“Altıbarmaq”la “Ded”in qanlı müharibəsi: <span style="color:red;">bakılı oğrular niyə susdular?  – <span style="color:red;">Səbuhi Məmmədli YAZIR
21 fevral 2017 17:11 (UTC +04:00)

“Altıbarmaq”la “Ded”in qanlı müharibəsi: bakılı oğrular niyə susdular?Səbuhi Məmmədli YAZIR

 

Onu 1999-cu il oktyabrın 4-də Moskvadakı kafelərin birində öldürmüşdülər Rudiki. Rudik Bakinskini. Killerə 50 min dollar ödənmişdi. Kafeyə girən kimi də elə onu soruşmuşdu:

 

- Rudik hansınızsız?

 

- Mənəm.

 

Sözü ağzında qalmışdı. Killer soyuqqanlılıqla onu güllə yağışına tutmuşdu. Düz iki daraq boşaltmışdı. Sonradan bədənindən 40 giliz çıxarmışdılar.

 

“Altıbarmağ”a qardaşının öldürüldüyünü dərhal xəbər vermişdilər. Sifarişin haradan gəldiyini də bilirdi “Altıbarmaq”. Və elə qardaşının dəfnindən sonra bir çox bakılı oğruların da iştirak etdiyi “sxodka”da and içmişdi ki, bu qanı yerdə qoymayacaq; “Ded” cəzalanacaq. Düzdür, “Ded”i, hə, həmin “Ded”i, “Xasan”ı cəzalandırmağa onun ömrü yetmədi. Amma onun, Bakıda hamının “Vaçikos” kimi tanıdığı Oqanov Sergey Vladimiroviçin “Ded Xasan”la başladığı kriminal müharibədə 150-dən çox adam öldü. Təkcə Mineralnıe Vodı şəhərində 34 nəfər bu müharibənin qurbanı olmuşdu.

 

***

 

80-ci illər sovet Bakısının ən tanımışı oğruları olublar Oqanovlar. Böyük qardaş Rudik Bakinski və eləcə də “Vaçikos” ləqəbli qardaşı Vladimirin – bir ayağında 6 barmağı olduğuna görə, ona “Altıbarmaq da deyirdilər - dostluq etdikləri isə maraqlıdır ki, ermənilər deyil, azərbaycanlı avtoritetlər idi. 1954-cü il yanvarın 26-da anadan olmuşdu “Vaçikos”. İlk dəfə xuliqanlığa görə həbsə düşmüşdü. Şuşa türməsində çəkmişdi cəzasını. 21 yaşında “qanuni oğru” adını almışdı. Montin qəsəbəsindən tutmuş 8-ci kilometrə qədər narkotik satışına o nəzarət edirdi. Yeri gəlmişkən, özü də narkotik istifadəçisi idi. Elə 2002-ci ildə də məhz narkotikdən vəfat etdi. Dozadan artıq heroin qəbul etmişdi...

 

Deyilənə görə, azərbaycanlı avtoritetlərin əksəriyyətinə də heroini o dadandırmışdı. Ən yaxın dostu isə “Razboynik Çingiz Montinski” idi. Burada bir məqamı da qeyd edək, məşhur gitaraçı Rəmişlə də möhkəm dostluğu olub.

 

“Vaçikos” və dostlarının Bakıda bir sevimli məkanı vardı. Keçmiş Dzerjinski parkı. Oradakı çayxanaya yığışardılar. Bir də Tofiqin bilyard salonuna. Bakıda “Vaçikos”a “obşak”ı da etibar etmişdilər. Yığılan “qrev”lərə o nəzarət edirdi, “Razboynik Çingiz”lə birgə. Amma “Vaçikos” sonradan “obşak”a xəyanət etmişdi. Oradan pullar götürüb, Yessentukidə özünə dəbdəbəli ev almışdı.

 

Bu isə Çingizin xoşuna gəlməmişdi. 1988-ci ildə məlum hadisələr başlayanda “Vaçikos” və Rudik Moskvaya köçsələr də “obşak” məsələsi hələ də onlarlıq idi. “Vaçikos”un “obşak”a xəyanət etdiyini gözəl bilirdi Çingiz. Həmin vaxt ağır xəstə olsa da, Moskvaya gedir, “Vaçikos”dan hesab tələb edir. “Vaçikos” isə düz 4 ay onu oteldə gözlədir. Görüşünə gəlmir. Belə olan halda “Razboynik” onun qanuni oğru adının alınmasını tələb edir. Amma qəfil ölüm bunu həyata keçirməyə mane olur. Ümumiyyətlə, çox ədalətli adam olub Çingiz. Məsələn, Lotu Bəxtiyar danışırdı ki, onu taclandıranda Çingiz əleyhinə çıxıb. Deyib ki, hələ tezdir. Bütün bunlara baxmayaraq, Bəxtiyara qanuni oğru adını veriblər. Amma Bəxtiyar özü də sonradan etiraf edir ki, həmin vaxt Çingizin dediklərində də böyük həqiqət vardı.

 

***

 

90-cı illərin əvvəllərində Moskvada Rudik Bakinski və “Vaçikos” əməlli biznes imperiyası və killerlər ordusu yaratmışdılar. “Silevestr”, “Mixas” kimi oğrular belə onlarla hesablaşırdılar. Məhz elə biznes maraqları onları “Ded Xasan”la toqquşmaya aparıb çıxarmışdı.

 

“Ded”lə ilk toqquşma Özbəkistandan gələn pullarla bağlı olub. Günlərin bir günü məlum oldu ki, Özbəkistandan erməni avtoritetlərin “obşak”a göndərdiyi 850 min dolları “Ded Xasan” mənimsəyib. “Ded Xasan”ı 3 dəfə “sxodka”ya dəvət etsələr də, gəlmir. Belə olan halda Oqanovlar “Ded”dən qanuni oğru adının alınması təşəbbüsüylə çıxış edirlər. Məhz bu təşəbbüsdən sonra “Ded” onlara müharibə elan edir.

 

Oqanovların cavabı gecikmir. Onlar “Ded Xasan”ın nüfuz dairəsində olan Krasnodar diyarında onun obyektlərini ələ keçirməyə başlayırlar. “Ded” cavab verir: Pyatiqorskda “Vaçikos”a və Rudik Bakinskiyə qarşı sui-qəsd hazırlanır. Amma Oqnaovlar bundan tez xəbər tuturlar və əyləşdikləri restoranı vaxtından əvvəl tərk edirlər.

 

1995-ci ilin fevralında Moskvadakı “Pomidor” restoranında Panama vətəndaşı olan Eduard Avakyan güllələnir. Sifariş isə “Ded Xasan”dan gəlmişdi. Avakyan “Vaçikos”un dostu idi. Neft biznesilə məşğul olurdu. Moskvaya isə məhz “Altıbarmağ”ın dəvətiylə gəlmişdi. Bu hadisədən bir ay sonra Oqanovların başqa bir dostları Qaqik Şatvaryan güllələnir.

 

“Vaçikos” da “Ded”ə borclu qalmır. Moskvanın “Santa-Fe” restoranında “Ded”in sağ əli sayılan Artur Kulbakov (“Boroda”) və daha iki tərəfdarı güllələnir.

 

1997-ci ilin mart ayında “Vaçikos”, nəhayət, ““Ded”in qanuni oğru adının əlindən alınmasıyla bağlı “sxodka” çağırmağa nail olur. Bu “sxodka”nın fəal iştirakçılarından olan Edik Moskva adlı qanuni oğru isə bir gün sonra güllələnir. Amma “Ded”in adının əlindən alınması əksər qanuni oğrular tərəfindən qəbul edilmir. O, öz titulunu qoruyub saxlayır. Deyilənə görə, “Ded” bunu pul gücünə həll edibmiş.

 

***

 

Amma bütün hallarda bakılı qanuni oğrularla “Ded”in müharibəsi bütün qəddarlığı ilə davam edir. Bu müharibədə ölənlərin sayı isə yuxarıda qeyd etdiyimiz kimi onlarla idi…

Bütün bu müharibə zamanı azərbaycanlı oğrular heç kimin tərəfini tutmurlar. Nə Lotu Bəxtiyar, nə Hikmət, nə Masallı Mamed, nə də Mirseymur. Bəxtiyar azərbaycanlı avtoritetlərə elə beləcə də deyir: Bu, bizim müharibə deyir, kürd və ermənilərin “razborka”sıdır, qarışmayın. Və hamı da böyük qardaşı eşidir.

 

Röşən Lənkəranskinin isə “Ded”lə başqa haqq-hesabı olacaqdı. Çünki həmin vaxt qanuni oğru deyildi, Oqanovları isə tanımırdı. Rövşənin müharibəsinin səbəbi başqaydı.

 

Bu isə necə deyərlər, başqa söhbətin mövzusudur...

 

# 882
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar