<span style="color:red;">Yoxa çıxan çobanın SİRRİ:  "Daşı sürt, eşşəyin qızdırması düşəcək" - <span style="color:red;">Səbuhi Məmmədli elə bir yerdən yazır ki...  - <span style="color:red;">FOTOLENT
11 may 2017 17:00 (UTC +04:00)

Yoxa çıxan çobanın SİRRİ: "Daşı sürt, eşşəyin qızdırması düşəcək" - Səbuhi Məmmədli elə bir yerdən yazır ki... - FOTOLENT

 

 

- Qardaş kənara çəkil, yaxınlaşma…

 

- Nə olub ki?

 

- Sarımsaq yemişəm ee, ağzımdan od saçır.

 

- Narahat olma, mən də sarımsaq yeyənəm. Sarımsaqdan hələ heç kimə ziyan gəlməyib. Bura Şıxlı kəndidir, eləmi?

 

- Hə, Şıxlıdır. Kimə qonaq gəlmisiz?

 

- Pirə…

 

Pir adını eşidincə eşşəkdən, daha doğrusu, eşşək arabasından düşdü. Əlini də ağzının üstünə qoyub dilləndi:

 

- Hansı pirə?

 

- Neçə dənədi ki burada?

 

- O qədər var ki...

 

Və başlayır sadalamağa, qurtarmır ki, qurtarmır: “Hacı Hüseyn Baba Piri” , “Seyid Baba Piri”,  “Tapdıq Baba Piri”, “Saleh Baba Piri”, “Hacıxəlil Piri”… Hər dəfə də ad çəkəndə salavat çevirir. Biz də ona qoşuluruq.

 

- Hamısı övliya olub ha, şəkk gətirənə qənim olar.

 

- Əstəğfürullah, qardaş, nə şəkk. Amma başqa pir var axı deyirlər burada, bu kənddə. Mal-qaranın dərdinə dava olan pir. Onu axtarırıq.

 

- Mal gətirmisiniz?

 

- Yox, hələ özümüz gəlmişik. Mal-qaranı sabah gətirəcəyik.

 

- Gedək göstərim…

 

25-26 yaşlı gənc bir oğlandır. Düzü, heç adını da demədi. Danışmadı yol boyu. Əli ağzında durub susdu, sarımsaq yeyib axı...

 

Kənddən xeyli aralanırıq. Düzü, ilk dəfəydi ki, eşşək arabasına minmişdim. Ayaqlarımı qatlayıb, necə deyərlər, çömbəlib oturmağın diskomfortundan da elə qardaş özü qurtardı.

 

- Narahtsansa, gəl sən sür arabanı.

 

- Hər şey qaydasındadır, çox qalıb?

 

Əli ilə kəndin az qala 3-4 kilometrliyində yerləşən bir ağaclığı göstərir.


 

- Qurbanolduğum ordadı. Elə mən də ora gedəcəkdim sabah. Qızdırması var bunun-eşşəyi göstərir - aparım çarə tapsın…

 

***

 

Bura Ağdaş rayonunun Şıxlı kəndidir. Rayon mərkəzindən 10-15 km aralıda yerləşən bu kəndin əhalisi əsasən maldarlıqla məşğuldur.

 

Deyilənə görə, bu kəndin camaatı, daha doğrusu, onların babaları iki əsr öncə bura Göyçayın indiki Mallı Şıxlı kəndindən gəliblər. Mallı Şıxlıdan əvvəlcə 3-4 ailə, əsasən qohum olanlar köçüb gəlib. Yeni gəlmiş ailələr bir-birindən 300-400 metr aralı yaşamağa başlayıblar. Bundan sora bu kənddə məskunlaşma davam edib. Düzdür, kənddə görüşdüyümüz Ramil adlı molla əsillərinin Qazağın Şıxlı kəndindən olduğunu iddia edirdi. Amma ağsaqqalların dediyinə görə, belə deyil, onlar Göyçaydan gəlmədilər.


***

 

Hə, pirdən danışırdıq axı. Mal-qara pirindən. Daha doğrusu, mal-qaranın şəfa tapdığı pirdən. Kənddən bu pirə yol yoxdur. Daha doğrusu, var, sadəcə, buna yol demək olmaz. Ora çatmaq üçün azı 4 kilometr piyada getməlisən. Mal-qaradan fərqli, insan üçün zülmdür. Kol-kosun, gicitkənliyin arası ilə addımlamaq. Amma mal-qaramızı bura gətirəcəyimizi də göz önünə aldığımızdan, getməliyik, təbii.

 

Əvvəlcədən bir məqamı xüsusi vurğulayım, sonrasına baxarıq. Ağdaşda sakinlərin “mal piri” adlandırdığı yerə təkcə adamlar yox, heyvanlar da gəlir. İnsanlar bura gətirilən heyvanların xəstələnməyəcəyinə, xəstədirsə, sağalacağına inanırlar.

 

Sakinlər inanır ki, buradakı, yəni pirdəki daş müqəddəsdir, onun ətrafında bitən otlar isə mal-qaraya şəfa verir. Heyvanlar nəinki bu otlardan yeyəndə, hətta iyləyəndə, ayağı dəyəndə belə xəstəlik tapmır.

 

Maraqlısı odur ki, “mal piri” adlanan bu yer təkcə Ağdaşda deyil, ətraf rayonlarda belə məşhurdur. Yevlaxdan, Göyçaydan, Ağcabədidən, Zərdabdan bura şəfa üçün gələnlər və  mal-qara gətirənlər var.

 

***

 

Ağaclığın altında dəmir torla hasarlanmış bir yerdir. Qapı da qoyublar. Elə bu qapının qarşısında dua oxuyub, içəri girməlisən. Duanı bizim əvəzimizə eşşəyini müayinə və müalicəyə gətirmiş qardaş oxuyur. Daha doğrusu, dilinin altında nəsə mızıldanır və biz nəhayət, bu “sirri-xuda”yla tanış olmaq üçün içəri giririk. Uzunluğu 1 metr, eni 40 santimetr, elə hündürlüyü də təxminən o qədər olan bir daşdır. Üstündə xırda daşlar düzülüb. Biz bu daşlara qayıdacağıq. Amma hələ ki, bu yekə daşa baxırıq. Gözlərimizi döyə-döyə…

 

- Burada nə yazıldığını ancaq qrubanolduğum pir bilər. Nə bilm nə yazılıb. Amma bu daşın altında övliyanı basdırıblar. Hamı da şəfa tapır bu daşdan.

 

- Hamı deyəndə ki, adam ya heyvan?

 

- Əsas heyvan, mal-qara. Bax da, inanmırsan? Gör nə qədər qoyun gətiriblər!

 

Düz deyir. Ətrafda balaca bir sürü və balaca bir oğlan uşağı görünür. Pirə gəliblər. Uşaq tək deyil, atası da yanındadır. Amma nə danışmağa, nə də şəklini çəkməyə icazə verir.

 

- Burada yazılanları heç bir alim oxuya bilmir. Çünki qurbanolduğum özü icazə vermir. Bax, o “navesi” görürsən - kənardakı tikilini göstərir - gəlirlər qurban kəsirlər, yoldan keçən adamlar, kimsəsizlərə paylayırlar, gedirlər. Mal-qara da şəfa tapır.

 

- Mal-qaranı kəsirlər ki, mal-qara şəfa tapsın?

 

- Hə, onsuz olmaz ki…

 

Hə, bu hələ harasıdır? Sən demə, mal-qara bu daşın ətrafındakı otlardan yeməsə, sağalmayacaq. Bundan əlavə, nəzir də verməlisən ki, mal-qara bu otlardan yeyəndən sonra duan müstəcəb olsun. Nəzir verməsən, nə qurbanın qəbul olunacaq, nə də duan məlum ünvana çatacaq. Mal-qar üçün məhdudiyyət yoxdur. İstər iribuynuzlu, istərsə də xırda buynuzlu, fərqi etməz. Hətta baytara-filana da ehtiyac yoxdur, pir mütləq xəstəliyə əlac edəcək. Dabaq xəstəliyindən tutmuş, qarayaraya qədər hər cür heyvan xəstəliyinin əlacıymış bu pir.

 

Salavat çevirə-çevirə daşın ətrafına dövrə vuran Ramil deyir ki, ola bilər, kiməsə qəribə görünsün, amma bu camaatın inancıdır, burada şəfa tapır heyvanlar.

 

- Şəxsən sən bura heyvan gətirmisənmi? Xəstəliyinə əlaca tapılıbmı?

 

Maraqlıdır ki, Ramil susur, daha doğrusu belə cavab verir:

 

- Qardaş, inanırıq da…

 

Sən demə, buranın olduqca maraqlı bir tarixçəsi var.

 

Bax, şəkildə gördüyünüz iri daşın altında, sən demə, bir çoban yatır. Kənd ağsaqqalları deyir ki, məhz bu yerdə bir çoban mal-qarasını otarırmış, günlərin bir günündə həmin çoban elə burada, bu daşın yerindəcə qeyb olub. Mal-qarasıyla birgə. Sonradan kimsə burada həmin çobanını qəbir daşını, yəni bu daşı qoyub və… indiyədək də bura ziyarətgahdır…

 

***

 

Bu mal-qara pirinə ilin bütün fəsillərində baş çəkmək mümkündür. Əsasən də yaz və yay fəsillərində. Bir qədər kənardan arx axır. Həmsöhbətimizin dediyinə görə, əvvəlcə həmin arxdan su içməlidir heyvanlar. Sonra isə buradakı otlağa gətirilməlidir. Sən demə, o su da, elə bu otlaq da şəfavericidir.

 

- Elə inək olub ki, yük maşınından zorla düşürüblər, yeriyə bilmirmiş. Yarım saat burada su, ot veriblər, sonra tuta bilmirmişlər. Şəfa tapıb burada. Ya da qoyun-quzu. Burada iki-üç dövrə vursa, nəinki xəstəlik tapacaqlar, heç canavar belə onlara yaxın düşə bilməyəcək. Amma…

 

Hə, buranın da bir əmması var. Gərək pirə sidq ürəklə, inanıb gələsən. Nəziri də ürəklə verəsən. Kəsdiyin qurbanda isə gözün qalmasın. Azca şəkk gətirdin, duaların keçməyəcək.

 

O qəbir daşının üstündəki, fotolarda gördüyünüz daşlardan danışırdıq axı. Onlar da orada təsadüfi deyil. O daşlar, necə deyərlər, əsil şəfa predmetləriymiş.

 

Həmsöhbətimiz deyir ki, çaylaqdan, ya pirin ətrafından bir qənbər daş götürüb heyvanın alnına sürtsən, onun xəstəliyi mütləq keçəcək. Guya buranın daşları da şəfavericiymiş.

 

- Daşı da, torpağı da tütyədir buranın. Bura gələn mal-qara hələ əlacsız, şəfasız qayıtmayıb. Yüz illərdir ki, belədir. Bu daşlardakı hikmətdən heç alimlər də baş çıxara bilmirlər. Buranın suyu, otu, hələ havası. Gəlin gedək, camaat mal-qarasını gətirir, mane olmayaq.

 

***

 

Mane olmuruq, təbii. Amma bir sualımız açıq qalır hər halda. Bu nəzir, qurban payları hara gedir?

 

Sən demə, kəndin hörmətli hacısı varmış. Bu pirin kurasiyası da ondaymış…

 

***

 

- İndi bu eşşəyin qızdırması düşəcək?

 

- Qurbanolduğumdan sonra görmədin necə iştahla otladı? İştahı yox idi ki. Su da içdi, alnına daş da qoydum, otdan da qarın dolusu yedi. Niyə düşməsin ki?

 

Hə, də niyə düşməsin ki? 21-ci əsrin 17-ci ilinin 5-ci ayıdır…

 

Mütləq düşəcək…

 

***

 

REDAKSİYADAN MÜHÜM ƏLAVƏ:

 

“SpaceX” şirkətinin rəhbəri İlon Mask (Elon Musk) planetlərarası sivilizasiyanın inkişafının zəruriliyini vurğulayaraq, Marsa planlaşdırılan uçuşlar barədə danışıb.

 

İİ. Mask bildirib ki, insanlıq Yerdə indiki kimi hərəkətsiz də yaşaya bilər, planetlərarası sivilizasiyaya çevrilə də bilər: “Başlıca məqsəd Marsda məskən, şəhər salmaqdır. Yalnız o zaman biz planetlərarası sivilizasiya növünə çevrilə bilərik.
 

Planetlərarası sivilizasiyaya çevrilmək üçün yeganə rasional variant Marsa yollanmaqdır. Əgər biz Aya getsək, planetlərarası sivilizasiya ola bilmərik, çünki Ay peykdir. Mars vaxtilə Yer kimi olub. Mars kifayət qədər Günəş işığı alır, biz orada bitki yetişdirə bilərik”.

 

Marsa uçacaq raketin maketini təqdim edən İ. Mask hər gəminin 12-15 dəfə istifadə olunacağını, bir gəmiyə 100-ə yaxın insanın (baqajla birlikdə) yerləşəcəyini söyləyib. Şirkət 10 min uçuşla Marsa 1 milyon adam daşımağı planlaşdırır: “İlk uçuşdan etibarən bizə 40-100 il lazım gələcək ki, Marsda müstəqil sivilizasiya quraq”.

 

Şirkət rəhbəri qeyd edib ki, 2035-ci ilədək Marsa 80 günə uçmaq mümkün olacaq. Orta uçuş müddəti isə 115 gün olacaq.

 

***

 

Ayrı heç nə...

# 128
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar