[b]“Üzən tabut”: 785 nəfərin olduğu gəmi necə batırıldı? – MƏXFİ TELEQRAMIN MƏTNİ[/b]
24 fevral 2017 15:40 (UTC +04:00)

[b]“Üzən tabut”: 785 nəfərin olduğu gəmi necə batırıldı? – MƏXFİ TELEQRAMIN MƏTNİ[/b]

 

Gəmi Rumıniyanın Konstansa limanından dekabrın 12-si çıxmışdı. 785 sərnişini Fələstinə aparacaqdı. Faşistlərin əlindən qaçan yəhudiləri. Yola düşməmişdən qabaq Hitlerlə əməkdaşlıq edən Rumıniya iqtidarı Berlindən əmr gözləmədən belə 4 min yəhudini divara düzüb güllələmişdi. Əlac ancaq və ancaq qaçmağaydı. Gəminin sərnişinləri arasında olduqca varlı yəhudilər vardı. Onlar canlarını pula qurtarmışdılar əslində. Sınıq-salxaq bir bolqar gəmisini kirayələmişdilər. Elə o gəmiylə də yola düşmüşdülər.

 

3 gün deyildi ki, gəmi sulardaydı, kapitan həyəcan təbili çalmışdı: “Mühərrik sıradan çıxdı”. Dənizin ortasında, sahilə hələ on kilometrlərlə məsafə qalmış ləngər vuran gəmiyə yanından keçən başqa bir gəmi sahib çıxmışdı. Həmin gəmidə mühərrik üçün ehtiyat hissləri tapılmışdı.

 

Amma bu da müvəqqəti idi. Kapitan qərara alır ki, İstanbula yan alsınlar, gəminin mühərriki təmir edilsin, sonra yola davam…

 

Dekabrın 15-də gəmi artıq Bosfor boğazında, Sarayburnu sahilində dayanmışdı. Gəmidə olan 800 nəfərə yaxın insanın heç ağlına gəlməzdi ki, bu, onların sonuncu dayanacağıdır.

 

Yox, gəmini Türkiyə hökuməti məhv etməmişdi. Ümumiyyətlə, bu hadisədə Türkiyənin hərəkəti bir başqa mövzudur. Söhbət ondan gedir ki, “Struma” adlı bu gəmini SSRİ batırmışdı.

 

Bu hadisədən çox sonra, 60-cı illərdə SSRİ arxivlərindən çıxan sənədlər nəticəsində isə “Struman”ın sovet sualtı gəmisi “ÇÇ-213” tərəfindən torpedo ilə vurularaq batdığı aydın oldu. SSRİ Müdafiə Komitəsinin xüsusi direktivi vardı. Qara dənizə girən bütün tərəfsiz, ya da düşmən gəmilərini batırması istiqamətindəki gizli təlimatı yerinə yetirilməliydi. “Struman”ın batırılması hadisəsi Sovet arxivlərinə elə məxfi telefonoqramın mətnindəki kimi daxil olmuşdu:

 

“213” sualtı gəmisi 24.2.1942 səhəri müdafiəsiz vəziyyətdəki düşmən gəmisi “Struma”ya rast gəldi. Gəmi 1118 metrdən müvəffəqiyyətlə batırıldı. Qırmızı Donanma dənizçiləri cəsarət nümunəsi sərgilədilər”.

 

Gəmidən yalnız David Stoliar adlı sərnişin və İvan Diko adlı ikinci kapitan sağ qalmışdı. Stoliar və Diko səhərə qədər açıq suda adi taxtadan yapışaraq sağ qalmağa çalışdılar. Amma Diko az sonra keçindi. Stoliar isə möcüzə nəticəsində qurtuldu. O, türk xilasetmə qayıqları tərəfindən tapıldı və quruya çıxarıldı.

 

Əslində, həmin gəmidən bir ailə salamat çıxmışdı. Düzdür, “Struma” İstanbula yan alan kimi Hitler Türkiyəyə nota göndərmişdi. Almaniyanın İstanbuldakı səfiri isə gəmidə epidemiya olduğu barədə məlumat verərək, rəsmi Ankaradan heç kimin quruya çıxmasına icazə verilməməsində israr etmişdi. Hitlerin qəzəbinə gəlməmək üçün türklər heç kimi gəmidən bayıra buraxmamışdılar. Düzdür, gəmidəkilərə ərzaq su, isti geyimlər verirdilər. Amma bayıra çıxmağa bir nəfərə də icazə olmazdı.

 

Bundan əlavə, gəmi Türkiyə üçün əsil başağrısına çevrilmişdi. İstanbul sularında dayandığı 2 ay 11 gün ərzində demək olar ki, hər gün Almaniya səfirliyindən təhdid dolu bəyanatlar alırdı. Nəticədə, fevralın 23-də gəminin Türkiyə sularını tərk edilməsi barədə razılıq əldə edildi. Gecə yola çıxan gəmi fevralın 24-ü səhərə yaxın sovet sualtı qayığının torpedosuyla batırıldı.

 

***

 

Hə, bayaq ondan danışrıdıq axı, sağ qalan bir ailədən. Söhbət ondan gedir ki, həmin gəmidə Martin Seqal adlı milyonçunun da ailəsi vardı. Segal “Standard Oil Company of New York” adlı Amerika neft şirkətinin Rumıniya təmsilçisiydi. Segal və ailəsinin gəmidən düşürülməsini İngiltərə və ABŞ Türkiyədən xahiş etmişdi. Aradakı vasitəçi isə kim olsa yaxşıdır? Vehbi Koç. Hə, Türkiyənin ən varlı şirkətlərindən birinin, “Koç Holding”in qurucusu. Sən demə, həmin vaxt Vehbi bəy də “Standart oyl”un Türkiyə təmsilçisi imiş. Seqalları gəmidən birbaşa öz evinə gətirmişdi Vehbi Koç.

 

Maraqlıdır ki, bəzi mənbələr Vehbi Koçun ildırım sürətilə varlanmasını məhz Segallara kömək etməsi ilə əlaqələndirirlər. Düzdür, Koç özü məşhur şirkətin təmsilçisiydi, amma böyük kapitalı ona məhz Segalların verdiyi deyilir.

 

***

 

20-ci əsrin ən böyük faciələrindən sayılır “Struman”ın batırılması. Ən azı ona görə ki, həlak olanların 131 nəfəri uşaq idi. Və gəmi dinc missiya ilə üzürdü. Bu faciə ədəbiyyat və kinodan da kənar qalmadı. Zülfü Livaneli bu hadisəyə həsr olunan “Serenada” romanını nəşr etdirdi. Halit Kakınç bu faciədən bəhs edən “Struma - Üzən Tabut” sənədli filmini çəkdi.

 

# 169
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar