“Ölüm qrupu”nun üzvü, rəhbərə sərt cavab, adsız qəhrəman -  BİR DÖYÜŞÜN TARİXİ
27 fevral 2017 21:10 (UTC +04:00)

“Ölüm qrupu”nun üzvü, rəhbərə sərt cavab, adsız qəhrəman - BİR DÖYÜŞÜN TARİXİ

 

 

Hitlerin bu barədə xüsusi əmri olub. Və bütün cəbhələrə xüsusi telefonoqramla göndərilibmiş: “Sovet desantçılarını əsir götürməyin, könüllü təlim olsalar belə, yerindəcə güllələyin!” Amma onlar Hitler əsgərlərinə əsir düşməmişdilər. Başda komandirləri Sezar Kunikov olmaqla, sonacan döyüşmüşdülər. Vur-tut 275 desantçı 1 gündə almanların 18 həmləsini dəf edərək, adlarını “Kiçik torpağ”a yazdırmışdılar. O kiçik torpağa ki, sovet lideri Leonid İliç Brejnev sonradan oranı az qala özünün qəhrəmanlıq salnaməsi hesab edirdi. O “Kiçik torpaq” ki, oranı azad edən 275 desantçıdan biri də azərbaycanlıydı: Hacıyev Musa Hacı oğlu. Və elə həmin Brejnev hər il 9 May Qələbə günü Qazax rayonunun Daş Salahlı kəndinə Musa Hacıyevə təbrik məktubu göndərərdi. Musa isə hər dəfə həmin məktubun üzünə də baxmadan cırıb atardı: “Əclaf, “Kiçik torpağ”ı görməyib, özünü qəhrəman sayır”.

 

Düz deyirdi Musa kişi. Əsil qəhrəmanlar tamam başqa adamlar idi.

 

***

 

1943-cü ilin elə bu günlərində mayor Sezar Kunikovun başçılığı ilə 275 sovet desantçısı Novorossiysk istiqamətinə, sonradan “Kiçik torpaq” adlanacaq Staniçka kəndinə atıldılar. Almanlar belə qəfil hərəkəti gözləmirdilər. Təkcə bir gün ərzində sovet desantçılarının mövqeyini ələ keçirmək üçün faşistlər 18 hücum təşkil etmişdilər. Amma hər dəfə yüzlərlə itki verərək, geri oturdulmuşdular. Desantçıların itkisi isə 4 nəfər idi. Məhz bu qəhrəmanlıq barədə Hitlerə məruzə edəndə o, xüsusi sərəncam vermişdi: “Sovet desantçılarını əsir götürməyin, yerindəcə güllələyin”.

 

Azərbaycanlı qəhrəmanımızın kimliyinə qayıdacağıq. Hələlik Sezar Kunikovdan danışaq. Rostovda anadan olmuşdu. Atası Lev Moiseyeviç mühəndis, anası evdar qadın idi. Rusiyada başlayan vətəndaş müharibəsi Kunikovları Rostovdan düz Bakıya gətirib çıxarmışdı. Hə, bura, Bakıya. Bir müddət Bakıda yaşamışdılar Sonradan atasıyla bərabər İrana getmişdi Sezar. Amma burada duruş gətirə bilməmişdilər. 1924-cü ildə yenidən Rostova qayıtmışdılar. Ata-bala, Rostovdakı “Union”-“Yuqostal” zavodunda çalışmağa başlamışdılar.

 

Böyük Vətən Müharibəsi başlayanda oğul Kunuikov könüllü cəbhəyə yollanmışdı. Taqanroq və Mariupolda vuruşmuşdu. Bir qədər sonra isə o, desant batalyonunun komandiri təyin edilmişdi. 1943-cü ilin fevralında Kunikova “Dəniz” kod adlı əməliyyat tapşırılır. O, öz desantçıları ilə birgə Novrossiyskə, Staniçka kəndinə almanların arxasına atılır. Almanlar qəfil əməliyyatdan ayılana kimi desantçılar, sonradan müxtəlif mənbələrin “ölüm qrupu” adlandırdığı bu rəşadətli döyüşçülər özlərinə mövqe tuturlar. Amma faşistlərin hücum cəhdləri bir fayda vermir. Eyni zamanda, sovet desantçılarının da sursatı tükənməkdəydi. Belə olan halda Kunikovdan əmr gəlir. Onları durmadan atəşə tutan artilleriya üzərinə hücuma keçirlər. Bu hücum isə sonradan sovet hərb tarixinə, dərsliklərinə düşür. Həmin mövqeləri ələ keçirirlər, əsas qüvvələr gələnədək 7 gün saxlayırlar. Və sonuncu gün təsadüf atılan güllərdən biri Kunikova tuş dəyir. O, ağır yaralanır və bir gün yaşayır. 1943-cü ilin 17 aprelində Kunikova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

 

***

 

“Mənim atamı xüsusi seçimlə Kunikovun batalyonuna götürmüşdülər. Həmin batalyonda Tuapse, Gəlincik, Novorossiysk cəbhələrində döyüşmüşdü. Kunikov onu vzvod komandiri təyin etmişdi”.

 

Bunu Musa Hacıyevin oğlu Hacı Hacıyev deyir. Sən demə, Musa Hacıyev elə almanlarla yuxarıda bəhs etdiyimiz artilleriya batareyasına hücum zamanı süngü döyüşündə yaralanır.

 

“Süngü döyüşündə atamın ayaqları altında mina partlayıb. Onu döyüş ərazisindən çıxarıblar. O, Kunikovla birgə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilib. Amma həmin ərəfədə onu ölmüş biliblər, heç axtarmayıblar da. Sən demə, döyüş bitdikdən və əsas qüvvələr gələndən sonra onu hospitala yerləşdiriblər. Üstündə isə heç bir sənədi olmayıb. Beləcə, təqdimat baş tutmayıb”.

 

Yaraları sağalandan sonra Azərbaycana, Daş Salahlıya qayıdıb. Poçt müdiri işləyib. Bir gün televizorda eşidir ki, Brejnevin yazdığı “Kiçik torpaq” kitabı çapdan çıxıb. Bir ay keçməmiş kitab Azərbaycana da gəlir. Musa Hacıyev kitabı oxuyur və əsəbiləşir. Elə işlədiyi poçtanca Brejnevə teleqram vurur: “Bu yazdıqların yalandır. Sən axı orada olmamısan!”

 

“Bizə də deyirdi. Deyirdi ki, yazdıqları əfsanədir. “Kiçik torpağ”ı biz xilas etmişik. Bu isə, yəni Brejnev, o döyüşlərdən sonra ora gəlib”.

 

 

Kəndə Musa kişini sakit olmağa, Brejnevə teleqramın nə vaxtsa onun başını ağrıdacağını deyirlər. Amma Musa kişi inadından dönmür. Ömrünün sonunacan ona gələn təbik məktublarını cırıb atır. Düz 1978-ci ilədək, dünyasını dəyişənədək…

 

# 413
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar