Təpik və çəkic
31 mart 2017 18:48 (UTC +04:00)

Təpik və çəkic

 
 
Azərbaycanlı ata 7 yaşlı oğlunu çəkiclə öldürə bilərmiş. Səbəbi nə olursa-olsun. “Ay, biz ailəyə bağlı xalqıq. Ay, azərbaycanlı kişilər vətən uğrunda döyüşməzlər, amma ailədən ötrü canını verərlər” deyilməsinə rəğmən.
 
 
Biz müharibəyə getməkdən qorxub, evində gizlənən kişilərə, əsgərlikdən qaçanlara bu ümidlərlə inandıq.
 
 
Və azərbaycanlı kişi uşağının gözü qarşısında öpüşənlərə təpki kimi təpik atarmış.
 
 
Mentalitetimiz var axı. Böyük-kiçik...
 
 
Təpik müəllifinin kim olmasının fərqi yoxdur. Jurnalistdir, ya deyil... Eynən çəkic sahibi kimi.
 
 
Amma birinin mövcudluğu o birinin fəsadını törədir. Məsələn, belə təpiklərin qorxusundan Sabirabadın hansısa kəndində bir qadın sırf cinsi əlaqə ilə məşğul ola bilsin deyə, 7 yaşlı oğlunu çəkic altında əzmək potensialı olan kişiyə ərə getməyi, onunla yaşamağı, ondan 3 övlad doğmağı seçir.
 
 
Buraxın mentalitetinizi. Qoyun insanlar həyatlarını sizin istədiyiniz kimi yox, öz istədikləri kimi yaşasınlar. Sevsinlər, sevilsinlər, uşaqları sevgilərindən doğulsun, şəhvət və çarəsizliklərindən yox.
 
# 298
avatar

Afət Yaqubova

Oxşar yazılar