“Vaxtında gəlməsəydilər, külə dönəcəkdi...” – HADİSƏ YERİNDƏN REPORTAJ - FOTOLENT
04 aprel 2017 14:46 (UTC +04:00)

“Vaxtında gəlməsəydilər, külə dönəcəkdi...” – HADİSƏ YERİNDƏN REPORTAJ - FOTOLENT

 

Bazarın girişində şıdırğı alver gedir. Sanki gecə burada heç bir hadisə baş verməyib. Amma üzlərdə bir nigarançılıq da var. Yenə baş verə bilərmi?

 

Ötən gecə saat 1 radələrində Bakının ən məşhur bazarında qəfil yanğın baş verdi. Yanğın elə sürətlə yayıldı ki, təxminən min kvadratmetr ərazini əhatə etdi. Lent.az-ın əməkdaşı hadisənin baş verdiyi yerdən yazır.

 

- “Pojarnı”lar vaxtında gəldilər. Azca geciksəydilər, bütün bazar külə dönəcəkdi.

 

Bunu bazardakılardan biri deyir. Hə, yanğınsöndürənlər özləri tez çatdırıblar. Az qala Hitlerin yeraltı bunkerinin labirintlərini xatırladan bu bazarın içində nəinki yanğınsöndürən maşın, üçtəkərli motosiklin belə hərəkəti mümkünsüzdür. Hər tərəf, yolun ağzı belə piştaxtalardır. Bir-birinin içinə girən piştaxtalar və ensiz arakəsmələr bazara girən müştərinin hərəkətinə belə mane olur. Yanğınsöndürənlər isə əlacsızlıqdan maşınlarını bazarın qarşısından keçən Səməd Vurğun və Mərdanov qardaşları küçələrində saxlayıblar gecə. Şlanqları bir-biriyə calaq edə-edə, nəhayət, yanğın yerinə yetişiblər. Bazarın ümumi sahəsi hektar yarımdan çoxdur. Yanan yer isə düz bazarın mərkəzindədir. Burada əsasən meyvə-tərəvəz və çərəz alveriylə məşğuldurlar.

 

- Heç nə bilmirik. Bildiyimiz bircə odur ki, mallarımız batıb getdi. Gecə saat 1-də başlayıb yanğın. İstəsək də özümüzü çatdırıb nəyisə xilas edə bilməzdik. Bir anda yanıb bu qədər dükan.

 

Bu vaxt bazarın işçilərindən biri yaxınlaşır.

 

- Çəkiliş olmaz, rəhbərlik icazə vermir.

 

“Rəhbərlikdən icazə alaq” - deyirik. Və cavab:

 

- Rəhbərlik heç kimi görmək istəmir.

 

Bu vaxt kənardan atmacalar atılır. Deyəsən, dükan sahibləridir. Daha doğrusu, icarədarları.

 

- Gəlib izahat versin...

 

- Pulu iki gün gecikdirəndə başımızın üstünü alırsız...

 

- Bircə söz bilirlər, qısaqapanmadan olub...

 

Bazar rəsmisi icarədarları sakitləşdirməyə çalışır.

 

Rəsmi məlumata görə, “Təzə bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Bazarda olarkən öyrəndik ki, rəsmi açıqlamanın əhatə etdiyi ərazidə 40-dan çox dükan olub. Təxminən 40 sahibkara ziyan dəyib. Bura hələ bayaq dediyimiz kimi, yolu kəsən əlavə piştaxtaları əlavə etmirik. Ümumilikdə azı 70 nəfərə ziyan dəyib.

 

- Bayramı təzə yola vermişdik. Mən yenə mal gətirmişdim. Təkcə dünən 150 kilo qoz ləpəsi gətirmişdim. Hələ o biri malları demirəm. Hamısı batdı getdi. Bu sırada əsasən meyvə-tərəvəz və çərəzlər satılır. Hamı da mənim kimi təzəcə mal almışdı.

 

Yanan yerin lap başında isə balıq və kürü satılırmış, deyirlər. Ən çox ziyana da onlar düşüblər.

 

- Heç nə qalmadı. Heç nə. Qardaş, buranın elektrik naqilləri hörümçək torunu xatırladır. Dəfələrlə rəhbərliyə demişik ki, bu xətləri qaydaya salın. Alışıb gedəcək buralar. Hələ yaxşı qurtardıq.

 

Həmsöhbətimizin dediyinə görə, yanan yerin böyük hissəsi daş tikilidir. Qapı və pəncərələri yandığından içərini də alov bürüyüb.

 

- Siz bir buralara baxın...

 

Əlimizdən tutub, bizi sellofan örtüklü, adını dükandan sox, çadır qoya biləcəyimiz yerə gətirir.

 

- Alov buralara keçsəydi, nə olacaqdı? Bir salamat dükan qalmayacaqdı. Allah ümidinədir bu bazar.

 

Əslində həmsöhbətimizin dediklərində bir həqiqət var: bazar Allah ümidinədəir. Daha doğrusu, bu bazarda satılanlar. Zaman-zaman Bakının ən məşhur bazarı olan Təzəbazarda reydlər keçirilib. Gah qida üçün yararsız ət aşkarlanıb, gah da vaxtı keçmiş digər ərzaq məhsulları. Bu bazar əslində maraqlı bir jurnalist araşdırması üçün mövzudur. Yadınızdadırsa,  bir qədər əvvəl rəsmi adı “Təzə bazar" MMC adlanan bu yerdə gizli sexdə yararsız ətlər aşkar edilmişdi. Və bu, təkcə ət satışında olan vəziyyət deyil. Balıq və balıq məhsulları, habelə meyvə-tərəvəz satılan obyektlərdə də vəziyyət belədir.

Həmsöhbətimiz deyir ki, bazarda və onun ətrafında o qədər ziddiyyətli məqamlar var ki, adamın hətta qısa qapanma iddiasına gülməyi gəlir.

 

Bütün məqamlara baxmayaraq, istintaq “Təzə bazar”dakı yanğınla bağlı araşdırma aparacaq və nəticələrini elan edəcək. O ki qaldı budəfəki yanğına, hə, özləri də etiraf edirlər - sahibkarları deyirəm - yanğınsöndürənlər vaxtında gəlməsəydilər, alov bütün bazarı başına götürəcəkdi. Şükür, bu dəfə yaxşı qurtardı...

 

- Hərəyə 20-30 min ziyan dəyib. Çoxumuz da kreditin içindəyik. Bura nə vaxt təmir ediləcək, nə vaxt işə başlayacağıq, bilinmir.

 

Amma bilinən bir məqam vardı bu gün. Bazar rəsmilərinin jurnalistlərin işinə müdaxilə etməsi. Bununla baş verənləri gizlətməyin mümkün olmayacağını isə bazar rəsmilərinə izah edə bilmədik...

 

 

# 390
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar