<b>“Bizim qəzetə Lenin, Kirov, Stalin, hətta Nərimanov da yazırdı...” – <span style="color:red;">“Pravda”nın baş redaktoru Lent.az-a danışdı </b>
05 may 2017 18:30 (UTC +04:00)

“Bizim qəzetə Lenin, Kirov, Stalin, hətta Nərimanov da yazırdı...” – “Pravda”nın baş redaktoru Lent.az-a danışdı

“Yox, geniş tədbir keçirməyəcəyik. Sadəcə, redaksiya yığışacaq, vəssalam”. Bunu Lent.az-ın əməkdaşı ilə söhbətində “Pravda” qəzetinin baş redaktoru Boris Oleqoviç Kometski deyir.

 

“Pravda” mövzusuna müraciət etməyimiz təsadüfi deyil. SSRİ-nin bir nömrəli qəzetinin, ideologiya ruporunun bu gün 105 yaşı tamam olur. “Pravda” elə bir qəzet idi ki, demək olar, hər bir sovet ailəsinin evinə girirdi. Vaxtıyla tirajı 12 milyon olan bu qəzet dünyanın ən böyük nəşri hesab edilirdi. İndi isə…

 

 

- İndi tirajımız 100 min civarındadır. 4 səhifəylə nəşr edilirik. 6-cı günlər isə 8 səhifə. Rusiya Kommunist Partiyasının orqanı sayılırıq. Amma vaxt vardı, tirajımız milyonlarla nüsxə idi.

 

- Nostalgiyaya qapılırsınızmı?

 

- (Susur) Niyə də olmasın? Axı bir zaman dünyanın ən böyük qəzetinin varisiyik. Ağlasığmaz qəzet olub “Pravda”. Bura kimlər yazmayıb? Lenin, Kirov, Stalin, Zinovyev, hətta sizin Nərimanov. Amma quruluş dağılandan sonra bir müddət qadağan olunub “Pravda”. Yeltsinin vaxtında. Sonradan yenə bərpa olunub. İndi məhdud tirajla çıxırıq. 100 min bizim üçün məhduddur, təbii. 12 milyonun qabağında 100 min nədir ki?

 

Boris Oleqoviç deyir ki, hazırda 15 işçisi var. Əməkhaqqı isə o qədər də böyük deyil.

 

- Gənclər işləmir, bu, birmənalıdır. Hamısı köhnə jurnalistlərdir. Gəlmir gənclər “Pravda”ya. Səbəbini də bilmirəm. Nə saytımızda, nə də qəzetin özündə gənclər yoxdur. Görünür, bizim gənclər əsil jurnalistikayla məşğul olmaq istəmirlər. Sarı mətbuat xoşlarına gəlir.

 

- Əməkhaqqı nə qədərdir indi?

 

- Çox azdır. 400 dollar civarında. Amma qonorar da olur. Düzdür, çox deyil, amma var. Yeri gəlmişkən, seçki vaxtı əlavə bülletenlər də çap edirik. Bir milyon tirajla. Yoldaş Züqanov seçki vaxtı belə məqamları nəzərə alır.

 

- Züqanov bu gün sizi təbrik etdi?

 

- Hə, təbii ki. Saytımıza məktub da göndərdi.

 

- Bəs bayram etməyəcəksiz? Axı 105 yaşınız tamam olur.

 

- Yox, dar çərçivədə oturacağıq. 100 illiyimizdə Medvedev belə bizə təbrik göndərdi. Yüksək səviyyədə qeyd etdik. 110 yaşda bəlkə böyük tədbir keçirdik. Amma hər yerdən kommunistlər bizə təbrik göndərirlər.

 

- Azərbaycandan da?

 

- Yəqin ki. Çünki yüzlərlə təbrik var. Köməkçim səhər tezdən mənə verib məktubları, hələ hamısına baxmamışam. Amma ötən yubileydə Azərbaycan kommunistləri təbrik göndərmişdi.

 

- Deyirsiz 15 işçiniz var. Həftədə 3 dəfə nəşr olunursuz…

 

- (Sözümü kəsir) Hə, azdır. Amma sizə bir məqamı deyim. Vaxtıyla “Pravda”nın təkcə məktublar şöbəsində azı 15 işçi çalışırdı. Ona görə də tirajı 12 milyonu keçirdi. İndi başqa zamandır.

 

- Hansı zaman?

 

- Liberalların zamanı…

# 243
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar