<span style="color:red;">10 il bir komandada oynayanlar : Uduzmağa ixtiyarınız yoxdur -  <span style="color:red;">YUBİLEY QEYDLƏRİ
04 mart 2017 10:30 (UTC +04:00)

10 il bir komandada oynayanlar: Uduzmağa ixtiyarınız yoxdur -  YUBİLEY QEYDLƏRİ

 

Düz 10 ildir əsl komanda futbolu oynayırlar. Odur ki, rəqib tanımırlar. Uğurlarının səbəbi də bilirsinizmi nədir? Zaman-zaman oyunçu dəyişiklikləri, müxtəlif transferlər olsa da, illərdi öz oyunlarını diktə ediblər hamıya. Dəyişməz baş məqçi, illərin təcrübəsidir bu gün də onları zirvədə saxlayan.

 

"Apasport"u, martın 5-də 10 yaşı tamam olacaq ölkənin ən böyük idman saytını deyirəm.

 

Hə, necə deyərlər bu “klub”un əsası 10 il əvvəl, qışda qoyulub. İlk “oyunlarına” isə martın 5-də çıxıblar.

 

“Baş məşqçi” İxtiyar Əsgərov deyir ki, “klub” təzə yarananda və ona həvalə olnunanda bir qədər narahat imiş.

 

“Müxbir kimi problemli müxbir olmamışam. İstedad olmasa belə, yazılarım təmiz olurdu. (Gülür) 2007-ci ilin martın 4-dək "Apasport"un yazdığı xəbərlər APA-nın bülletenlərində yayılırdı. Təxminən 3 ay ərzində, yəni martın 4-dək artıq rəhbərlik məni qismən hazır vəziyyətə gətirmişdi”.

 

Bəs ilk qolu kim vurub?

 

Baş məşqçi deyir ki, aradan çox vaxt keçib, dəqiq xatırlamır. Amma yenə də 3 nəfərin adını çəkir:

 

“Səhv eləmirəmsə, ilk xəbəri Kənan Həsənov yazıb, ya Veyk-aan-Zee şahmat turniri, ya da 2007-ci ildə Bakıda keçiriləcək dünya çempionatında erməni güləşçilərinin iştirakı ilə bağlı. Amma dəqiq yadımda deyil. Bəlkə də Elşən Məmmədov. O vaxt ağır atlet Nizami Paşayev dopinqdə ilişmişdi, federasiya ilə problemləri vardı. Hətta başqa bir ölkənin bayrağı altında mübarizə aparacağı da gündəmdə idi. Həmin vaxtlar Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Ermənistan eyni qrupa düşmüşdü. AFFA-nın o vaxtkı prezidenti Ramiz Mirzəyevlə EFF prezidenti Ruben Ayrapetyan arasında UEFA-nın vasitəçiliyi ilə üçtərəfli görüşlər olurdu. Bəlkə də bu barədə olub. Amma dəqiq bildiyim odu ki, Kənan Həsənov, Mehman Süleymanov, ya da Elşən Məmmədov yazıb ilk xəbəri”.

 

Və o gün, bu gün, "Apasport" 130 minə yaxın xəbər yayıb indiyəcən. Və bəzən elə xəbərlər də olub ki…

 

“Bir deyil, iki deyil. Əlimizə düşən həmin xəbəri verməməklə, dost, mənbə qazanmışıq və həmin xəbərin əvəzi artıqlamasıyla çıxıb.

 

***

 

Neməti nəzərə almasaq, 5-i bir yerdə otrurur. Nemət tərcüməçidir. Apasportun xəbərlərini ruscaya tərcümə edir. İnsafən, çox məhsuldar birisi. Düzdür, eyni mərtəbədə, amma başqa otaqda oturur, bununla belə onunla əlaqə yaratmaq müşkülə çevrilib. Səbəbi isə çox sadə. Adam 21-ci əsrin 17-ci ilində nə sosial şəbəkələrdən istifadə edir, nə də elektron poçtu var. Səhər işə gələn kimi saytı açır, qabağına hansı xəbər çıxdı, anındaca tərcümə edib sayta qoyur.

“Ay Nemət, Facebookda deyilsən, poçtun yoxdur, belə olmaz axı".  Cavabı bilirsinizmi nədir: “Ya jenatıy çelovek”. (Evli adamam). Di gəl yazıq baş məşqçi bu adamla oyna da. Amma oynayır. Çünki Nemət olduqca faydalı oyunçudu.

 

***

 

 

Oyunçu demişkən, baş məşqçi əsas heyətdə 4 nəfərə şans verir. Düzdür, zaman-zaman müxtəlif transferlər olur, amma heyət sabit qalır.

 

“Əmi” ləqəbli bu oyunçu – digər adı Vüqardı - bütün günü rəqəmlə əlləşir.

Deyir neyləyim, rəqəmlər mənim gizli sevgimdi.

 

- Hələ məktəbdə də hesaba, riyaziyyata böyük marağım vardı və ən sevimli fənnim idi. İnsan sevdiyindən yorulmadığı kimi, mən də rəqəmlərdən yorulmuram. Hətta işdən sonra evdə də rəqəmlərlə məşğul olub, arxivləri yeniləyir, özüm üçün də yeni olan metodlar, hesablamalar axtarıram. Excel proqramı ilə tanış olduğum 2006-cı ildən sonra

statistikada yeni üfüqlər açıldı. Bu proqram işimi 50-100 qat asanlaşdırdı. Digər tərəfdən, sonsuz sayda əməliyyatların mümkünlüyü variantı yaratdı. Bu variantların üzərində çalışmaq da xüsusi zövq verir.

 

Azərbaycanda bu adamdan, yəni Vüqardan bilirsinizmi neçə nəfərdir? İnanmazsız, 4 nəfər. İdman statistiklərini deyirəm. Biri də "Apasport"un payına düşüb. Onu transfer etmək istəsələr də, baş məşqçinin cavabı sərt olub: Vüqar satılmır. Lap Messi kimi.

 

“Əmi” deyr ki, statistikasız idman ola bilməz. Çünki adi turnir cədvəli, bombardirin müəyyənləşməsi, mükafatçıların müəyyənləşməsi üçün xalların hesablanması da statistikanın ən ilkin formasıdı. Yəni statistika idmanın ayrılmaz hissəsidi.

 

- Bu üzdən gördüyüm bu işin idman üçün əhəmiyyəti sözlə ifadə olunacaq həddə deyil.

10 ildir "Apasport"dayam. Yaranandan az sonra kollektivə qoşuldum və artıq ilk ad günündən bu ailənin üzvüyəm. İdmanımıza baxsaq, hansısa ciddi çatışmazlıq tapmaq çətindi. Təbii ki, uğura gedən yolda çətinliklər olub və onları adlamışıq. Heç bir uğur asan əldə olunmur. Avropanın aparıcı portalları ilə müqayisədə nələrsə etmək istəyərdim. Amma bunun üçün idmanımız, futbolumuz da həmin ölkələrdəki kimi böyük miqyası əhatə etməlidi. Xüsusilə komanda idman növləri , o cümlədən futbolu nəzərdə tuturam. Bu növlərdə daha çox liqa, daha çox komanda olmasını və bunların da bizim saytda yüksək səviyyədə işıqlandırılmasını istəyərdim.

 

Deyir, hər hesablamanı 3 müxtəlif üsulla aparır və bütün variantların eyni olması dəqiqliyi göstərir. Xəta isə yalnız texniki xarakter daşıyır. Nadir hallarda təsadüf olunan bu yanlışlıq da dərhal aradan qaldırılır. Bu, FİFA və UEFA-nın rəsmi saytları da daxil olmaqla hər yerdə mümkündü”.

 

Baş məşqçi deyir ki, bu on il ərzində müxtəlif transferlər həyat keçrilib. Amma indiki heyət daha mükəmməldir.

 

- "Apasport"da 1 gün olsa belə, işləyənlərin hamısına minnətdaram. Hər birinin zəhməti var. Kimisə fərqləndirsəm, kiməsə qarşı hörmətsizlik olar. Səmimi deyim, indiki kollektivdən daha çox ona görə razıyam ki, mənim işdə olub-olmadığımı hiss etdirmirlər. əvvəl yalnız bir “sağ əlim” vardısa, indi dördü də redaktor səviyyəsindədir.

 

 

Yeri gəlmişkən, komandada iki güclü tandem var. Vüqar-Tahir və Tengiz-Ruslan tandemi. Gəlin əvvəl azad agent statusuyla "Aparsport"a keçmiş Ruslanı dinləyək. Sonra isə bu tandem məsələsinə bir daha aydınlıq gətirək.

 

 

Deyir, 2014-cü ilin noyabr ayının 30-da “Çempion” qəzetinin son sayını çıxarıb, ordan mehribanlıqla ayrılıb və birgünlük istirahətin ardından "Apasport"da işə başlayıb.

 

 

- 13 ilə yaxın idi ki, qəzetdə idim və orda missiyamın bitdiyini hiss edirdim. Karyeramda yenilik eləmək istəyirdim və belə bir ərəfədə “Apasport”dan gələn təklif ürəyimcə oldu. Axı Azərbaycanın bir nömrəli idman saytından, agentliyindən məni çağırmışdılar, “yox” deyə bilməzdim. Əlbəttə ki, ilk günlər müəyyən çətinliklərim oldu. Çünki qəzetlə saytın tələbləri tam fərqlidi. Qəzet sisteminə vərdiş etdiyim üçün onlayn mediaya uyğunlaşmaq bir qədər zaman aldı. İdman jurnalistikasında müəyyən təcrübəm olsa da, “Apasport”da sıfırdan başlamalı oldum. Amma elə peşəkar kollektivin içinə düşdüm ki, qısa müddətdə öyrəşməmək mümkün deyildi. Hər biri bu sahənin ustadıdı və onlarla ayaqlaşmaq məcburiyyətində idim. Əgər bacara bilmişəmsə, bunda onların rolu böyükdü”.

 

 

Ruslan deyir ki, saytda dinamik olmağa, sanki pusquda durmağa məcbursan. Düz deyir, indi elə vəziyyət yaranıb ki, idman saytlarının sayı-hesabı itib. Belə bir rəqabətli mühitdə “Apasport”u zirvədə saxlamaq asan deyil, burda hər dəqiqənin hökmü var.

 

- Gün ərzində yazdığım xəbərin sayı isə dəyişkən olur. Bəzən həddən artıq çox, bəzən isə az ola bilir. Açığı, hazırda idmanımızda, xüsusən də, futbolumuzda durğunluğun olması xəbər tapmaq baxımından problem yaradır. Təsəvvür edin ki, 8 futbol komandamız var ki, onun da 4-ü yarımcan vəziyyətdədi. Hər xırda xəbərlə də oxucularımızı yormaq istəmirik. Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanın bir nömrəli statistiki Vüqar Xeyrullayevin, digər idman növlərinin “1 nömrəsi” Tahir Hümmətovun və xəbər-müsahibələrdə mənə görə ən yaxşı olan Tengiz Məmmədovun toplaşdığı bir saytın kiminləsə rəqabət aparmağa ehtiyacı yoxdu.

 

Yeri gəlmişkən, Tengizlə eyni “cinahda” oynayır. Deyir, Tengizlə 10 ildi ayrılmaz ikiliyik. Tanışlıqları isə əvvəlki iş yerlərindən, “Çempion”dan yaranıb.

 

- Orda çalışdığım müddətdə bir çox dost qazandım. Amma Tengizi kiçik qardaşım hesab edirəm. Çünki 10 ildi doğma qardaşımdan çox onun üzünü görürəm. Bura da məhz onun məsləhətindən sonra gəlmişəm. Arada zarafatla “düş yaxamdan” da deyirəm”.

 

***

 

Tengizin transfer hüququnu “apasport” Lent.az-dan alıb. 3 ay Lent.az-da futboldan tutmuş faunaya qədər hər şeydən yazan Tengiz nəhayət, öz haqlı yerini tapdı.

 

- Yeni iş yerinə uyğunlaşmaq çətin olmadı və tez bir zamanda bura da mənə doğmalaşdı. Bunda isə “apasport”un idman saytı olması, həmçinin kollektiv amili rol oynadı.


 

Deyir, mənim sahəm futboldu.

 

- Birincisi, idman növləri arasında uşaqlıqdan futbola marağım daha çox olub. İkincisi isə təxminən 10 ildir ki, “idmanın şahı”ndan yazıram. Təbii ki, idman jurnalisti bütün növlərdən, o cümlədən kerlinqdən reportaj hazırlamaq bacarığına sahib olmalıdır. Amma futbol üzrə püxtələşən jurnalistin kerlinq yarışından hazırladığı reportaj eyni keyfiyyətdə, eyni effektdə ola bilməz. Bu mənada, yaxşı olar ki, jurnalist daha yaxşı bildiyi sahəni işıqlandırsın.


 


 

Eyni cinahda oynadığı Ruslanla dostluq-qardaşlıq tandemindən də danışır.

 

- Düzdür, çay içməyə və ya nahara adətən Vüqar Tahirlə, mən isə Ruslanla gedirəm. Kənardan bizim iki tandemə bölündüyümüzü düşünə bilərlər. Amma belə deyil. Sadəcə, Vüqarla Tahir daha əvvəldən “apasport”da çalışır. Mən isə onlardan qabaq Ruslanı tanımışam və işbirliyimiz 2007-ci ildən başlayıb. Həm də çay içməyə və yemək yeməyə növbə ilə getməyə çalışırıq ki, saytda boşluq yaranmasın”.

 

 

O biri tandemi isə “Əmi”ylə Tahir təşkil edir. Hə, gəlin əvvəl Tahiri dinləyək, sonra keçək bu tandem söhbətinə. Tahir "Apasport"un yerdə qalan məsələlər üzrə müxbiridir. Yəni, futboldan ayrı digər idman növlərindən yazır. Lazım olarsa, lap kerlinqdən də.

 

 

- Düzü, mən də jurnalist karyerama futbol yazarı kimi  başlamışdım. Lakin futbolla yanaşı, digər idman növlərinə marağım məni idmanın şah növündən ayırdı. Təbii ki, bunda XXI əsrin əvvəllərində Azərbaycan futbolunun yaxşı günlərini yaşamaması da rol oynadı. Əvəzində digər idman növləri ön plana keçdi. İşlədiyim “Olimpiya dünyası”nda da futbolla müqayisədə digər idman növlərinə üstünlük verilirdi. Mən də uşaqlıqdan demək olar ki, SSRİ-nin, ardınca müstəqil Azərbaycanın lider olduğu növlərin çoxunu izləyirdim. Bu səbəbdən də ciddi çətinliklə üzləşmədim. Ardınca bir çox idman növlərindən yazmağa başladım. Bu qədər idman növünü çatdırmağa gəlincə, buna bacardığım qədər çalışıram. Həm də artıq hər idman növündən yazmaq mənə maraqlı gəlir.

 

 

Tahir həm də idmanın alt qatlarını bilən birisi kimi də maraqlı adamdır. Hətta oyun alqı-satqısından belə.

 

- Bu, tək Azərbaycan idmanında deyil, dünyada da hökm sürür desəm, səhv etmərəm. Məsələn, Mişel Platini UEFA prezidenti seçildikdən sonra bütün bukmeker kontorlarına əlavə güc verdi. Hətta Avropa və dünya çempionatının seçmə oyunlarını da günlərə böldü ki, onlara daha çox fayda versin. Bu məsələnin Azərbaycan tərəfinə gədikdə, fikrimcə, 90-cı illər daha çox yada düşür. Çünki həmin dövrdə maddi problemlər vardı ki, oyun alqı-satqısına da asanlıqla getmək olurdu. Pula ehtiyacı olan klubları məğlubiyyətə razı salmaq o qədər də çətin olmurdu. Amma bunu tək futbolla bağlamaq da düz deyil. Çünki digər idman növləri də bundan sığortalanmayıb. Hər halda, bəzən mətbuat fərziyyələr irəli sürsə də, sübuta yetirmək çox çətindi.

 

 

Vüqar əmiylə siqaretə də bir yerdə düşürlər, yeməyi də bir yerdə yeyirlər. Əmi deyir ki, vallahi-billahi, tək Tahirlə deyil, bütün otaq yoldaşları ilə evə gedəndən gedənə ayrılır.

 

- O ki qaldı Tahirə, bəzi hallarda müəyyən yazıların konturlarını müzakirə edirik. (Bilirik ay əmi,bilirik- S.M) Bir-birimiz üçün oxucu funksiyasını yerinə yetirib, qarşımızdakının hansı yazını necə qəbul edəcəyini müəyyənləşdiririk. Amma həyat ancaq işdən ibarət deyil. Çalışıb bir az kənar məsələlərdən – problemlərdən, çıxış yollarından, planlardan danışırıq.

 

O ki qaldı planlara, bu barədə Ruslan-Tengiz tandeminin xəbəri var. Bu yerdə mən də bir ))) işarəsi qoyum…

 

Elə baş məşqçi də deyir ki, Vüqar və Tahir artıq illərin "Apasport"çularıdır.

 

- Həmişə kollektivə hazır, “bişmiş” əməkdaş cəlb etmişik. Hər il yayda universitetlərdən onlarla tələbə praktikaya gəlib redaksiyamıza. Tərcümə etmək üçün xəbər verirdik. Amma onlardan böyük əksəriyyəti deyilənə fikir vermirdi. Öncə redaksiyasında oturduğu saytla yox, sosial şəbəkələrlə maraqlanırdı. Yəni, özlərinin marağında olmayıb. Mənim də belə adamlara işləməyə səbrim çatmayıb. Həm də "Apasport"da vakant yer çox az olub. Uzaqbaşı 1 ay.

 

***

 

Hə, lap yaddan çıxmışdı. Axı takımın bir gecə oyunçusu da var.

Zauru deyirəm, Xudiyevi. "Apasport"un gecə növbətçisini.

 

Deyir, əvvəllər çətin gəlirdi.

 

- Səhər də başqa yerdə işlədiyim üçün yuxudan oyanmaq, yorğunluq olurdu. Artıq o proses geridə qalıb və demək olar ki, tamamilə alışmışam. Hətta bəzən istirahət günümdə bir də baxıram ki, saytları gəzirəm, nəsə axtarıram. Gözüm xəbər axtarışındadı. Öyrəşmişəm.

 

Bəs online idman saytlarında gecələr də didişmədir? Zaur deyir ki, gündüz qədər olmasa da, gecələr də rəqabət azalmır. Xüsusilə də ölkədə vacib idman hadisəsi varsa.

 

 

- Məsələn, klubumuz Avrokubokda oynayır və ya ölkə çempionatı keçirilir, həmin gün sözün əsl mənasında qırğındı. Hesab, nəticə, rəylər, oyun sonrası açıqlamalar, müsahibələr, necə deyərlər, başımızı qaşımağa vaxt olmur. Çünki rəqiblər də bizim kimi iş başındadılar. Hansısa hadisəni, açıqlamanı gecikmədən oxucuya çatdırmaq lazımdı. Hətta bizim evdə belə bir adət yaranmışdı ki, həftənin dördüncü günü,

“Qarabağ” və “Qəbələ”nin oyunları olanda, hamı mən olan otağı tərk edirdi ki, mane olmasınlar. Həmin vaxt çox əsəbi və gərgin oluram. Yəni, demək istəyirəm ki,gündüz-gecə fərqi yoxdu, rəqabət hər yerdə, hər zaman var və biz bu rəqabətdə uduzmamalıyıq.

 

 

*** 

 

Bir dəfə yazmışdım. Məndən yaxşı bilərsiz, sizi öyrədəsi deyiləm ki? İstər Vüqarın statistikasında, istər Tahirin voleybolunda, ya da Tengizlə Ruslanın futbolunda belə bir əzəli-əbədi tezis var: Qalib gəlmək üçün uduzmağı da bacarmaq lazımdı. Sizə heç vaxt uduzmamaq arzusuyla yazdım. Yeri gəlmişkən, o cür baş məşqçiylə uduzmağa İXTİYARınız yoxdu...

 

Yubileyiniz isə mübarək!

 

# 389
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar