Qəddafi çantama 50 min dollar qoydu – <span style="color:red;">Azərbaycanlı iş adamı Səbuhi Məmmədliyə danışır
01 may 2017 17:43 (UTC +04:00)

Qəddafi çantama 50 min dollar qoydu – Azərbaycanlı iş adamı Səbuhi Məmmədliyə danışır

 

- Bax, burda, elə bu otluğun üstündə qurmuşdu çadırını. Mühafizəçiləri də qadınlar idi. Bir kişi də gözümə dəymədi. Amma bizim xüsusi xidmət orqan işçiləri, milislər, mülki geyimdə ətrafda dolaşırdılar. O çadırın ətrafında quş da uça bilməzdi.

 

Firudin dayı danışır bunları Lent.az-a. 80 yaşlı Firudin Məmmədov. 60 ildən çoxdur, Kiyevdə yaşayır. Fəhlə də işləyib, trest rəisi də, sonradan isə öz biznesini qurub. İndi də kiçik bir restoranda, “Marinski dvor”da oturub, qocalığın, necə deyərlər, kefini çıxarır.

 

Ətrafı çox geniş olub Firudin dayının. Dostlarının arasında kimlər yoxdur? Ukraynanın bütün dövlət başçıları - Kravçuk, Kuçma, Yuşşenko, Yanukoviçdən tutmuş Surkis kimi futbol klubu prezidentlərinəcən. Hətta əfsanəvi Valeri Lobanovski ilə belə münasibətləri olub.

 

Hə, bayaq çadırdan-filandan nahaq danışmadıq. Firudin dayı Liviyanın qətlə yetirilmiş lideri Müammar Qəddafinin də şəxsi qonağı olub bir zaman. Özü də Liviyada, paytaxt Tripolidə. Sonradan bir dəfə də görüşüblər. Bu dəfə Kiyevdə. Yaxşısı budur, özü danışsın.

 

- Hər şey qəfil və gözlənilməz oldu. Rəhmətlik Qəddafinin müsəlman ölkələrinə, daha doğrusu, icmalarına kömək etdiyi barədə çox oxumuşdum, eşitmişdim. Bir gün ağlıma belə bir fikir gəldi. Qələm-dəftəri götürüb, Liviyanın Ukraynadakı səfirinə məktub yazdım. Yazdım ki, cənab səfir, Kiyev Avropanın ən böyük şəhərlərindəndir. Bu şəhərdə on minlərlə müsəlman yaşayır. Amma bircə normal məscidi yoxdur. Xahiş edirəm, dövlət başçınıza bizim xahişimizi çatdırın, bu şəhərdə bir məscid tikdirsin. Məktubu poçtla göndərdim. Üstündən bir həftə keçməmiş səfirlikdən xəbər gəldi ki, sizin xahişiniz Liviya inqilabının lideri Müammar Qəddafiyə çatdırılıb. Fikirləşdim ki, formal cavabdı, göndəriblər. Nə biləydim ki, əsil həngamə bundan sonra başlayacaq (Gülür).

 

Hə, Firudin dayının dediyi o həngamə də nə olsa yaxşıdır? Həmin cavabdan bir ay keçməmiş Firudin Məmmədovun yaşadığı ünvana bir məktub gəlir. Onu Liviya səfirliyinə çağırırlar.

 

- Səhər tezdən durub səfirliyə getdim. Xətir-hörmətlə içəri çağırıb, səfirin otağına apardılar. Səfir mənə dedi ki, hazırlaş, gedirsən, kişi səni gözləyir. (Gülür) Əvvəl elə bildim zarafat edir. Qayıtdım ki, cənab səfir, mənim heç xarici pasportum yoxdur. Dedi, təcili al, gəl bura, Tripolidə artıq səni gözləyirlər. Fikirləşdim ki, mən hara Liviya hara, niyə başımı cəncələ saldım axı? Nə isə, bir həftənin içində pasportumu alıb, səfirliyə gəldim. Elə həmin gün də vizamı verdilər. 3 gündən sonra Almaniyaya, oradan da Liviyaya uçdum.

 

Firudin dayı deyir ki, onu orada dəbdəbəylə qarşılayıblar. Bir neçə bahalı maşının müşayiəti ilə Tripolinin ən gözəl otelinə gətiriblər. Yemək-içməyi də ki, öz yerində. Deyir, bircə quş südü çatmırdı. Hər şey də limitsiz. İki gün həmin oteldə qalıb. İkinci gün axşam isə ona deyiblər ki, səhər tezdən Qəddafiylə görüşəcəksən. Deyir, gecəni yatmadım, səhəri dirigözlü açdım.

 

- Səhər yenə bir bahalı maşına əyləşdirdilər, getdik görüşə. Onun olduğu yerə çatanda üstümü yoxladılar. Hətta qayışımı belə çıxardılar. Üst-başımı ələk-vələk eləyəndən sonra içəri keçdim. Durub qabağıma gəldi. Kresloya dəvət etdi, üzbəüz oturduq. Nədən danışdıq? Hər şeydən, mənim kimliyimlə maraqlandı. Niyə məscidin olmadığını soruşdu Kiyevdə. Mən də danışdım ki, iqtisadi vəziyyət yaxşı deyil, dövlətdən tələb edə bilmirik. Başını yellədi. Dedi, sizə mütləq kömək edəcəm. Sonra da yemək yedik. Ayrıldıq. Çox mehriban və səmimi insan idi. Deyirdi, mən istəyirəm ki, bütün dünya müsəlmanları bir araya gəlsin. Onda Amerikanın, Avropanın qarşısında dura biləcəyik. Bir xeyli danışdıq. Sonra mən yenidən otelə qayıtdım.

 

Amma bu Liviyada Qəddafiylə son görüşü olmur Firudin dayının. İki gün sonra onu yenidən Qəddafinin yanına aparırlar. Bu dəfə tək görüşmür Liviya rəhbəri ilə. Yanında bir neçə naziri və köməkçisi də varmış.

 

- Mənə dedi ki, sənin xahişin yerinə yetiriləcək, artıq səfirə bu barədə təlimat verilib, nə lazımdırsa, kömək göstəriləcək. Mənə dedi ki, sənin özünə nə kömək edim? Dedim, sizin can sağlığınız bizə bəsdi. Baxışıyla yanındakıların birinə işarə elədi. O da tez balaca bir diplomat gətirdi. Qayıtdı ki, bu da sənin hədiyyən, Liviyadan səni hədiyyəsiz yola sala bilmərəm. Təşəkkür etdim. Ayağa durdu, qucaqlaşıb, sağollaşdıq. Diplomatı oteldə açanda nə görsəm yaxşıdır? İçinə 50 min dollar, bir videokamera və fotoaparat, bir dəst də kostyum qoydurub.

 

***

 

2008-ci ilin noyabrında Qəddafi Ukraynaya rəsmi səfərə gəlir. Çadırını da elə  Firudin dayının sahibi olduğu “Marinski dvor”un yaxınlığındakı parkda qururlar. Heç kimə sirr deyil ki, Qəddafi hansı ölkəyə səfər edirdisə, öz bədəvi çadırını da ora aparırdı.

 

- Mənə dedilər ki, ora nəinki yaxınlaşmaq, hətta yanından keçmək belə olmaz. Yuşşenkonun prezidentliyi vaxtıydı. Onun administrasiyasında tanıdığım adamlar vardı. Bütün vasitələrə əl atdım. Dedim, siz sadəcə ona çatdırın kim gəlmək istəyir, özü çağıracaq. Axşama yaxın bir də gördüm ki, qaçıb gəliblər dalımca. Dedilər, səni çağırır. Görən kimi tanıdı. Ayağa durub görüşdü. Sonra elə bax, bu gördüyün parkda gəzişməyə başladıq. Gəzişə-gəzişə gəlib çıxdıq, bura, restorana, “Marinski dvor”a. Dedim bura mənimdi, sən də indi mənim qonağımsan. İçəri girdik. Bax, bu stulda oturdu. Məscidin taleyini soruşdu. Dedim yeri alınıb. Sevindi.

 

- Nə yedi, nə içdi?

 

- Heç nə yemədi. Amma su içdi. Çay qoydurmaq istədim, dedi çayı südlə içirəm. Həmin vaxt da süd yox idi burada. Aldırmağa adam göndərəcəkdim, dedi gecdir, vacib görüşlərim var. Sağollaşıb, ayrıldıq…

 

Firudin dayı deyir ki, onun ölüm xəbərini eşidəndə, daha doğrusu görəndə, bir neçə gün özünə gələ bilməyib.

 

- Ona qarşı düz eləmədilər. Heç düz eləmədilər. Hamısını da Sarkozi elədi. Qəddafiyə  3 milyard borcu vardı, qaytarmırdı. Amerikanı tovladı, Liviyanı o günə saldılar. Heyf o dövlətdən…

 

Bəs məscid? Məscid isə tikilmədi... Çünki Qəddafi artıq dünyada yox idi...

 

Səbuhi Məmmədli,

Kiyev   

# 241
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar