Qeybə çəkilən 7 azərbaycanlı, şahın mərhəməti, ölümcül işgəncə... -  <span style="color:red;">SƏBUHİ MƏMMƏDLİ YAZIR
15 fevral 2017 15:44 (UTC +04:00)

Qeybə çəkilən 7 azərbaycanlı, şahın mərhəməti, ölümcül işgəncə... - SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

“Bizə qarşı kiçik quldur dəstələrindən tutmuş, iri səhra komandirlərinə qədər xeyli silahlı  vuruşurdu. Amma ən qəddarları da elə o kiçik dəstələr idi. Onlar heç kimi saymırdı. Əsir götürdükləri əsgərlərə işgəncə verirdilər. Satırdılar, sata bilmədiklərini isə öldürürdülər”.

Tərlan Eyvazov deyir bunları. Ehtiyatda olan zabit, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Rəssamlar İttifaqının üzvü.

 

Bu gün, hə, məhz bu gün fevralın 15-i, 10 illik Əfqanıstan müharibəsinin başa çatdığı gündür. Əslində, bəlkə də düzgün ifadə eləmədik. Bu torpaqlarda yüz illərdir müharibə ara vermir. Elə indinin özündə belə. Söhbət SSRİ-nin Əfqanıstanda apardığı müharibədən gedir. 10 il çəkən və başa çatmayan işğaldan...

 

***

 

Hər şey 1978-ci ildə Əfqanıstan Xalq Partiyasının rəhbəri, SSRİ-yə yaxınlığı ilə tanınan Nur Məhəmməd Tərakinin, düşməni Hafizulla Əmin tərəfindən qətlə yetirilməsindən sonra başladı. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verdi.

Düzdür, beynəlxalq ictimaiyyat sovet qoşunlarının Əfqanıstana təcavüzünü pislədi, BMT ordunun dərhal Əfqanıstandan çıxarılmasını tələb etdi. Amma başda Brejnev olmaqla sovet rəhbərliyi israrlı di: Qoşunlar Əfqanıstanda qalacaq. Və bu siyasi tərslik minlərlə sovet əsgərinin qanı bahasına başa gəldi.

 

***

 

Müxtəlif mənbələrin məlumatına görə, 10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki şəxs həlak olub. Sovet ordusu isə 14427 hərbçisini itirdi. 54 min əsgər və zabit yaralandı. Müharibənin başladığı 1979-cu il dekabrın 25-dən sovet qoşunları çıxana, yəni 1989-cu ilin fevralın 15-dək Əfqanıstanda SSRİ-nin 620 min hərbi qulluqçusu xidmət etmişdi. Onlardan 750 nəfəri azərbaycanlı idi. Əfqanıstandan Azərbaycana 208 nəfərin meyiti göndərilmişdi, sink tabutlarda. 7 nəfərdən isə indiyədək xəbər yoxdur.

 

“Onları çox axtardılar, çox. MDB Beynəlmiləlçi Döyüşçülər Komitəsi var. Komitənin rəhbəri də İnquşetiyanın keçmiş prezidenti, Əfqanıstan veteranı Ruslan Auşevdir. Onlar müxtəlif vasitələrlə axtarırlar itkin düşənləri. Çox təəssüf ki, yoxa çıxmış əsgərlərimizlə bağlı heç bir məlumat tapılmadı” – deyir, Tərlan Eyvazov.

 

Əslində, onların sağ qalma ehtimalı az da olsa, var. Çoxu əsir düşdüyündən, vətəndə ağır cəzalanacağından ehtiyatlanıb, orada qala da bilərdilər. Amma bunu sübut etmək üçün əldə tutarlı fakt yoxdur.

 

“Məsələn, bizim əsirlər, xüsusən müsəlman respublikalardan olanlar, o dediyim kiçik dəstələrin əlinə düşübsə, onlar yüz faiz indi həyatda yoxdur. Amma Əhməd Şah Məsudun əlinə düşənlər, böyük ehtimalla, sağdır. Əhməd Şah istər müsəlman, istərsə də xristian əsirlərlə kişi kimi davranırdı. Heç bir qətldən, edamdan söhbət gedə bilməzdi. Sadəcə, dəyişdirirdi sovetlərə əsir düşmüş mücahidləri ilə”.

 

***

 

Maraqlıdır, bəs nədən Əfqanıstana yollanmış 7500 nəfər azərbaycanlının arasında bircə nəfər də olsa Sovet İttifaqı Qəhrəmanı olmayıb? Müsahibimiz deyir ki, bu məsələdə də mili ayrı-seçkilik rol oynayıb.

 

“Bir neçə azərbaycanlı barədə təqdimat yazılıb, amma verilməyib. Onlardan biri də kəşfiyyat rotasının rəisi Talıb Məmmədov olub. O, Əfqanıstana 1881-ci ildə gəlmişdi. Əlahiddə kəşfiyyat rotasında komandir idi. 6 aydan sonra kəşfiyyat-diversiya rotasının komandiri oldu. Haqqı idi Talıb müəllimin, amma vermədilər”.

 

***

 

Əslində müharibə 1987-ci il yanvarın 15-də dayandırıldı. İqtidar və müxalifət qüvvələrinin iştirakı ilə koalisiya hökuməti yaratmaq haqqında təklif irəli sürüldü. Milli barışığın əldə edilməsi üçün yeni Konstitusiya qəbul edildi. Konstitusiyada bütün vətəndaşların hüquq bərabərliyi, qanun çərçivəsində çoxpartiyalılıq prinsipi təsbit edildi. Əfqanıstan Xalq Demokratik Partiyasının sədri Nəcibulla respublikanın prezidenti seçildi. 1988-ci ilin mayında sovet qoşunlarının mərhələ-mərhələ Əfqanıstandan çıxarılmasına başlandı. 1989-cu il fevralın 15-də qoşunların çıxarılması başa çatdı.

 

Azərbaycanın bir nömrəli qəzeti “Kommunist” həmin vaxt yazırdı:

 

“Bu gün Moskva saatı ilə saat 10-da axırıncı sovet döyüşçüsü, general-leytenant, Sovet İttifaqı Qəhrəmanı, ordu komandanı B. V. Qromov Amudərya üzərindəki “Dostluq” körpüsündən keçərək, Əfqanıstanı tərk edəcək. Neçə ildir ki, Kabildən, Məzari-Şərifdən, Cəlalabaddan, Qəndəhardan və başqa şəhərlərdən sovet əsgərlərinin necə mərdlik və cəsurluq nümunəsi göstərdikləri, beynəlmiləlçilik borclarını vicdanla yerinə yetirdikləri, dost əfqan xalqına misilsiz qardaşlıq yardımı etdikləri barədə xəbərlər gəlirdi. Əfqanıstanda müharibə gedirdi. Əfqanıstan deyəndə, biz yalnız göstərdiyimiz beynəlmiləlçilik köməyi üçün iftixar hissi keçirmirik, həm də qəlbimiz narahatlıqla çırpınırdı”.

 

Qəzet daha sonra yazırdı:

 

“Biz bilirik ki, siz Əfqanıstanı təpədən-dırnağadək silahlanmış düşmənlərdən qorumaqla yanaşı, dinc əhaliyə də əvəzsiz yardım göstərmisiniz. 100 məktəb, 25 xəstəxana, 40 məscid, yüzlərlə yaşayış evi tikmiş, suvarma kanalları, yollar çəkmişsiniz. Sovet həkimlərinin şəfalı əlləri minlərlə əfqana ikinci həyat bəxş etmişdir. Xeyirxah əməllərinizə görə zəhmətsevər əfqan xalqı sizi heç vaxt unutmayacaq. Əfqanıstanda həlak olmuş azərbaycanlıların sayı 208 nəfərdir. Onlar hər cür hörmət və ehtirama layiqdirlər. Çoxdan gözlədiyimiz gün gəlib çatdı. Əsgərlərimiz Əfqanıstandan çıxdılar. Bəs Amudəryanın o tayında nə qaldı? Zəhmətkeş əfqanların dolmuş gözləri, minnətdar baxışları, sabah üçün narahat ürəkləri və bir də Kabilin mərkəzində üzərində “Sovet beynəlmiləlçi döyüşçülərinə” yazılmış qranit abidə”.

 

Yeri gəlmişkən, Əfqanıstan müharibəsində azərbaycanlılar yalnız əsgər və zabit kimi deyil, tərcüməçi, jurnalist kimi də iştirak ediblər. Onlardan biri də tanınmış jurnalist Azər Əhmədovdur. Yeri gəlmişkən Azər həmin vaxt “Azərbaycan gəncləri” qəzetinin əməkdaşı olub. Həmkarımız deyir ki, o zaman mərkəzi televiziyanın “Vremya” proqramının Əfqanıstan üzrə bir xüsusi müxbiri var idi. Əfqanıstandan odlu-alovlu reportajlar verirdi.

 

- Bu reportajlardan birinin necə hazırlanmasının mən də şahidi oldum. Kabulun girəcəyində Baqram adlı bir şəhərcik vardı. Müxbir həmin şəhərcikdə qapalı yerdə oturub, istirahət edirdi. “Vremya”da göstərilən reportajların hazırlanması üçün orada onun balaca bir otağı vardı. Həmin otağa 10-15 əfqan milisi gətirdilər. Onlara “duşman” dedikləri əfqan döyüşçülərin paltarını geyindirdilər. İçəridə də bir elektrik çaydanını işə saldılar. Az sonra çaydanda qaynayan suyun buxarı otağı bürüdü və bu buxarın fonunda müxbir tövşüyə-tövşüyə kamera qarşısına çıxdı: “İndicə burada qanlı döyüş oldu. Bu toz-duman da ondan əmələ gəlib. Həmişə olduğu kimi, sovet qoşunları çoxlu duşman öldürdülər, 10 nəfəri də əsir aldılar. Bir az əvvəl Əfqanıstan milisinin paltarı dəyişmiş əməkdaşlarını çəkib ortalığa gətirdilər. Milis əməkdaşları da guya əsir götürülmüş əfqan döyüşçülər kimi rola girib, özlərini bu cür aparırdılar. Bu da oldu “Vremya” proqramının Əfqanıstanda sovet əsgərlərinin şücaəti haqqında reportajı”.

 

***

 

Amma sovet əsgərləri Əfqanıstanda şir kimi vuruşublar. Bu ifadə mənim deyi, İsa Xan adlı səhra komandirindir. 2014-cü ildə Lent.az-ın əməkdaşı, bu sətirlərin müəllifi Əfqanıstanda olanda demişdi İsaxan. Biz onunla Əfqanıstanın Qarabağ adlı qəsəbəsində görüşmüşdük. Oddan-alovdan çıxmış, neçə-neçə müharibə görmüş Xandan sovet əsgəri barədə soruşmuşdum. Cavabı belə olmuşdu: “O əsgərlər əsil qəhrəman idilər. Düşmən də olsalar, hörmətlə yanaşırdıq. Çünki əsil döyüşçü idilər. NATO əsgərləri kimi yox, döyüşçü deyirəm sənə”.

 

Bax, həmin döyüşçülərin günüdür bu gün. Və həm də xatirə günləridir, 15 fevral…

 

# 270
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar