<b>“Müşfiqin heykəli götürülməsinə qəti etiraz etdik” - <span style="color:red;">DÖVLƏT XİDMƏTİNİN RƏİSİ  </b>
03 mart 2017 13:03 (UTC +04:00)

“Müşfiqin heykəli götürülməsinə qəti etiraz etdik” - DÖVLƏT XİDMƏTİNİN RƏİSİ

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun APA-ya müsahibəsi

 

- Zakir müəllim, Azərbaycanda mədəni irsin qorunması necə həyata keçirilir?

 

- 2013-cü ildə cənab prezident 2013-2020-ci illərdə mədəni irsin qorunması və inkişafı ilə bağlı fərman imzalayıb. Həmin fərmanda əksini tapan əsas məsələlərdən biri mədəni irsin qorunması ilə məşğul olan qurumun yaradılması idi. O vaxta qədər Mədəniyyət və Turizm Nazirliyində mədəni irsə nəzarət edən şöbə var idi. Azərbaycanda 6300-ə yaxın tarixi abidə var. Həmin abidələr şöbə səviyyəsində qorunur və idarə edilirdi. Əlbəttə, bu çox çətin idi. Cənab prezidentə minnətdarıq ki, 2014-cü ilin dekabr ayında fərman imzaladı və Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini yaradıldı. Mən xidmətə rəis təyin olundum. Vəzifəyə təyin olduğum gündən proqramın icrasına başlamışıq. Doğrudur, xidmətin yaranması dünyada və Azərbaycanda yaranan maliyyə sıxıntıları ilə üst-üstə düşdü. Ona görə bəzi işlərin görülməsi, məsələn, abidələrin, məbədlərin bərpası dərhal mümkün olmadı. Bu vəzifəyə qədər mən Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində çalışmışam. Bir çox mədəni obyektin nəinki açılışında, həm də iş prosesində prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva iştirak edib. Bütün işlərimiz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin nəzarəti altında həyata keçirilib. Məsələn, Akademik Milli Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, Heydər Əliyev Sarayının təmir və bərpasında, Xalça Muzeyinin tikintisində cənab nazir həftədə iki-üç dəfə adını çəkdiyim obyektlərdə iclas keçirib, işə nəzarət edib. Deyə bilərəm ki, bərpa və təmir olunan obyektlərdə aparılan işlər ən yüksək səviyyədə qiymətləndirilib. 2006-cı ildən üzü bu tərəfə tarixi abidələrin inşaatı və bərpası sektorunda böyük işlər görülüb. Bu işlər təkcə paytaxtda yox, həm də regionlarda həyata keçirilib. Bilirsiniz ki, mədəniyyət obyektləri şəhərin, rayonun ən yaxşı yerində yerləşir, göz qabağında olurlar. Belə deyim, mədəniyyət obyektləri ölkəmizin, şəhərimizin simasıdır. Çətinliyimiz, sıxıntımız yalnız maliyyə məsələləridir. Amma buna baxmayaraq inventarlaşmanı aparırıq.

 

 

 

- Tarixi abidələrin siyahısı sonuncu dəfə nə vaxt dəqiqləşib?

 

- Bir neçə dəfə sovet hakimiyyəti dövründə, sonuncu dəfə isə 2001-ci ildə tarixi abidələrin siyahısı dərc olunub. Düzdür, heç kimin işində qüsur axtarmaq niyyətində deyiləm. Amma bilirsiniz, bəzi məsələlərdə problemlərlə qarşılaşmışıq. Məsələn, şəhərdə, yaxud regionda olan bəzi gözəl binalar sərəncama salınmayıb. Ona görə də cənab prezidentin fərmanına əsasən iş planı hazırlamışıq. Həmin iş planında əsas məsələlərdən biri inventarlaşmadır. Yəni yenidən ölkə ərazisində olan tarixi binaların inventarı tərtib olunacaq. Bəzi binalar artıq sökülüb. O binalar siyahıdan çıxarılmalıdır. Yeni aşkar olunan 700 tarixi bina var. Biz onları da siyahıya salmaq niyyətindəyik. İnventarlaşmanı Bakı şəhəri üzrə bitirmişik. Azərbaycanın şimal hissəsində də bu iş artıq başa çatıb, cənub zonasında işlər aparılır.

 

2017-ci ilin sonuna qədər bu iş tam yekunlaşacaq. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfdən bir sıra işgüzar məsələlərdə problemlərimiz var idi. Bilirsiniz ki, Bakıda və regionlarda küçə və prospektlərin adları, binaların nömrələri dəyişib. Bu, bizim işimizdə əngəl yaradır. İnventarlar Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Ona görə də hər şey dəqiq olmalıdır.

 

- Maliyyə sıxıntıları səbəbindən hansı layihələriniz təxirə salınıb? İstərdim, bu məsələ haqqında danışaq...

 

- Bölgələrdə bəzi abidələrin ciddi təmirə ehtiyacı var. Məsələn, alban məbədləri var. Bu yaxınlarda mətbuat da yazmışdı ki, Oğuzda alban məbədi çat verib. Yüzlərlə belə misal çəkmək olar. Qəzalı vəziyyətdə olan yüzdən artıq tarixi binamız var, onlarda yenidənqurma işləri aparılmalıdır. Təkcə alban məbədləri deyil, qəzalı vəziyyətdə olan məscidlər də var. Bəziləri çat verib, bəzilər dağılıb. Biz bəzən onların təmiri üçün sponsorlar axtarırıq.

 

 

 

- Bərpası daha vacib olan abidələrin siyahısı mövcuddurmu? Yəni imkan olan kimi ilk növbədə hansı abidələr təmir olunmalıdır?

 

- Dediyim kimi onların sayı yüzdən artıqdır. Əlbəttə, böyük və təmirə daha çox ehtiyacı olan abidələr var. Amma biz burada prioritet, yaxud ikinci dərəcəli iş bölgüləri aparmırıq. Hamısına eyni gözlə baxırıq. Bir çoxlarının vəziyyəti həqiqətən yaxşı deyil.

 

- Zaqatalada alban kilsəsinin çayxana olması haqqında məlumat yayılmışdı. Bu nə dərəcədə doğru xəbər idi?

 

- Yalan məlumat idi. Bizim nümayəndələrimiz orda oldular. Çayxana 70-80-ci illərdən həmin ərazidə mövcuddur. Sadəcə, jurnalistlər şəkil çəkəndə ədalətsizlik etmişdilər. Abidə ilə çayxana arasında hasar var. Fotonu çayxananın içindən çəkiblər və elə təəssürat yaranıb ki, çayxana alban məbədinin içindədir. Araşdırdıq və məlum oldu, 30-40 ilin çayxanasıdır, sadəcə, sanitar normalara riayət olunmayıb. Tapşırıq verdik ki, orda təmizlik işləri aparılsın. Maliyyə sıxıntılarına görə bir çox obyektlərdə işlərimizi həyata keçirə bilmirik.

 

Məsələn, Opera və Balet Teatrının layihəsi italyan memarları tərəfindən hazırlanmışdı. Cənab prezidentin iştirakı ilə layihənin təqdimatı olmuşdu. Amma maliyyə sıxıntısına görə bu işlər hələlik saxlanıldı.

 

- Teatrın direktoru Akif Məlikovdan müsahibə almışdım, demişdi, layihədə bəzi dəyişikliklər etdik ki, çox baha olmasın...

 

- Bəli, layihə Akif müəllimin iştirakı ilə hazırlanıb.

 

 

 

- Opera və Balet Teatrı memarlıq üslubunda tikildiyinə görə bərpası böyük xərc tələb edir. Təbii ki, bu teatrın təmirinə tələb olunan vəsait digər teatr binalarının təmiri üçün tələb olunan xərcdən daha artıqdır. Maliyyə sirri deyilsə, bu teatrın yenidənqurması üçün hansı məbləğdə vəsait tələb olunur?

 

- İtalyan mütəxəssisləri bütün xərclər daxil olmaqla 100 milyon manata yaxın smeta hesablamışdılar. Çünki Opera və Balet Teatrında söhbət təkcə restavrasiyadan getmir. Binada administrativ hissə dəyişməli, 28 May küçəsi tərəfə çıxan tarixi bina təzədən tikilməlidir. Bütün işlərə yüksək səviyyəli memarlar cəlb olunmalıdır. Bu, asan layihə deyil, ona görə də böyük xərc tələb edir.

 

- Sirkin binası ilə bağlı vəziyyət nə yerdədir?

 

- Sirkin təmiri də maliyyə sıxıntılarına görə qalıb. 2007-ci ildən layihə hazırdır.

 

- Sirkin rəhbərliyi şəhərin daha yaxşı yerində yeni binanın tikintisi üçün təkliflər vermişdi. Bu haqda nə düşünürsünüz?

 

- Bilirsiniz, Bakıda əhali artıb. Artıq paytaxtda dörd milyondan çox insan yaşayır. Sirkin yerləşdiyi keçədə tez-tez tıxaclar yaranır. Üstəlik, sirkə uşaqlarını gətirən valideynlərin əksəriyyəti maşınla gəlirlər. O vaxt təkliflərdən biri də belə idi ki, sirkin binası Bayraq Meydanının yanında yerləşsin. Mən düşünürəm ki, sirk açıq, geniş yerdə yerləşməlidir ki, insanların gəliş-gedişi rahat olsun.

 

- Tağıyevin 1885-1924-cü illərdə Mərdəkanda yaşadığı evi tarixi abidələr siyahısındadır?

 

Bəli.

 

- Mətbuat tez-tez bu binanın baxımsız vəziyyəti ilə bağlı materiallar verir. Deyilənə görə, həmin binada məcburi köçkünlər yaşayır...

 

- Məndə həmin binada məcburi köçkünlərin yaşadığı barədə məlumat yoxdur. Amma deyim ki, Tağıyevin həmin evi doğrudan da yaxşı vəziyyətdə deyil. Uzun zamandır orda təmir-bərpa işləri görülmür. Tək həmin bina deyil. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Xəzər rayonundan millət vəkilidir və onun təşəbbüsü ilə Mərdəkan və Şüvəlanda, digər yerlərdə çox işlər görülüb. Təbii ki, təmirə ehtiyacı olan digər binalarda da işlər aparılacaq.

 

 

 

- Şah İsmayıl Xətainin abidəsi ilə bağlı suallara hələ də dəqiq cavab verilməyib. Həmin heykəl yerində qalacaq, yoxsa götürüləcək?

 

- Bugünkü günə Xətainin heykəlinin götürülməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Ölkə miqyasında böyük işlər aparılır. Yollar, parklar salınır, binalar, əyləncə mərkəzləri tikilir. Qonaqlar artıq deyirlər ki, Bakı Avropanın bir çox şəhərlərindən daha gözəldir. Məsələn, bizim qonaqlarımız deyir, Bakı Şərqin Parisidir. Böyük işlər görüləndə ola bilər, nəyinsə yeri dəyişsin. Amma bunların hamısı qanun çərçivəsində olmalıdır. Əgər böyük yol çəkilirsə, hər hansı heykəl beş-on metr yerini dəyişə bilər. Sənədsiz, icazəsiz heykəli dağıtmaq qanuna ziddir.

 

- Sizcə, Xətainin heykəlinin hazırkı yeri nə dərəcədə uyğundur?

 

- Mən ona bir söz deyə bilmərəm. Ona Şəhər İcra Hakimiyyəti baxsın, uyğunluğunu söyləsin.

 

- Zakir müəllim, Mikayıl Müşfiqin heykəlinin götürülməsi məsələsi cəmiyyətdə ciddi rezonans doğurdu. İstərdim, məsələnin təfərrüatını danışasınız...

 

- Hadisədən bir həftə əvvəl “Azəravtoyol” Səhmdar Cəmiyyətindən mənə telefon açdılar. Bu məsələ ilə bağlı bizim fikrimizi öyrəndilər. Dedilər, bir çox dövlət orqanları ilə razılaşdırmışıq, sizinlə də razılaşdırmalıyıq. Mən dedim, əvvəla, siz birinci bizimlə razılaşdırandan sonra başqa dövlət orqanları ilə danışa bilərdiniz. Dedim, nə mənim rəhbərim cənab Əbülfəs Qarayev, nə də mən buna razı ola bilmərik. Yəni qəti etiraz edirik, heykələ toxunmayın. Əgər çox vacibdirsə, layihəni göndərin, baxaq, ölkə rəhbərliyinə göstərək, memarlarla müzakirələr aparaq, sonra çözüm yolu tapaq. Dedilər, yaxşı. Söhbət bitdi. Fevralın 27-də səhər bizim müfəttişliyin rəisi Etibar Axundov zəng vurdu ki, Müşfiqin abidəsini dağıdıblar.

 

Müfəttişlər yerində aktlaşdırdı, şəkillərini mənə göndərdilər. İlk olaraq nazir Əbülfəs Qarayevə məlumat verdim. Daha sonra “Azəravtoyol”un rəhbəri ilə danışdım. Mənə dedi, İcra Hakimiyyəti ilə razılaşdırılıb, sərəncamı var.

 

 

 

- Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə?

 

- Xeyir, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla. Mən İbrahim Mehdiyevlə danışmışdım, gördüm, məsələdən xəbəri yoxdur. Hacıbala müəllimlə telefonla danışdım, məlum oldu, heykəlin götürülməsindən onun da xəbəri yoxdur. Hacıbala müəllimə müraciət olunub, amma o razılıq verməyib. Artıq məsələ mediaya çıxmışdı, müzakirələr aparılırdı. Məsələyə ən doğru qiyməti cənab prezidentimiz verdi. Xalqımız gördü ki, ölkə başçısı düzgünlüyün, ədalətin yanındadır. Müşfiqin heykəli bir ay müddətində bərpa olunacaq.

 

Füzuli meydanında yeni yolun çəkilməsi ilə bağlı işlər aparılır. Belə bir məlumat yayılmışdı ki, Füzulinin heykəlinin yeri dəyişilə bilər...

 

- Məndə belə bir məlumat yoxdur. Ümumiyyətlə, müzakirə olunmur. Mən həmin layihə ilə tanışam. Füzulinin heykəlinin heç nəyə maneçiliyi yoxdur.

# 314
avatar

APA Baycan

Oxşar yazılar