Dənizdə batan sərvət, “Robinzon”un cavanlıq iksiri, 30 kiloluq dovşanlar... - <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ SİRLİ ADADAN YAZIR
07 aprel 2017 16:48 (UTC +04:00)

Dənizdə batan sərvət, “Robinzon”un cavanlıq iksiri, 30 kiloluq dovşanlar... - SƏBUHİ MƏMMƏDLİ SİRLİ ADADAN YAZIR

 

"Bu yolu tut, düz get, heç hara dönmə ha. Yol özü səni aparıb çıxaracaq düz Kurkosaya. Hər ehtimala qarşı, "26"-larda, əgər yolda adam tapsan, yenə soruş. Amma Kurkosa lap o yandadı, uzaqda. Ondan qabaq Jarski var hələ. "Şlyupka" tapmasan, gedəmməyəcəksən, onu da biləsən.

 

(əvvəli burada: http://news.lent.az/news/271508)

 

Hə, indi Kurkosaya giriş icazəlidir. Vaxtıyla 3 min sakini olan Kurkosada bəni-adəm adına indi bircə nəfər var: Vitali Pronin. Anası Antonina xalayla sonuncu sakinlər imiş bu adada.

 

Düzdür, 1981-ci ildə su qalxanda, dövlət burada yaşayanların böyük hissəsini Müşfiq deyilən əraziyə köçürür, onlara evlər tikir, infrastruktur yaradır. Amma yenə də adada qalanlar olur. 2013-cü ildən sonra insanlar adanı tamamilə tərk edirlər. Bircə Proninlərdən başqa.

 

Raci danışır ki, Vitalik indi bu adada tək yaşasa da, buranı tərk etmək istəmir.

 

- Onun Neftçalada da evi var. Bilmirəm, kirayə verib, ya yox. Amma pensiya alır. Hər tərəf balıq, turac, dovşan və ən əsası, sakitlikdir. Deyir, nə var şəhərin basabasında, səs-küyündə? Düzdür, işığı, qazı yoxdur, lampa işığıyla kifayətlənir, amma sağlamdır, ən əsası. 66 yaşı var, cavan oğlana oxşayır. Bəzi lazımi ərzaqları biz alıb aparırıq onun üçün. Qənd, çay, çörək. Başqa nə lazımdı ki? Allah yandırmaq üçün odunu da bura özü göndərir, dənizlə. Toyuq-cücə saxlayır, meyvə bağları da öz yerində.

 

Raci deyir ki, bu ada doğrudan da Allahın möcüzəsidir.

 

- Təsəvvür edin, mən özüm Neftçalada kənddə quyu qazmışam bir neçə dəfə. Hərə dəfə də əziyyətim hədərə gedib. Çünki quyudan şor su çıxıb. O adada isə hər tərəf dənizdir, amma yerdən içməli su çıxır.

 

Həmsöhbətimiz onu da deyir ki, sovetlər vaxtı burada atçılıq zavodu olub. Bir neçə mal ferması fəaliyyət göstərib. Sovetlər dağılandan və Kurkosa adaya çevrildikdən sonra həmin heyvanlar da qaldı burada.

 

Burada atlar da, inəklər də vəhşiləşib. O qədər vəhşiləşib ki, insan görəndə qaçırlar. Atlar, inəklər dəniz suyu içirlər. Bir qədər əvvələdək, Kurkosada bir neçə ailə yaşayanadək heyvanlara şirin su verirdilər. Amma indi təkcə Vitalidir, bu qədər heyvanı sulaya bilməz axı.

 

- Çoxdur at, inək?

 

- Çox, lap çox. Təsəvvür elə, minə yaxın at var. Çox ekzotik yerdi bura. Bir də görürsən, yüzə yaxın at ilxıyla gəldilər dəniz qırağına su içməyə. Hə, şor suyu içirlər. Dəniz suyunu. İnəklər də eləcə. Həm su içirlər, həm də çimirlər. Çox gözəl mənzərədir. Dünyanın heç bir yerində belə mənzərəyə rast gələ bilməzsən. İnəklərin südü aşıb-daşır. Balığa gedəndə biz balıqçılar tutub birtəhər sağırıq. Gətirib yağ-pendir edirik. Yoxsa partlamaya düşərlər, yazıqdırlar. Elə olub ki, bu adadan sahilə at da, inək də gətirmişik. Amma atı ram eləmək çox çətindir. Birtəhər "şlyupka"ya otuzdurursan. Amma 18 kilometrə yaxın yoldur, yırğalanır axı qayıq. Bir az risklidir. Hə, bir də çalışırıq inəyin balalarına, buzovlara bir şey olmasın. Düzdür, canavar yoxdur adada. Amma çaqqal çoxdur. Ana inəyə, ya kələyə bir şey edə bilmir çaqqal. Qorxur onlardan. Sürüylə gələndə balanı parçalaya bilirlər. Hərdən görürsən sahilə çıxırlar sürüylə. Atlar, inəklər, çaqqallar...

 

Raci deyir ki, adada dovşanların sayı-hesabı yoxdur. Özü də dovşan deyirəm e, çəkiləri 30 kilo, qoyun boyda.

 

- Qabanı da ki, ələ gəlməz. Yüzlərlə. Donuz yox ha, məhz qaban. Necə deyərlər, çöl qabanı. Quşları da ki, turacından tutmuş, qırqovuluna qədər.

 

Əli dayı isə başqa məqamlardan danışır. Deyir, sovet vaxtı Neftçalanın ən yaxşı kəndləri olub buralar. Mədəniyyət evində hər gün hind filmləri, şənbə və bazar günləri diskotekalar, yaxşı əməkhaqqı və iş yerləri. Amma sonra hər şey məhv oldu.

 

- Oğlum, burada elə üzümlüklər, nar bağları olub, bilirsən? Hələ də qalır həmin bağlar. Sadəcə, ətrafını kol-kos basıb. Təmizləmək lazımdır. Adam yoxdur axı eləsin bunları. Düzdür, deyilənə görə, ada yavaş-yavaş yox olub gedir. O gün kim idi, dedi ki, hər il azı 30 metr yoxa çıxır. Amma deyirlər də. Bu adaya insan ayığı dəysə, onu cənnətə çevirmək olar.

 

Adada hələ də içinə girib yaşamalı 23 ev qalıb. Hamısı da səliqəli vəziyyətdə. Hərdən balıqçılar gəlib qalırlar burada. Bir də Vitali.

 

Balıqçılarla işimiz yox, bəs görəsən, bizim "Robinzon"un günü necə başlayır, necə bitir? Hə, bu barədə danışacağıq. Hələliksə, bir məqama baş çəkək, qayıdacağıq bu söhbətə.

 

***

 

Şərti adını Kurkosa qoyduğumuz bu ada əslində iki kənddən ibarətdir. Jarski və Kurkosa. Jarski Kurkosadan bir qədər böyükdür. Adanın ümumi sahəsi 43 kvadrat kilometr təşkil edir. Uzunluğu 11,8 eni isə 4 kilometrə yaxındır. Yeri gəlmişkən, Qızılağac qoruğunun bir hissəsi də vaxtıyla adadan əvvəlki yarımadanın ərazisinə düşür.

 

Bu əmin Qızılağac qoruğudur ki, hələ 1976-cı ildə sovetlər dönəmində YUNESKO-nun siyahısına "Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilib. Qızılağac və Kiçik Qızılağac körfəzləri və onların sahil zolaqlarını əhatə edir. Bura Avropada su quşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulub və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilib.

 

***

 

Hə, Vitalidən danışırdıq axı yuxarıda. Raci deyir ki, onun burada təmtəkcə gününü necə keçirdiyini bilmək istəyirsinizsə, ən yaxşısı özüylə görüşün.

 

- Bircə onu bilirəm ki, adam həmişə fəxrlə deyir: "Mən nə başımın, nə də ürəyimin harada olduğunu bilmirəm". Çünki nə başı ağrıyır bu yaşında, nə də ürəyi sancıb. Özü də eynəksiz gəzir. Nə işığı var, nə interneti, nə də televizoru, ya telefonu. Amma adam haradan desən, səninlə danışır. Deyəsən, yaxşı kitabxanası da olmalıdır. Nə deyim, ən yaxşısı özüylə görüşün. Daha maraqlı olar.

 

***

 

Dediyi kimi də edirik. Və inanılmaz! 21-ci əsrin 17-ci ilinin 4-cü ayında tənha bir adada tənha yaşayan bir insanın sadəcə bir günündən bəhs edəcəyik sizlərə.

 

Beləsini heç harada oxumayacaqsınız. Lent.az-da qalın...

 

# 386
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar