<span style="color:red;">İKİ BAKILI:  birini öldürüb yandırdılar, o biri isə soyadını dəyişib, qeyb oldu... – <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR...
01 mart 2017 16:18 (UTC +04:00)

İKİ BAKILI: birini öldürüb yandırdılar, o biri isə soyadını dəyişib, qeyb oldu... – SƏBUHİ MƏMMƏDLİ YAZIR...

 

Həmin il Meksikaya SSRİ yığmasının heyətində Bakıdan iki idmançı yollanmışdı. 74 kiloqramlıq çəkidə Arif Niftullayev, 90 kiloda isə Viktor Avdışev yarışacaqdı. Yığmada hamının “Avdış” kimi çağırdığı 22 yaşlı Viktor Meksikaya həm də Avropa çempionu kimi gəlmişdi. Sonuc hər iki idmançımız üçün uğurlu oldu. Arif dünya çempionu adını qazandı. Gənc Viktor isə dünya üçüncüsü oldu.

 

Başqa çəki dərəcələrini də nəzərə alsaq, SSRİ yığması 1978-ci il dünya çempionatından qələbə ilə qayıtmışdı. Moskvada qəhrəmanları gül-çiçəklə qarşılamışdılar. Eləcə də bizim qəhrəmanları Bakıda əl üstə gəzdirirdilər. Xüsusən də Arifi. Axı o, güləş üzrə dünya çempionu olan ilk azərbaycanlıydı…


***
 

 

Zaman: 1990-cı illərin ortaları.

Məkan: Ukrayna.



 

...SSRİ təzə dağılmışdı. Keçmiş imperiyanın ərazisində, xüsusən də Rusiya və Ukraynada sözün əsil mənasında dərəbəylik hökm sürürdü. Bununla belə, keçmiş respublikalardan insanlar yenə də çörək dalınca əsasən bu ölkələrə üz tuturdular. Viktor da onlardan biriydi. Bakıda “Dinamo” cəmiyyətində bir müddət işlədikdən sonra elə onun özü də çörək dalınca Kiyevə üz tutmuşdu.

 

Kiyevdə Viktorun dayısı yaşayırdı. Şəhərin ən nüfuzlu şəxslərindən biri olan Harri Məlikzadə. Məlikzadə dostları Semyon Yufa və Aleksandr Presmanla birgə “Merkuri” şirkətini qurmuşdular. Respublika stadionu yaxınlığında bazara da onlar nəzarət edirdilər. Amma zaman elə bir zaman idi ki, şəhərdə bütün ticarət obyektləri, xüsusən də bazarlar uğrunda kriminal qruplaşmalar arasında qanlı müharibələr gedirdi. Bu müharibədən sağ çıxmağın bircə isə yolu var idi; Öz dəstəni yaratmaq və özünü qorumaq. Məlikzadə və şərikləri də bu yolu tutmuşdular. 1993-cü ilin əvvəllərində Məlkzadə keçmiş idmançı, bacısı oğlu Viktorun köməyi ilə obyektlərin və özünün mühafizəsini təşkil edə bilir. Tezliklə Viktorun ətrafında onlarla idmançı cəmləşir. Qısa müddətdən sonra isə onların sayı çoxalır. Viktor və dəstəsi təkcə dayının obyektlərini mühafizə etmirdilər. Onlar… Hə, bu məqama gələcəyik. İndilikdə isə...

 


***
 

Həmin gün Viktor Avdışevə Almaniyadan dəhşətli xəbər gəlir. Onun daysını, Məlikzadəni Berlinin ortasında, özü də günün günorta vaxtı güllələmişdilər. Məlkzadəni Ukraynadakı Vyetnam mafiyasının sifarişi ilə öldürmüşdülər. Qətlin motivi isə Məlikzadə ilə vyetnamlıların Ukraynada siqaret qaçaqmalçılığındakı maraqlarının toqquşması idi.

 

Dayının təntənəli dəfnindən sonra nəsil bir yerə yığılır: Viktor Avdışev varis elan edilir. Əslində, bacıoğlu dayının tək varisi olur. Çünki həmin vaxt Məlikzadənin şərikləri öz paylarını götürüb, İsrailə köçmüşdülər.

 

Avdışev isə qısa zamanda özündən söz dedirdə bilir.

 


***
 

Həmin ərəfələrdə Kiyevdəki Respublika stadionunda fəaliyyət göstərən bazarı “qoruyan” Avdışevin adamları öz birliklərini qeydiyyatdan da keçirirlər. Bu, mühafizə xidməti kimi qeydə alınan və 700-dək “əməkdaşı” olan reket qrupu idi əslində.

 

Onlar təkcə bazar işçilərindən deyil, Ukraynanın hər yerində yaşayan biznesmenlərdən haqq almağa başlayırlar. Bazara girən hər adam onlara haqq verməliydi. Burada gündəlik yığım on minlərlə dollar təşkil edirdi. Bundan başqa, stadionun yanında yerləşən bazar, həm də “razborka” meydanına çevrilmişdi. Maraqlıdır ki, bakılı Avdışev öz həmyerlilərinə güvənmirdi. Bu da səbəbsiz deyildi, əslində. Çünki Kiyev və onun “yağlı” obyektləri urunda həmin vaxt 3 bakılı mübarizə aparırdı. Avdışev, “Babay” ləqəbli Yuri Bağıyev və “Oleq Bakinsiki” ləqəbli Oleq Krapivin. Məhz bu səbəbdən bərayi-ehtiyat Avdışev ancaq slavyanlara güvənirdi. Briqadirləri isə bu adamlar idi: Serqey Buxaneviç (Poplavok), Serqey Bondar (Boşik), Vladislav Xarlamov (Xarlam), Gennadiy Mixaylov, Serqey Ovçarov (Pudelek), Aleksandr Sobolevsky (Sobol).

 

Hə, Avdışevin bir müttəfiqi də vardı. Milliyyətcə osetin olan Boris Savloxov (Savloxa). Digər kriminal qruplaşmalarla mübarizədə məhz bu iki nəfər bir-birinə dəstək verirdilər.

 


***
 

 

1995-ci ildə Avdışev ilk dəfə istintaqa dəvət edilir. Onun qruplaşmasının 6 üzvü təhdid yoluyla külli miqdarda pul almaqda təqsirli bilinirdilər. İstintaq nəticəsində məlum olmuşdu ki, nəinki Kiyevdə, Ukraynanın başqa regionlarında belə “avdışevçilər” iş adamlarına əməlli haqq qoyurmuşlar, onlardan yüzminlərlə dollar pul alırmışlar.

 

Müstəntiqlər Avdışevin özünü istintaqa cəlb edirlər. Məhkəmə onun barəsində həbs qərarı çıxarır. Amma Viktor 200 min qriven müqabilində ev dustaqlığına çıxa bilir. Elə səhəri gün vəkili Yuri Qaysinski məhkəmə qarşısında vəsatət qaldırır: Avdışevin anası vəfat edib, o, Bakıya dəfnə getməlidir.

 

Avdışev doğrudan da Bakıya gəlir. Amma itir. Kiyev şəhər məhkəməsi onun barəsində qiyabi olaraq 4 il həbs qərarı verir. Ukrayna Avdışevi tələb edir. Amma vəkili Ramiz Zeynalov Viktor Avdışevin psixi xəstəlikdən əziyyət çəkdiyi barədə arayış hazırlayır. Avdışev Bakı ruhi-əsəb dispanserinə göndərilir. İki il həmin dispanserdə “müalicə olunur”.


***
 

2001-ci ilin əvvəlində Viktor Avdışev Bakını tərk edir. Şəxsi mühafizəçisi və sürücüsü ilə Rusiyaya yollanır. Pyatiqorsk şəhərində maşınını yol polisi saxlayır. İlkin araşdırmadan sonra məlum olur ki, sən demə, Ukrayna Avdışev barəsində axtarış veribmiş. Avdışev yerli polisə gətirilir. Və bu vaxt xilaskar bir mələk ortaya çıxır. Olimpiya çempionu, bütün Rusiyanın fəxri Aleksandr Karelin. Karelin həmin vaxt həm də Dövlət Dumasının deputatı idi. Deyilənə görə, onun bir zəngindən sonra Avdışevi həbsdən buraxıblar.


***
 

Amma bundan sonra “Avdış” gizlənməkdən, təqibdən bezərək, rahat yaşamaq istəyinə düşür. Moskvaya üz tutaraq, onunla ailə həyatı quran bir xanımın soyadını götürür. İndi Avdışev yox, Koçiyev olan Viktor nümunəvi ailə başçısıdır və nüfuzu ilə qonşuları arasında ad çıxarıb. Onun keçmişini araşdırmaq isə heç kimin yadına düşmür və ya buna heç kimin “gücü” çatmır. Hər halda, artıq “Avdış”ın reket dəstəsi, “vergiyığan” briqadirləri yoxdur.

 

Bakılı Avropa çempionu isə xanımı ilə birgə rahat həyat sürür.

 

***

 

Hə, bayaq Arif Niftullayevdən söhbət açmışdıq axı. Avdışevdən fərqli, Arifin həyatı faciəylə bitir. Onu Moskvada, öz villasında qətlə yetirmişdilər. Villanın həyətinə daxil olan killerlər əvvəlcə səsboğucusu olan tapançayla itləri güllələmişdilər. Sonra içəri girib, Arifə 5 güllə vurmuşdular. Daha sonra isə evini yandırmışdılar. Arif Niftullayev daşınmaz əmlak biznesiylə məşğul idi. Görünür, kiminsə maraqlarını tapdalamışdı. Ən dəhşətlisi odur ki, dünya çempionunun qətli sonacan araşdırılmadı. Onun qətlinin üstü açılmadı.

 

O ki qaldı “Babay”a, Avdışevin Kiyevdəki düşmənlərindən birinə, o da sağdır. Deyilənə görə, Kiyev dəmiryolu vağzalı hələ də birbaşa onun nəzarətindədir. Bakılı “Babay”ın hekayəti isə sabah olacaq...

 

Lent.az-da qalın...

# 676
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar