını nəinki SSRİ-nin, bütün dünya dəmiryolu tarixinə yazdırmış Qəzənfər Əliyev...

 

Orta məktəb illəri müharibənin ən qızğın vaxtına düşmüşdü. Məktəbi bitirəndən sonra dəmir yol peşə məktəbinə daxil olmuşdu.


 

Artıq müharibə başa çatmışdı. SSRİ-nin hər yerində olduğu kimi sovet Azərbaycanında da iqtisadiyyatın bərpası böyük vüsət alırdı. Gənc Qəzənfər 1945-ci ildə peşə məktəbini də bitirərək Kirovabaddakı Lokomotiv Deposunda köməkçi kimi fəaliyyətə başlamışdı. 3 il sonra isə 21 yaşlı gəncə etimad göstərmişdilər, maşinist təyin edilmişdi. Elə həmin ildən, 1948-ci ildən 1984-cü ilədək, düz 36 il dəmiryolunda milyonlarla ton yük daşımışdı.


 

Bir maraqlı məqam. Həmin dövrdə SSRİ dəmiryolunda elektrovozlar yox idi. Yük və sərnişin daşınması parovoz və teplovozlarla həyata keçirilirdi. Onların yükdaşıma gücü isə ən yaxşı halda 2500-3000 tona çatırdı. SSRİ-də ilk dəfə məhz Qəzənfər Əliyevin təşəbbüsüylə yedəkçi lokomotivlərdən istifadə edildi. Tezliklə, bu barədə SSRİ dəmiryolu nazirliyində də xəbər tutdular və bu təcrübə ildırım sürətiylə bütün ittifaqda uğurla sınanmağa başlandı.

 

Qəzənfərin bu, necə deyərlər, kəşfi Moskvanın diqqətindən kənarda qalmadı. 1959-cu il, avqustun 1-də Qəzənfər Əliyev SSRİ-nin ən yüksək ordeni “Lenin ordeni” ilə təltif edildi və “Fəxri Dəmiryolçu” adına layiq görüldü. Başçılıq etdiyi kollektivə “Kommunist əməyi briqadası” adı verildi.

 

70-ci illərin əvvəlində bütün SSRİ-də olduğu kimi Kirovabad Lokomotiv Deposunda da parovozları elektrovozlar əvəz etdi və yükdaşıma qabiliyyəti xeyli artdı. Amma 1971-ci il mayın 4-də sovet dəmiryolçuları Kirovbaddan gələn yeni bir rekord barədə eşitdilər. Qəzənfər Əliyev bir dəfəyə 5000 ton yük daşımağa nail olmuşdu. Və bu rekord da nəticəsiz qalmadı: O, “Oktyabr İnqilabı” ordeni ilə təltif edildi.

 

1978-ci ildə Qəzənfər Əliyev yeni rekorda imza atmağa nail oldu. Həmkarı, Moskva Lokomotiv Deposunun maşinisti, iki dəfə “Əmək Sosialist Qəhrəmanı” Viktor Fadeyeviç Sokolov 10 min ton yüklü qatarı iki lokomotivlə 235  km məsafəyə daşımışdı. Bu barədə Qəzənfər sovet dəmiryolçularının “Qudok” qəzetindən xəbər tutmuşdu. Qəzənfər Əliyev isə iki yox, bir lokomotivlə 10 min 100 ton yüklü qatarı 267  km məsafəyə sürərək SSRİ dəmir yol məkanında yeni rekorda imza atmış oldu. Hə, elə məhz bu rekordu bu günə qədər təzələyən olmayıb. Bu nailiyyətinə görə ona, Azərbaycan SSR Dövlət Mükafatı verildi.

 

İki il sonra isə Qəzənfər Əliyev illərdən bəri layiq olduğu ən ali mükafata sahib çıxdı.

 

Bir beşillikdə iki beşilliyin planlarını yerinə yetirdiyi üçün 3 oktyabr 1980-ci ildə SSRİ Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə onuncu beşillik tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsində qazandığı uğurlara görə Qəzənfər Kərim oğlu Əliyev ölkənin ən ali mükafatı olan “Lenin ordeni” və “Oraq və Çəkiç” qızıl medalı təqdim etməklə Sosialist Əməyi Qəhrəmanı adı verildi.


***

 

O, çox yaşamadı. 17 iyul 1984-cü ildə 57 yaşında vəfat etdi. Gəncə şəhər Fəxri Xiyabanında dəfn edildi. Özündən sonra 10 övlad qaldı.

 

Qəzənfər Əliyev dəmiryolçu kimi sözün həqiqi mənasında rekordlar qırıb. Hətta iki dəfə Sosialist Əməyi Qəhrəmanı moskvalı maşinist Viktor Sokolova belə, necə bir dəmiryolçu olduğunu sübut edib. Amma Rusiyada hələ də Sokolov deyəndə az qala bu ölkənin bütün dəmiryolçuları ayağa qalxıb baş əyirlər. Onun adı hər yerdə əbədiləşdirilib. Ondan qat-qat güclü bir maşinistin, dəmiryolu tarixinə adını yazdırmış azərbaycanlı Qəzənfər Əliyevin adına isə doğulduğu Gəncədə kiçik bir küçə var. Vəssəlam…

Bu gün isə bu əfsanənin 90 yaşı tamam oldu...

 

# 270
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar