[b]Sibirin sirri, qeybə çəkilən türklər, sayı yüzlərlə qalan hun nəvələri...- ARAŞDIRMA - I HİSSƏ[/b]
19 aprel 2017 17:11 (UTC +04:00)

[b]Sibirin sirri, qeybə çəkilən türklər, sayı yüzlərlə qalan hun nəvələri...- ARAŞDIRMA - I HİSSƏ[/b]

- Salam. Adım Xəqanidir. Uzaq Sibirdə, Bratskda yaşayıram. Xahiş edirəm, mənim dostluğumu qəbul edəsiniz Feysbukda.


 

Bratsk bu sətirlərin müəllifinə tanış şəhərdir. Keçən ilin elə bu vədələrində Lent.az-ın layihəsi ilə düz Bratska, daha doğrusu, oradan da 700 kilometr şərqə, Tayqanın dərinliklərinə gedib çıxmışdıq; Anqoya qəsəbəsinə. Bu qəsəbədə hələ 70-ci illərdə BAM-ı tikən azərbaycanlılar yaşayır. Mərhum prezident Heydər Əliyev də hələ SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini işləyərkən məhz buralara gəlib çıxmış, tikintiyə şəxsən nəzarət etmişdi.

 

Ağlıma ilk gələn də bu oldu, dostluğu qəbul etdim. Amma sən demə, belə deyilmiş.

Kurkosadan, o tənha adada yaşayan tənha Vitaliylə bağlı yazılarımı oxuyubmuş. Xəqaniylə ilk salamlaşmada isə məlum oldu ki, təkcə Kurkosa, Vtaliyə görə axtarmırmış məni.


 

- Siz buralara gələ bilərsinizmi? Burada nəinki tənha adamlar, tənha xalqlar belə yaşayır. Sibirin dərinliklərində elə türkdilli xalqlar var ki, sayları yüz nəfərlərlə ölçülür. İtib gedirlər. Sizin üçün maraqlı olmazmı?

 

Əslində, hə, bu maraq sövq elədi bu yazını yazmağa, daha doğrusu, ilkin araşdırmaya. Elə Xaqani bəyin köməkliyi ilə kiçik araşdırmadan sonra məlum oldu ki, hazırda uzaq Sibirdə sözün həqiqi mənasında nə qədər türk xalqı yaşayırmış; sayları hər gün azalan, itib-gedən bütöv xalqlar...


***

 

Xəqani deyir ki, neçə ildir Bratskda yaşayır, Sibir türklərinin tarixi, indiki vəziyyəti həmişə onu maraqlandırıb.


 

- O gün bütün dünyada Ana Dili Günü qeyd edilirdi. Hər il bu gün gələndə yadıma güneyli soydaşlarımız, bir də Sibirin dərinliklərində yaşayan türkdilli xalqlar düşür. Siz bilirsinizmi, hazırda Rusiyada 11 türkdilli xalq var ki, yox olmaq üzrədir. Təsəvvür edin, Hun dövründən qalma xalqlardır. Yüz illər əvvəl necəydilər, indi də elədirlər. Yenə maral saxlayırlar, balıq tuturlar, ovçuluqla məşğuldurlar. Dini inancları da totemizmidir, şamanizmdir.

 

Xəqani bəyin dediyinə görə, hazırda bu 11 türkdilli xalqdan ən böyüyü (?) şorlardır.

 

- Təsəvvür edin, hələ böyüyü şorlardır, onların da sayı, rəsmi statistikaya görə, 12 mindən bir az çoxdur. Burada çulim xalqı var ki, sayı nə qədər olsa yaxşıdır? Hə, təəccüblənəcəksən, vur-tut 355 nəfər. Ya da tofalar. Onlar çulimlərdən bir qədər çoxdurlar. Son statistikaya görə, sayları 761 nəfərdir.


Həmsöhbətimiz deyir ki, xüsusi ilə tofalar ona daha çox maraqlı gəlir. Deyir, onlar özlərini tofa və ya toxa adlandırılar.

 

Sonradan araşdırmalarımız nəticəsində məlum oldu ki, tofalar əvvəllər qaraqaşlar adlanırmış. Sən demə, onlar, Altay dil ailəsinin türk qrupunun uyğur qoluna mənsub tofa dilində danışırlar. Antropoloji cəhətdən monqol irqinin Şimali Asiya tipinə aiddirlər. Rusiya Federasiyasının İrkutsk vilayətinin Aşağı Udin rayonunda yaşayırlar. Tofalar tuvalılara çox yaxın olan xalqdır. Onlar 1957-ci ildə Tuvanın mancurlar tərəfindən tutulmasından sonra tuvalılardan ayrılıblar və Tayqaya doğru hərəkət ediblər. Hazırda isə sayları, bayaq dediyimiz kimi, 761 nəfərdir.

 

Xəqani bəyin dediyinə görə, tofaların yaşadığı yerə yol yoxdur. Gərək vertolyotla gedəsən. Eləcə də tubaların, kumandilərin, teleutların, çelkanların, soyotların yaşadığı yerlərə.

 

Araşdırmamız nəticəsində məlum oldu ki, kumandilər xalq olaraq 2002-ci ildə qeydə alınıblar. İndi əsasən Altay diyarında və Kemerovo vilayətində yaşayırlar. 1926-cı ildə, RSFSR dönəmində aparılan siyahıya alınma zamanı burada cəmi 6327 kumandi yaşayırmış. İndi sayları 2900 nəfərdir.

 

Teleutlar da Kemerovo vilayətində yaşayırlar. Maraqlısı odur ki, teleutlar çox vaxt özlərini bayat-payat da adlandırılar. Rusiya Federasiyasında sayları 2650 nəfərdir. Hamısı da Kemerovo vilayətində kəndlərdə yaşayırlar: Bekova, Çeluxoeva, Verxovskaya, Şanda, Novi-Baçatı kəndlərində… Yeri gəlmişkən, teleut dili Altay ailəsinin türk dilləri qrupunun qırğız-qıpçaq dilinə bağlıdır.

 

İtib getməkdə olan xalqların ən böyüyü olan şorların isə öz dili var. Bəzən onlar öz dillərinə şor tili deyirlər. Şorlar da əsasən Rusiyanın Kemerovo vilayətində (Taştaqol rayonu, Mıski, Mejdureçensk), Altay vilayətinin şimal dağ ətəklərində, Tom çayının sahillərində, Xakasiya və Altay Respublikasının sərhədlərində yaşayırlar. Şor dilində danışanların təxmini sayı 6 min nəfərdir. Türk dillərinin şimal-şərqi qrupunun xakas yarımqrupuna aiddir.

 

Türk xalqlarından biridir dolqanlar, Rusiyanın şimalında yerləşən Taymır yarımadası ətrafında yaşayan türk əsilli xalqdır. Dolqanlar yakutlarla yaxın qohumluq əlaqəsi olan toplumdur.

 

2002-ci il siyahıyaalınmasına əsasən, Rusiyada 7261 dolqan yaşamaqdadır və bunun 5517 nəfəri Taymır Muxtar mahalına düşür. Qalan hissəsi isə digər bölgələrdə yaşayır. Yeri gəlmişkən, 26 nəfəri də Ukraynada.

 

Dolqanlar dolqanca danışırlar və yakutçanın bir dialektidir. Yakutlarla bir-birini asan başa düşürlər. Dolqan türkcəsində 1973-cü ildə nəşr olunan ilk şeir kitabı  “Baraksan” adlı kitab olub. Müəllifi Oqdo Aksenovadır.

 

Xəqani bəyin dediyinə görə, Sibirin köklü xalqlarından olan telengitlərin hazırkı sayı 3800 nəfərə yaxındır. Telengitlər yaşadıqları əraziyə uyğun olaraq, təsərrüfat fəaliyyəti ilə məşğul olurlar. Çöl və dağ-çöl zonalarında yaşayan telengitlər yarımköçəri həyat sürürlər. Köçəri həyat keçirən telengitlər əsasən heyvandarlıq, ovçuluq və əkinçiliklə məşğul olurlar. Telengitlərdə ata böyük bir məhəbbət var. Onlar atı “kijinin kanadı” (kişinin qanadı) adlandırırlar.

 

Çarizm tərəfindən ardıcıl olaraq assimilyasiyaya, təzyiqlərə məruz qalmalarına baxmayaraq, telengitlər milli adət-ənənələrini günümüzə qədər qoruyub saxlaya biliblər. Etnik özünəməxsusluq telengitlərin gündəlik həyatında dəqiqəbaşı özünü hiss etdirir. Telengitlərdə yeni ilin gəlməsi münasibətilə keçirilən Çaqa (çal-çağır) bayramı qədimlərdən geniş yayılıb. Deyilənə görə, hətta sovet hökumətinin qılıncının dalının da, qabağının da kəsdiyi dövrdə belə onlar Çaqa bayramını gizli şəkildə xüsusi mərasimlə qeyd ediblər. Çaqa bayramı həm də ailə bayramıdır. Bu bayramda insanlar evlərini təmizləyir, özləri də ruhən, mənən təmizlənir, pis adətlərdən uzaq dayanır, insana ağır söz demir, onunla mümkün qədər mehriban davranmağa çalışırlar.

 

Xəqani bəyə deyirəm, “sən onlarla öz dillərində danışanda nəsə başa düşə bilirsənmi?”

 

- Hə, deyir, - sakit, aramla danışanda, əlbəttə, anlayıram. Niyə anlamayım ki, türk deyilik?

 

Bu mövzuya qayıdacağıq.


 

 

# 368
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar