Şeyxin qəfil qərarı, Qıpçaqda son döyüş, 500 illik əmanət... - <span style="color:red;">Həzrətdən REPORTAJ
13 fevral 2017 18:31 (UTC +04:00)

Şeyxin qəfil qərarı, Qıpçaqda son döyüş, 500 illik əmanət... - Həzrətdən REPORTAJ

 

 

“Buranın adı Həzrət olub. “Həzrət” deyiblər bu yerlərə. Sonradan, yəni sovet hakimiyyəti qurulandan sonra kəndin adını Həzrə kimi qeydə alıblar. Görünür, Şeyxin adını itirmək istəyiblər. Amma…”

 

Amma yox, sovet hakimiyyəti Şeyxin adını itirə bilməyib. Onun dəfn edildiyi yeri qoruyub saxlayıblar. Türbəsini belə məhv olmağa qoymayıblar. Ərdəbildən Şirvana, oradan Dağıstan sərhədlərinə böyük bir yürüş edən Şeyxi - Şeyx Cüneydi - Şah İsmayılın babasını unutmayıblar.

 

***

 

15-ci əsrin ortalarına qədər Ərdəbil şeyxləri ancaq öz təlimləri ilə məşğul olardılar. Siyasətlə qəti maraqlanmazdılar. Elə o yerlərə gedib-gəlmiş hökmdarların da onlarla heç bir işi olmazmış. Ta Cüneydə qədər. Məhz həmin əsrin 47-ci ilində, Şeyx İbrahim vəfat edəndən sonra onun varisliyini qəbul edən oğlu Cüneyd bu ənənəni pozmuşdu.

 

Cüneydi dindən çox, siyasət maraqlandırırdı. Həmin vaxt Qaraqoyunlu hökmdarı Cahanşah gün-gündən artan və Cüneydin ətrafında birləşən təriqət üzvlərindən bərk narahat idi. Cahanşah təriqət üzvlərinin çoxalmasından çəkinib, Şeyx Cüneydin əmisi Şeyx Cəfərə müraciət edərək, onun Ərdəbildən çıxmasına nail olmuşdu.

 

Cüneyd Ərdəbildən Anadoluya gələrək, oradakı türkmənlər arasında təbliğata başlayır, Anadoluda ətrafına xeyli mürid yığa bilir. Amma burada da çox dayana bilmir. Az sonra Qaraman bəyliyinə keçir. Qaraman bəyinin onun tutulması haqda əmr verməsindən sonra isə Misir məmlüklərinə sığınır. Lakin burda da şiəlik təbliğatı apardığından məmlüklər onun üzərinə qoşun göndərir, döyüşdə məğlub olan Şeyx Cüneyd yenidən Anadoluya qaçır. Ağqoyunlu Uzun Həsənin yanına.

 

Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Ərdəbil şeyxlərinin köməyinə nail olmaq üçün öz bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə verir.

 

Bu izdivac Şeyxin gücünə güc qatır. Amma Ağqoyunlu Həsənlə yaxınlaşsa belə Cüneyd israrından əl çəkmək istəmirdi: əslində Şeyx Cüneyd öz dövlətini yaratmaq fikrində idi və ilk növbədə Şirvanı zəbt etməyi düşünürdü.

 

***

 

1460-cı ildə Şeyx əslində avantüra sayıla biləcək bir addım atdı. 8 mindən çox tərəfdarıyla birgə qəfil Şirvana yürüdü. Bir yandan Şirvanşah Xəlilullah, digər yandan da Qaraqoyunlu Cahanşahın qoşunları Samur çayının sol sahilində, Qıpçaq kəndi yaxınlığında Cüneydin müridlərini mühasirəyə aldılar. Cüneyd və müridləri öldürüldü.

Bəzi tarixi mənbələrdə, xüsusən Fəzlullah ibn Ruzbixan Xuncinin yazdığına görə, öldürüldükdən sonra Cüneydin müridləri onun meyitini Samurun sağ sahilinə keçirərək Gülxan kəndində - indiki Həzrə kəndi - dəfn ediblər.

 

Başqa bir məqam da var. Deyilənə görə, həmin döyüşdə Şeyx Cüneyd ağır yaralanır. Öləcəyini başa düşür və vəsiyyət edir ki, onu bir dəvəyə mindirsinlər. Dəvə harada dayansa, qəbrini də orda qazsınlar. Tərəfdarları elə də edir. Şeyxi dəvəyə mindirib gətirirlər. Dəvə indi Həzrədəki türbənin yerində dayanır. Şeyxin vəsiyyətinə əməl edərək, onu elə buradaca dəfn edirlər. Sonradan nəvəsi I Təhmasib də məhz burada onun xatirəsinə türbə tikdirir.

 

Memarlıq baxımından mükəmməl bir abidə olan Şeyx Cüneyd türbəsi bişmiş kərpicdən inşa edilib. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınıb, üzərində minbər qoyulub. Böyük ehtimalla, bu türbədən bir zamanlar məscid kimi istifadə edilib.

 

Türbənin interyerinin tarixi görkəmi qorunub saxlanılıb. Türbənin daxili divarları iki metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüb. Sənduqə bərk ağacdan nəfis şəkildə işlənib və şəbəkəli çərçivəyə alınıb.

 

Türbənin üzəri böyük bir günbəzlə örtülüb. Yeri gəlmişkən, türbənin qapısı üzərində yeddi sətirdən ibarət ərəb əlifbası ilə həkk olunmuş kitabə var. Tərcüməsi isə ərəbcədən təxminən belədir:

 

“Bu mübarək və kəramətli, yüksək sultan, kəramətli və ədalətli xaqan, fars və ərəb hökmdarlarının ağası - Allah onun kölgəsini yerlərdən əskik etməsin - qurunun və suyun rəhmanı, dini, dünyanı, xilafəti və səltənəti əzizləyən, Mustafaya (Muhəmməd (s) peyğəmbərə) mənsub olan şəriət qaydalarını yayan, Murtəzanın əqidəsini davam etdirən (şiəliyi), minnət və ehsan edən ...Sutan Şeyx Cüneyd Səfəvinin - Allah onun qəbrini işıqlandırsın və şəhid olduğu yeri haqq eləsin - qəbri üzərində 951-ci ilin axırında tikilməsinə müvəffəq olmuşuq”.

 

Burada qeyd olunan hicri 951-ci il miladi təqvimlə 1544-1545-ci illərə uyğundur. Və I Şah Təhmasibin hökmranlığı dövrünə təsadüf edir.

 

***

 

Həzrəlilər deyir ki, türbə sözün həqiqi mənasında ziyarətgahdı. Yay aylarında bura gələnlərin ardı-arası kəsilmir. Ən çox da cənubi Azərbaycandan olan soydaşlarımız gəlir bura, ziyarətə.

 

“Əsasən də ərdəbillilər, ilbəil də çoxalırlar. Gəlirlər, şəkil çəkdirilər, dualar oxuyurlar. Qonağımız olurlar” - deyir, həzrəlilər.

 

Məqbərə ölkə əhəmiyyətli tarixi və mədəni abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur. Divarlarda, tavanda kiçik bir problem yaranan kimi dərhal təmir edilir. Çünki təkcə mədəni abidə kimi yox, turizm nöqteyi-nəzərdən də əhəmiyyətlidir.

Həzrəlilər isə türbəni “Səfəvilərin Qusardakı yadigarı” hesab edirlər. Elə beləcə də deyirlər. “Bizə əmanət qalıb, biz də qoruyuruq…”

 

Səbuhi Məmmədli,

Qusar, Həzrə

# 169
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar