Bu teatr cəmi 5 ölkədə var: biri Azərbaycandadır - REPORTAJ
11 fevral 2017 11:04 (UTC +04:00)

Bu teatr cəmi 5 ölkədə var: biri Azərbaycandadır - REPORTAJ

 

Azərbaycanda birinci, hələlik yeganə teatr olan Marionet Teatrı İçəri şəhərdə  Müslüm Maqomayev 20 ünvanında yerləşir. 1880-ci ilə aid Səlimxanovların malikanəsində. Səlimxanov Bakı zadəganlarından biri olub. 1980-ci illərdə bina Bakı bələdiyyəsi tərəfindən Marionet Teatrına verilib. 60-cı illərdə bina yandığı üçün yararsız vəziyyətdə idi. Təmir üçün böyük maliyyə tələb olunurdu. Bu təmir isə illərcə ləngiyirdi. Ta 2012-ci ilə qədər. Təmirlə yanaşı teatrda yeni tamaşanın – “Leyli və Məcnun”un məşqləri də başlayır. Teatrın direktoru Tərlan Qorçunun sözlərinə görə, 3 ilə həm restavrasiya işləri, həm də yeni tamaşanın hazırlığı tamamlanıb.

 

- Keçən ilin dekabr ayında prezident İlham Əliyev və xanımının iştirakı ilə teatrın yeni binasının rəsmi açılışı oldu. Ötən həftə yeni tamaşamız “Leyli və Məcnun”un ictimaiyyət üçün bir neçə premyerası keçirildi. Daha 2-3 premyera da  olacaq.

 

Marionet teatrları dünyada barmaqla sayılır. Yalnız Yaponiya, Gürcüstan, Avstriya, İtaliya, bir də Azərbaycanda var. Azərbaycanda Marionet Teatrı ilk dəfə 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb.

 

- İlk dəfə Marionet Teatrını 1981-ci ildə Gürcüstanda görmüşəm. Qayıtdım Bakıya, qərara aldım ki, Marionet Teatrı yaradım. Tofiq Kərimovun tələbəsi olmuşam. Aktyorluq təhsilim də vardı. Amma Marionet Teatrı yaratmaq üçün ümumi teatr anlayışı azdır. Çox spesifik cəhətləri var. Ona da xeyli zaman lazımıydı. Bu teatr üçün professional aktyorlar yox idi. Kuklalarla işləməyi əvvəl özüm öyrəndim. Sonra öyrətdim. Gürcüstana gedirdim, ordan da bura gəlirdilər. Kukla ustaları. Kuklaların sapları çoxdu. Onlar dolaşa bilir, kuklalar bir-birinə çox yaxınlaşdığı halda saplar ilişə bilir. Təhlükə həddindən artıq çoxdur.

 

1990-cı ildə ilk dəfə “Arşın mal alan” tamaşası ilə fəaliyyətə başlayan teatrın binası olmadığından uzun illər qastrol səfərlərində olublar. Əsasən Avropanın bir çox ölkələrində. Ona görə yox ki, teatrın bu növünə maraq azdır.

 

- Kuklalardan bəzi teatrlarda istifadə olunur. Amma sırf Marionet Teatrı dünyada azdı. Və bunun da bir neçə səbəbi var. Əvvəla, marionet kuklalar çox çətin hazırlanır. Hamısı da əl işləri. Bunun üçün yüksək dərəcəli ustalar lazımdır. Həm də baha başa gəlir. Seriya halında belə kuklalar yoxdu. Konkret tamaşaya uyğun eksklüziv kuklalar hazırlanmalıdır. Obraza uyğun bir yüksək səviyyəli kuklanı əldə etmək üçün bir neçə versiya eləmək tələb olunur. Hər kukla üzərində aylarla iş gedir. Bu, bir adamın əməyinin nəticəsi deyil. Hər kukla üzərində azı 4 nəfər işləyir. Biri taxtadan kuklaları yonur, biri mexanizmi ilə məşğul olur, digəri kuklanı canlandırır, yəni rəsm nöqteyi-nəzərindən. Bir başqası geyindirir. Ona görə də marionet tamaşaların hazırlanması həddindən artıq çox vaxt tələb edir. Dünyada marionet tamaşaları 3-5 ilə hazırlanır. “Arşın mal alan” tamaşasını dörd il yarıma hazırlamışdıq. “Leyli və Məcnun” üzərində 3 il iş gedib. Kukla ilə işləmək də çox vaxt aparır. Kuklalar standart mexanizmlə olmur. Hər tamaşanın kuklası tamaşaya uyğun fərqli mexanizmdə olur. Kuklaların boyu, çəkisi də fərqli olur. Bizim tamaşaları bir-birindən fərqləndirən cəhətlərdən biri də budur. “Arşın mal alan”dakı kuklaların boyu 30 sm. idi. Ancaq “Leyli və Məcnun”da 55-60 sm. olub. Çəkiləri 2-3 dəfə artıb. Mexanizmləri də fərqli olduğundan idarə etmə sistemi də eyni deyil. Aktyorların işləmə texnikası və aktyor görüntüləri fərqlidir. Birinci tamaşada tamaşaçı aktyorları ümumiyyətlə görmür. İkinci tamaşada isə əksinə, tamaşaçılar birinci dəqiqədən sonuncu dəqiqəyə qədər bütün aktyorları görürlər. Bir-birindən kəskin fərqlənən iki tamaşadı. Çünki əldə etmək istədiyimiz nəticə də fərqlidir. Biri məişət xarakterli operettadı, gülməli səhnələr, məzəli hərəkətlərlə doludur. Digəri isə operadır. Faciə ilə bitən məhəbbət mövzusudur.

 

Teatrda növbəti tamaşa “O olmasın, bu olsun” olacaq.

 

- Bu il üçüncü tamaşamıza başlayacağıq. Hər 3 tamaşa Üzeyir Hacıbəylinin yaradıcılığıdır. Biz bununla da həm Azərbaycanda, həm də xaricdə klassik irsimizi,  musiqi, teatr mədəniyyətimizi, böyük bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığını təbliğ etmək istəyirik.

 

- Digər teatrlarda bir aktyor bir neçə rolu ifa edə bilir. Bəs Marionet Teatrında necədi, kuklaları hərəkətə gətirən aktyor iki tamaşada iştirak edə bilir?

 

-Bizdə sistem daha fərqlidir. Hazırda iki truppamız var. Biri “Arşın mal alan”da çalışır, digəri “Leyli və Məcnun”da. “Leyli və Məcnun” üçün truppanı müəyyən qədər yeniləmişik. Əvvəllər aktyorlar əsasən oğlanlardan ibarət idi, qızlar yox idi. Aktyorlar onsuz da görünmürdülər. Aktyorun boyu, köklüyü, arıqlığı bilinmirdi. İndi isə aktyor göründüyü üçün onun bədəni və sifəti baxımlı olmalıdır. Həm də plastikası önəmlidir. Ritmikasının olub-olmaması, hansı dərəcədə olması vacibdir. Çünki tamaşaçı hər bir şeyi görür. Ona görə də truppaya 4 yeni qız dəvət etmişik. Onların bədəninin plastikası üzərində işləmişik. “Leyli və Məcnun”da aktyor həm öz bədənini, həm də kuklanı idarə etməlidir. Bu da ikiqat çətindir. Tamaşaçı qarşısında iki akt baş verir. Həm aktyor görünür, həm də onun idarə etdiyi kukla. Onu da qeyd edim ki, məhz belə aktyorlar hazırlayan təhsil ocağı yoxdu. Nəinki bizdə, dünyada da. Marionet Teatrı dünyada cəmi bir neçə ölkədə olduğundan bunun məktəbi yaradılmayıb.

 

- Onda sizin teatr həm də məktəbdi.

 

- Təbii ki. Aktyor hər bir şeyi burda öyrənir.

 

- Digər teatrlarda aktyorun dublyoru olur. Bəs sizdə?

 

- Bizdə yoxdu. Bu da həddindən artıq böyük problemdi. Maddi imkanımız yoxdur ki, ehtiyat aktyor saxlayaq. Onu işlə təmin etmək, maaş vermək lazımdı.

 

- Aktyor xəstələnsə?

 

-(Gülür) Gərək aktyor xəstələnməsin. Təbii ki, aktyor da bir inandı. O da xəstələnə, işini dəyişə bilər. Belə hallar bizdə olub. Bu illər ərzində bir neçə aktyor hər hansı bir səbəbə görə teatrı tərk edib, yaxud başqa ölkəyə köçüb. Onun yerinə başqa adamlar hazırlayırıq. Bu, çətin və ağrılı prosesdir.

 

- Teatrda ümumi neçə aktyor var?

 

-12-13. “Leyli və Məcnun”da 7 aktyor işləyir. Əlavə iki nəfər də səhnə arxasında var. Yardımçı heyət kimi kömək edirlər. Sonra işıq arxasında işləyənlər də var. Bir tamaşa üzərində təxminən 10 adam işləyir.

 

- Bir kuklanı bir aktyor idarə edir?

 

- Elə vaxt olur ki, bir kuklanı 3 aktyor idarə edir. Texniki səbəblərdən məcbur olursan ki, bir kuklanı bir səhnədə bir aktyor, digər səhnədə başqası idarə edir. Əsas personajlar – Leyli və Məcnun konkret adamların əlindədi. Amma, istisnalar var. Nofəl tərəfindən müharibə başlayır. Məcnunun müharibəni dayandırdığı anda kuklanı eyni vaxtda 3 aktyor idarə edir. Bir adamın əlləri çatmır o sapların sayına. Orda oxuya-oxuya yerdən qalxır.

 

“Leyli və Məcnun” operası 50 dəqiqədir. Tamaşanın musiqi versiyası bəstəkar Salman Qəmbərov tərəfindən işlənib.

 

- Bizim tamaşa versiyası tam sıfırdan yazılıb. Məcnun rolunu Mənsum İbrahimov, Leyli rolunu Günay İmamverdiyeva, digər rolları isə Mənsum İbrahimovun tələbələri səsləndiriblər.

 

Teatr yeni tamaşası ilə festivallara da qatılacaq.

 

-Fransanın Şarlevil – Mezier şəhərində hər 3 ildən bir ənənəvi kukla teatrlarının festivalı keçirilir. Bu ilin sentyabrında “Leyli və Məcnun”la həmin festivalda iştirak etməyi planlaşdırırıq. Ola bilər ki, yayda Finlandiyaya da gedək. Orda da festival olacaq. Çalışacağıq ki, bir neçə məşhur festivala qatılaq. Marionet Teatrı üçün xüsusi səhnə və zal olmadığından ölkə daxilində qastrolumuz olmayacaq. Həmişə olduğu kimi xarici qastrollarımız olacaq.

 

Premyeralarda teatrın zalı tamaşaçı ilə dolur. Tamaşaçıların 90 faizi isə bu teatrı ilk dəfə izləyənlərdir. Yaş fərqindən asılı olmayaraq hamının xoşuna gəlir. Uşaqlar burda böyüklərin aləminə düşür, böyüklər isə uşaq dünyalarına qayıdır.

# 333
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar