Qorxulu binanın siçovul dişləyən sakinləri: “Hər an, hər şey ola bilər” - <span style="color:red;">REPORTAJ
11 aprel 2017 17:52 (UTC +04:00)

Qorxulu binanın siçovul dişləyən sakinləri: “Hər an, hər şey ola bilər” - REPORTAJ

 

 

- Yavaş, başını əy, can bala, ayağını da asta bas, bu dəqiqə döşəmə qaçacaq ayağının altından. Elə buranı çək, buranı. Qoy görsünlər ana-bala bu balaca yerə necə sığınmışıq.

 

İçəridən sözün həqiqi mənasında çox üfunət iyi gəlir. Sanki leş iyi çirkab sulara qarışıb. Sözlə təsvir edə bilməyəcəyimiz qədər dözülməz bir iy.

 

Bura Səadət Qurbanovanın evidir. Ev deyəndə, balaca bir otaq. Tavanı yoxdur. Daha doğrusu, sürüşüb gəlib adamboyu məsafəyə. Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki keçmiş “Energetiklər pansionatı”nda məskunlaşıb Səadət xanım. Düz 25 ildir. Və düz 25 ildir ki, bu yarımzirzəmidə övlad böyüdür. Amma sabah bu yarımzirzəmi də olmaya bilər. Çünki bu beşmərtəbəli bina uçmaq üzrədir. Hətta elə eyvanları var ki, uçmağı an məsələsidir.


 

***
 

Bu il aprelin 4-də isə Şəhla Məmmədovaya məxsus otağın tavanı çöküb. Ana və övladı başlarından zədə alıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəliblər. İlkin araşdırmadan sonra məlum olub k, bina qəzalı vəziyyətdədir və burada yaşamaq mümkün deyil. Dərhal da ətrafda çadırlar qurulub, sakinlərə xəbərdarlıq edilib ki, binada yaşmaq təhlükəlidir, müvəqqəti olaraq çadırlara köçsünlər. Bir neçə nəfər bir-iki gecə çadırda gecələyib. Amma bundan sonra çadırlara yaxın durmurlar.

 

Biz bunun səbəbinə qayıdacağıq. İndilikdə isə FHN-nin burada yaradılmış operativ qərargahındayıq. Qərargahdan öyrənirik ki, nazirlik neçə gündür burada 100-ə yaxın çadır qurub.

 

- Bütün çadırlar istiliklə, yorğan-döşəklə təmin edilib. Hər bir çadıra elektrik xətti çəkmişik. Elektrik sobaları quraşdırmışıq. Yəni yaşamaq üçün ən azı minimum şəraiti yaratmışıq. Hətta tibb məntəqəsi belə var.

 

Bunu Lent.az-ın əməkdaşına FHN rəsmisi deyir və bir-bir də göstərir.

 

Uçmaq təhlükəsi olan binanın ətrafına isə buranın sakinləri, məcburi köçkünlər yığışıb. On-on, beş-beş yığışıb söhbət edirlər. Elə ilk olaraq da Səadət xanım dəvət edir evinə. Təxminən 4 kvadratmetrik bir otaqdır:

 

- Burada yeyib, burada yatırıq. Siçanlarla, siçovullarla. Əl-ayağımız da dişdək-dişdəkdir. Nə qədər yorğana bürünmək olar? Bir yer tapıb dişləyirlər yenə. Zəhər qoymaqdan bir gün özümüz də zəhərlənəcəyik. Bu iy də ölmüş siçanların iyidir, qarışıb kanalizasiya sularına. Günümüz, güzəranımız budur. İndi də məlum olur ki, binada yaşamaq təhlükəlidir, uça bilər. Bəs biz haranın daşını salaq başımıza ki, bu cəhənnəmdən qurtulaq.

 

Bu isə Xocalıdan köçkün Qənirə xanımdır. 58 yaşı var, amma 70-dən çox verərsən. Əri Abil Mehdiyev gözdən əlildir, özü iflic. Necə gündür düşürüblər aşağı. Səhərdən axşamacan stulda oturur bayırda. Deyir, bina çöksə, hamı qaçacaq, amma o yox.

 

- Ən yaxşısı budur, oturum çöldə. Bürünüb oturmuşam. Yoldaşım da görmür. O vaxt erməni əsirliyində olanda başına o qədər döyüblər ki, gözləri tutuldu. O da gəlir oturur yanımda. Başqa əlacımız yoxdur.

 

Qənirə xanım deyir ki, vaxtilə sapsağlam adam olub, xəstəliyi də burada tapıb.

 

- Bu bina çox adamın axırına çıxacaq. Mənim başıma gələni isə düşmənimə arzulamıram. Gecə yatmışdım, üstümə kanalizasiya axdı. Borusu partlamışdı. Qəfil üstüm çirkaba bulandı. Diksindim, yerə yıxıldım. O gün bu gün, həyəcandan başıma belə iş gəldi. İndi bir tərəfim işləmir.

 

Bu binanın azı 60 yaşı var. Sovet vaxtı energetiklərin pansionatı olub. Amma 25 ildir ki, bu binaya Ağdam, Şuşa, Fizuli və Xocalıdan olan 143 ailə sığınıb. Hazırda 678 nəfər yaşayır bu qorxulu binada.

 

- O gün də bir daş qopub düşdü yuxarıdan. Həyətdəydik. Hamımız qaçdıq kənara. Bura hər an çökə bilər. Qaçqınkomdan gəlirlər, vəd edib gedirlər. Deyirlər sizin üçün Ramana tərəfdə beşmərtəbə binalar tikiləcək. Hələ tikilməyib, tikiləcək. Bəs ona qədər neyləyək?

 

Bunu isə Ağayeva Almaz deyir.

 

Şəhla Məmmədova isə deyir ki, binadakı əksər otaqların tavanları dağıldığından sellofandan örtük çəkiblər ki, toz-torpaq başlarına tökülməsin. Binada vəziyyət isə olduqca acınacaqlıdır. İndi özünüz təsəvvür edin, bütün kommunikasiya və işıq xətləri çürüyüb. Yuxarı mərtəbələrdəki tualetin çirkab suları aşağı mərtəbədəki yaşayış olan otaqlara axır. Binada su olmadığı üçün köçkünlər yay-qış yaxınlıqdakı çimərlikdən su daşıyıb istifadə edirlər. İllərdir ki, köçkünlər normal yaşayış yerlərinə köçürülmələrini tələb edirlər.

 

İki ay əvvəl Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov burada olub. Sakinlərə söz verib ki, yaxın vaxtlarda vəziyyət düzələcək.

 

- Hələ də ümidliyik ki, bizə ev verəcəklər. Amma nə vaxt, bilmirik. Daş başımıza düşəndən sonra nəyimə lazımdır mənə ev. Nəvələrimin başına daş, dəmir parçası düşsə, mən neyləyəcəyəm? – deyir, Qənirə xanım.


 

Həyətdə toplaşan digər sakinlərlə də söhbətləşmək istəyirik. Hamısı şikayətçidir. Kimliklərini xəbər alırıq. Adlarının çəkilməsini istəmirlər. Kimlərsə bunları yaman qorxudub. Hə, əməlli panika var onların arasında. Kimlərsə söz yayıb ki, binadan çıxmayın, çadıra köçsəniz, sizə ev verməyəcəklər. Onlar da neçə gündür hər gecəni səksəkə içində yatırlar.

 

Əslində Energetiklər qəsəbəsindəki bu binanın sakinlərinin köçürülmə məsələsi neçə vaxtdır gündəmdədir. Və təkcə onları da yox. Bir qədər əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan obyektlərdə kompakt məskunlaşmış məcburi köçkünlərin bu il ilkin mərhələdə bir hissəsinin köçürülməsi nəzərdə tutulub. Məlumata görə, elə ilk olaraq da söhbət açdığımız Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli binada hər an uçma təhlükəsinin olduğu nəzərə alınaraq, həmin obyektlərdə məskunlaşmış 260 məcburi köçkün ailəsinin köçürülməsi üçün Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasının tikilməsi nəzərdə tutulub.

 

Amma bu tikinti nə vaxt başa çatacaq bilinmir. Bu qəzalı bina isə hər an uça bilər. Bilinən təkcə budur...

 

 

# 277
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar