Ermənistan prezidenti "Ded Xasan"ın yanında nə gəzirdi? - <span style="color:red;">Səbuhi Məmmədli YAZIR...
16 fevral 2017 16:15 (UTC +04:00)

Ermənistan prezidenti "Ded Xasan"ın yanında nə gəzirdi? - Səbuhi Məmmədli YAZIR...

 

1993-cü il mayın 28-də, Rusiya kriminal aləminin xaç atası “Ded Xasan”ın sevimli məkanı olan “Starıy Faeton”a Sarkisyanı nə aparıb çıxarmışdı? Əslində, indi bunun səbəbini bircə Serj bilir, bir də “Çako” ləqəbli Ramzik Amoyan. Çünki “Ded Xasan” yoxdur indi. Öldürülüb.

 

Amma ayın tarixi də bizə nə isə deyir axı. Hə, düz tapmısınız, Ermənistanın müstəqillik günü qeyd edilir. Təmtəraqlı masa düzəldiblər. Masanın arxasında isə erməni, kürd qanuni oğrular. Və bir də bu görüşdən sonra, məhz bu görüşdən sonra Ermənistanın müdafiə naziri olacaq Sarkisyan oturub, gözündə eynək.

 

***

 

Bəs nə birləşdirir bu adamları? Ermənistan rəsmisinin, ən əsası indiki prezidentinin, özü kimi əli onlarla insanını qanına batmış, Rusiyanın mafiya başçısıyla nə əlaqəsi?

 

Və həm də o maraqlıdır, Sarkisyan məhz bu görüşdən iki ay sonra Ermənistanın müdafiə naziri təyin ediləcəkdi. Amma yarıkürd, yarıerməni “Ded Xasan”, Aslan Usoyanla əlaqələr bundan sonra daha da dərinləşəcəkdi.

 

“Ded Xasan” qətlə yetiriləndən sonra rus saytları onun keçmişinə toxunmuşdular. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, “Ded” və ətrafı silah mafiyasının da başında dayanıblarmış. Məlumatlara görə, “Ded Xasan” və onun sonrakı varisi “Şakro Molodoy” PKK-ya və ermənilərə silah satmaqla məşğul olublar. Bu proses əsasən Yeltsinin vaxtında PKK düşərgələrinə göndərilib. Eləcə də ermənilərə. “Ded Xasan”ın bu alverdən milyonlarla pul qazandığı da deyilir.

 

***

 

Amma bu hələ heç nədir. Söhbət ondan gedir ki, Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan – onu hər yerdə “Saşik” deyə çağırırlar – birbaşa “Ded Xasan”ın əmrlərini yerinə yetirirmiş. Onsuz da kriminal Ermənistanı daha böyük kriminal babanın, “Ded Xasan”ın ixtiyarına veribmiş.

 

Bunu rus mənbələr yazır: “Saşik Ermənistanda demək olar ki, biznesin bütün sahələrinə müdaxilə edir. Özünün kriminal gəlirlərini isə Amerika  və Rusiyaya köçürə bilib”.

 

Yazılanlara inansaq, təkcə ABŞ-da Saşikin 200 milyon dollarlıq sərvəti var.

 

Onun həmçinin Avropada da biznesi var. Saşik bircə dəfə çaşmışdı. Ermənistana idxal olunan kənd təsərrüfatı məhsullarını da öz əlinə almaq istəyirmiş. Amma unudubmuş ki, bu sahə “Ded Xasan”ın, yezidi kürdlərin əlindədir. Onda “Ded” Serjə bircə kəlmə demişdi. Özü də telefon zəngiylə. Saşik isə təcili Moskvaya uçmuş, elə həmin “Starıy Faeton”daca “Ded”dən üzr istəmişdi.

 

***

 

Saşikin hərəkətləri və varidatı Amerika hüquq-mühafizə orqanlarının da diqqətini çəkmişdi. Sən demə, ABŞ-da “Pzo” ləqəbli Armen Kazaryanın başçılıq etdiyi mafiyanın fəaliyyəti araşdırılırmış. Düzdür, Kazaryan həbs edilmişdi. Amma araşdırmaların bir ucu da Ermənistana, Sarkisyanlara gedib çıxırdı. Sən demə, Saşikin “Pzo” ilə ortaq biznes varmış. Bu biznesin Moskvadakı ortağı isə…hə, düz tapdınız “Ded Xasan” imiş. Bəlkə də məhz prezidentin qardaşı olması ona qarşı cinayət işinin açılmasına mane olub. Və Saşik İnterpola verilməyib.

 

***

 

Serjin və qardaşının kriminal-biznes ortaqları arasında xeyli adamın adı hallanır. Burada kimlərin adı yoxdur? Əslən bakılı Bağdasarovdan tutmuş, “Şakro Molodoy”a qədər, bir dəstə qanuni oğru.

 

Saşik bir dəfə Rusiyadan olan qanuni oğrulara kələk də gəlmək istəyib. Ümumi xəzinədən pul gizlədibmiş.

 

Bu hadisə 4 il əvvəl baş vermişdi. Saşiki Dubrovkaya çağırmışlar. Oğurluğunu sübut etmişdilər. Rusiya mətbuatından sitat:

 

"Əvvəllər müvafiq dairələr Saşik Sarkisyana hörmət ediblər, qardaşına görə. Amma o, nəsə səhv etdi və nəticədə döyüldü. Bizim mənbələrimizin verdiyi məlumata görə, Saşik Sarkisyan o qədər ağır vəziyyətdə olub ki, onu xəstəxanaya aparmaq məcburiyyətində qalıblar. Həkimlər ona sağalana qədər xəstəxanada qalmağı tövsiyə ediblər".

 

Amma xəstəxanada onun üçün asan keçməyib. Saşikin qətlinə fərman verilib Belə olan halda prezident Sarkiysan yenidən “Ded Xasan”a müraciət edib. “Ded” bu dəfə də kömək əlini uzadıb. Amma əvəzində İranla gömrük məntəqəsinə onun adamlarının nəzarət edəcəyini bildirib. Serj əlacsız razılıq verib. Bundan başqa, Ermənistanda yanacaqdoldurma biznesi də Sarkisyanlardan alınaraq, yezidi kürdlərin əlinə keçib.

 

***

 

Hə, indi keçək başqa bir məqama. Həmin məclisdə, Sarkisyanın “Ded”lə bir olduğu qonaqlıqda başqa bir qanuni oğru da var idi. Söhbət “Antimos” ləqəbli Valeri Kuxilavadan gedir. “Antimos” “Ded Xasan” tərəfindən taclandırılmışdı. Ona sadiq birisidir. Hələ də... Amma “Ded özü həyatda yoxdur. “Antmos” isə hələ də “Ded”in Ermənistandakı obyektlərinə nəzarət edir. Çünki “Ded”in varisi “Şakro Molodoy”un göstərişidir. Doğrudur, “Şakro” həbsdədir, amma Serj və qardaşı onun nüfuz dairəsindən çıxa bilmirlər… Hələ də...

 

# 235
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar