"Prezident dedi, onu xilas etmək üçün ən yaxşı həkimləri gətirin" - <span style="color:red;">Səbuhi Məmmədli yazır...
22 may 2017 17:26 (UTC +04:00)

"Prezident dedi, onu xilas etmək üçün ən yaxşı həkimləri gətirin" - Səbuhi Məmmədli yazır...

 

- Həmişə zarafatla soruşurdum, Valeri Vasilyeviç, doğrudan o vaxtlar “Neftçi”yə xal verirdiniz? Heç nə demirdi, sadəcə qımışırdı. Gülmürdü e, o, ümumiyyətlə az gülürdü. Sadəcə, qımışırdı…

 

Elə onun adını daşıyan stadionun, Lobanovski adına “Dinamo” stadionunun yanında görüşürük Firudin dayı ilə. İllərlə dostluq etdiyi əfsanədən, nəinki keçmiş SSRİ və Ukraynanın, dünya futbolunun gəlib-getmiş əfsanələrindən olan Valeri Lobanovski haqda Lent.az-a danışır.

 

Deyir, Valeri Vasilyeviç Ukraynada yeganə şəxs olub ki, onu hamı sevirdi.

 

- Uşaq da, böyük də. Çox sərt adam idi. Həm insan, həm də məşqçi kimi. Futbolçularına deyirdi ki, mən diktator deyiləm, kimin məndən şikayəti varsa, etsin. Amma mənə etsin. (Gülür) Onun bir məşhur sözü də var. Deyirdi ki, oyun unudulur, amma tarixdə nəticə qalır. Rəhmətlik heç vaxt unudulmayacaq, tarixdə isə əbədi qalacaq...

 

Cəmi 63 il yaşayıb əfsanə. Firudin dayı deyir ki, çox sağlam adam idi. İnsultdan getdi. Həmsöhbətimizin dediyinə görə, bu da səbəbsiz deyildi. Biz bu səbəbə qayıdacağıq. Amma çox az adam bilir ki, sən demə, Lobanovski hələ 36 yaşındaykən mikroinfarkt keçirib. Özü də qalib gəldiyi oyundan sonra.

 

Moskvada 1976-cı il Avropa çempionatının seçmə turniri çərçivəsində İtaliya ilə oyun imiş. Həmin oyuna Brejnevdən başqa az qala sovet rəhbərliyinin elitasına daxil olan hamı gəlibmiş. Lobanovski də bunu bilirmiş. Amma sizcə nə etsə yaxşıdır? Start heyətində meydana çıxan 11 futbolçunun 11-i də Kiyev “Dinamo”sunun oyunçuları olub. Fasilədə soyunub-geyinmə otağına gələn partiya emissarları bu həngamənin səbəbini soruşublar. Hətta onun üstünə qışqırıb, haqqında ölçü götürəcəyini deyiblər. “Bu nə deməkdir, “Spartak”da, Moskva “Dinamo”sunda oyunçu yoxdurmu? Bu nə biabırçılıqdır?!” - deyə əməlli səs-küy qaldırıblar. Həmin oyunu Lobanovski 1-0 hesabıyla udmuşdu. Amma baş verən gərginlik isə onun mikroinfarkt keçirməsinə səbəb olmuşdu.

 

Firudin dayı deyir, 13 rəqəmiylə arası yox imiş. İstər “Dinamo”da, istərsə də SSRİ yığmasında işləyərkən 13 nömrəli “futbolka”nı heç kim geyməyib.

 

- Amma taleyin işinə bax ki, özü məhz ayın 13-də rəhmətə getdi. Düz 15 il əvvəl, Zaporejyedə, yerli “Metallurq”la “Dinamo” oynayırdı. Həmin oyunda onu insult vurdu. Fasiləyə yaxın. Elə stadiondan da yerli xəstəxanaya apardılar. Bir həftə komada qaldı. Həkimlər xilas edə bilmədilər. Düzdür, ilk baxışdan az qala 80 yaşlı qocanı xatırladırdı. Amma cəmi 63 yaşı vardı. Nə yaş idi ki...

 

Ağır insult keçirən Lobanovskini Zaporojyedə yerli xəstəxanaya gətirirlər. Sən demə, baş verənlər barədə dərhal o vaxtkı Ukrayna prezidenti Kuçmaya da məlumat verilibmiş. Prezident dərhal Zaporojyeyə Ukraynanın ən yaxşı həkimlərinin getməsi barədə göstəriş verir. Hələ üstəlik deyir ki, əfsanəni xilas etmək üçün dünyanın harasından lazımdırsa, həkim tapılsın. Lakin artıq gec idi. İnsult öz işini görmüşdü.

 

- Yerli həkimlər nə lazımdırsa, etmişdilər. Kiyevdən gələn həkimlər də Zaparojyedəki həmkarlarının düzgün diaqnoz qoyduqlarını, müayinə və müalicənin düzgün aparıldığını təsdiqləmişdilər.

 

Amma tibb bu məqamda əlacsız idi. Bütün gözlər Tanrıya dikilmişdi. Hamı möcüzə gözləyərkən, möcüzə baş vermədi.

 

Firudin dayı deyir ki, son illər sağlamlığında ciddi problemlər vardı.

 

- Düzdür, ilk baxışda bu hiss olunmurdu. Amma mən bilirdim ki, ağrıyır. Özü də içkini artırmışdı. Hə, içkini. Konyak içirdi adətən. Özü də fransız konyakları. Sizə bir söz deyim. Rəhmətlik çox kübar adam idi. Nəinki içkilərini, hətta geydiyi kostyumları belə xaricdən gətirərdi. Hamısı da bahalı. Hər adamla da içməzdi. Ümumiyyətlə, tək içməyi xoşlayırdı. Yeməklə də arası yox idi. Təsəvvür edin, bir şüşə konyakı içərdi, vur-tut bir dilim pendir və ya limon yeyərdi. Amma idman rejimini pozmazdı. Olub ki, axşam 3-4 şüşə içmişik, amma səhər məşqə elə gəlib ki, heç kim hiss etməyib. Oyunçulara qarşı isə olduqca tələbkar idi. Çox maraqlı yanaşması vardı. Bir də gördün, qəfil ya özü, ya da məşqçi heyətindən kimsə futbolçuların evinə getdi. Subayların da, evli olanların da, fərq etməzdi. Məqsəd də o idi ki, yoxlasın görsün, axşamlar bunlar pivə də olsa içirlərmi? Bu baxımdan çox sərt idi.

 

- Amma özü içirdi…

 

- Hə, çox içirdi. Dəfələrlə demişdim ki, Valeri Vasilyeviç, bir qədər azalt, bu səni məhvə aparacaq. Eləcə qımışırdı. Barmağını göyə uzadıb deyirdi ki, Fedya, o kişi nə yazıbsa, o da olacaq. Onunla hər adam da bacarmazdı içki məsələsində. Hər özündən deyənin dizini yerə qoyardı. Bir daha deyirəm ki, nə qədər içsə də, bir kimsə hiss etməzdi. Əslində onu qoruyan Allahdan gəlmə sağlamlığı idi. Bu qədər içməyin yanında o hələ çox yaşadı. Mən onu müayinə edən həkimlə danışdım. Deyir, beyninə qan sızmışdı. Əməliyyat eləmək üçün 2 faiz şans olsaydı, edəcəkdilər. Komadan çıxma ehtimalı isə ilk günlər 50 faiz imiş. Amma sonradan bu ehtimal lap azalıb.

 

Dəfninə yüz minlərlə insan qatılıb. Həmsöhbətimiz deyir ki, nə sovet Ukraynasında, nə də müstəqillik dövründə Kiyev heç vaxt bu qədər izdiham görməmişdi. Dəfnə prezident Kuçma şəxsən gəlmiş və nitq söyləmişdi.

 

- Ən sevimli tələbəsi Andrey Şevçenko “Milan”da oynayrdı onda. Oyunu yarımçıq qoyub, təcili Kiyevə uçmuşdu. İnanmazsınız, hətta əzəli və əbədi düşməni olan Moskva “Spartak”ının azarkeşləri belə gəlmişdilər. Çox böyük izdiham vardı. Ölkə yas içindəydi. Dəfndən dərhal sonra isə Kuçma Lobanovskiyə ölkəsinin ən ali mükafatını, “Ukrayna Qəhrəmanı” qızıl ulduzunun verilməsi barədə sərəncam verdi.

 

Hə, daha bir maraqlı fakt. Sən demə, Lobanovskinin ləqəbi “Polkovnik” imiş. Bu da səbəbsiz deyilmiş. Daxili İşlər Nazirliyinin komandası olub axı “Dinamo”. Bu rütbəni nailiyyətlərinə görə vermişdilər.

 

- Mundiri də, tapançası da vardı. Amma heç kim hələ onu bu mundirdə görməmişdi. Əslində, çox az adam bilirdi ki, o, polkovnikdir.

 

***

 

Əfsanə öləndən iki gün sonra Şotlandiyanın Qlazqo şəhərində Çempionlar Liqasının final matçı keçirildi. “Real”la Almaniya “Bayer”i qarşılaşırdı. UEFA-nın qərarıyla oyundan öncə onun xatirəsinə 1 dəqiqəlik sükut elan olundu. Maraqlısı o idi ki, bu, bir ilk idi. Nə ondan əvvəl, nə də ondan sonra, UEFA-nın belə bir qərarı olmayıb.

 

- Heç olmayacaq da... Çünki belə adamlar dünyaya nadir hallarda gəlir. O bir əfsanəydi, gəldi və getdi. Və bir daha gələcəkmi, onu Allah bilir. Gəl onun ruhuna bir əlli qram...

 

- Konyak?

 

- Hə, qoy ruhu şad olsun...

 

Səbuhi Məmmədli,

Kiyev
 

 

 

# 146
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar