“3 ermənini öldürdü, yaraladığı da sonra öldü” - <span style="color:red;">ÇİNGİZİN QƏHRƏMANLIQ DASTANINI Səbuhi Məmmədli yazır...
10 fevral 2017 15:25 (UTC +04:00)

“3 ermənini öldürdü, yaraladığı da sonra öldü” - ÇİNGİZİN QƏHRƏMANLIQ DASTANINI Səbuhi Məmmədli yazır...

 

 

- Yaxşıyam, ana, hər şey yaxşıdır. Yox, ac deyiləm. Elə indicə yemişik. Bir azdan posta gedəcəm. Ver qardaşıma telefonu... Sən necəsən? Mən əla. Həmişəki kimi. Hava soyuqdu olmağına, amma əynimiz yaxşıdır. Hə, vaxt çatıb. Məzuniyyətə gələcəm. Nə isə, öpdüm hamınızı. Posta getməliyəm. Hələlik…

 

Dekabrın 28-i saat 21 radələrində zəng vurub, hamıyla danışmışdı. Nə anası, nə atası, nə də qardaşı - heç kim bir də onunu səsini eşitməyəcəkdi. Amma onun elədiklərinin səs-sorağından bir neçə gün sonra bütün Azərbaycan xəbər tutacaqdı…

 

***

 

Həzrədəyik. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailəsində.

 

Atası Salman kişi qarşılayır bizi. Bakıdan təzə qayıdıblar Qurbanovlar, ölkə prezidenti şəxsən qəbul edibmiş onları. Elə Çingizin Mili Qəhrəman ulduzu və vəsiqəsini də şəxsən təqdim edib onlara. İndi ən qiymətli əşyadır bu evdə.

 

- Düz 40 gün gözlədim. 40 gün. Sən şəhid olmuş əsgərin meyitini 40 gün saxla?! Bu şərəfsizliyin adı yoxdur. Amma ürəyimdə əmin idim ki, Çingiz bunlara od qoyub ki, belə edirlər. Bilirdim ki, balam bunlara elə belə can verməyib. Bilirdim…

 

Köks ötürür. Amma nə qəhərlənir, nə də kövrəlir. Çox qürurludur Salman kişi.

 

- 28-i axşam danışmışdıq. Posta gedəcəkdi. Səhər mən işdəydim. Televizorda ermənilərin sərhədi pozaraq təxribat törətdiyini və nəticədə Çingiz Salman oğlu Qurbanovun itkin düşdüyü barədə xəbər veriblər. Bir də gördüm, yoldaşım zəng edib, ağlayır. Dedim, niyə ağlayırsan, nə olub? Dedi, xəbərlərdə dedilər ki, Çingiz itkin düşüb. Tez qaçıb evə gəldim. Axşam saat 8 xəbərlərində yenə dedilər. Səhər tezdən hərbi hissəyə gedib, komandirlə görüşdüm. Orda bildim ki, oğlum şəhid olub, meyitini isə ermənilər aparıblar. Sən demə, dekabrın 29-u gecə yarısı erməni kəşfiyyat-diversiya qrupu sərhədimizi pozmaq istəyib. Bizim uşaqlar dərhal reaksiya veriblər. Atışma başlayıb. Ermənilər məcburən geri çəkilməyə başlayıb. Atışma vaxtı düşməni geri oturtmaq üçün Çingiz postdan çıxaraq, onları təqib edib. Nəticədə 3 erməni hərbçini öldürüb. Aralarında zabit də olub. Sonradan erməni saytları yazdı ki, Çingizin yaraladığı bir erməni də yanvarda ölüb. Çingizi isə böyründən vurmuşdular. Bilirsən, övlad itkisini Allah heç kimə göstərməsin. Mən oğlumla qürur duyuram. Onun bu cür qəhrəmanlıqla şəhid olması mənim ürəyimi dağa döndərdi. Onun dəfninə minlərlə adam gəlmişdi. Qusarda heç vaxt belə qələbəlik olmamışdı. Mən oğul itkisindən çox, ermənilərin vəhşiliyi ağrıtdı. Onun meyiti gələnə kimi nə yediyimizi bildik, nə içdiyimizi. İndi çox rahatam, çox. O ağır günlərdə dövlət də yanımızda durdu. Prezident məsələni diqqətində saxladı. Çingiz nəinki Həzrənin, bütün ölkənin başını uca elədi. Bax, eyvanımıza. Azərbaycanın bayrağını asmışam. O bayraq həmişə orada dalğalanacaq. Nə qədər mən sağam. Nə qədər bu ailə burada yaşayır.

 

Qurbanovlar ailəsində iki uşaq böyüyüb. Çingiz və ondan iki yaş kiçik qardaşı Beytulla. Beytulla da Çingiz kimi Texniki Universitetdə təhsil alır.

 

- Qardaş kimi əvəzsiz idi. Çox mehriban, sirrini də ancaq mənimlə bölüşürdü. Hər ikimiz təhsil aldığımıza görə, ailəliklə köçmüşdük Bakıya. Dərsə də bir yerdə gedib-gəlirdik. Məndən iki kurs yuxarıda oxuyurdu. O qədər mehriban idi ki, hətta mənim kurs yoldaşlarım da onunla dostluq edirdi. Uşaqlığımız da elə bu kənddə keçib. Burada böyümüşük. Nə deyim, elə bir qardaşı itirdik ki... Amma mən xoşbəxtəm. Bilirsinizmi niyə? Milli Qəhrəman qardaşıyam. Bu ada görə ölməyə də dəyər!

 

Salman kişi də Çingizin uşaqlığından danışır. Deyir, uşaq vaxtı çox nadinc imiş. Haqsızlıqla barışmırmış. Özündən böyüklər belə nahaq iş görəndə dillənərmiş ki, siz düz demirsiniz.

 

- Amma dərslərini çox yaxşı oxuyurdu. Məktəb Azərbaycan dilindəydi, amma özü sərbəst şəkildə rus dilini də öyrənirdi. İdmanla məşğul olurdu. Texniki fənlərə xüsusi marağı vardı. Ona görə də Texniki Universiteti seçmişdi. Çingizin oxuduğu fakültə Müdafiə Sənayesi Nazirliyinin kurasiyasındaydı. Çingiz universitetə girən il açılmışdı, xüsusi texnika və texnologiya fakültəsi. Bütün respublika üzrə cəmi 14 nəfər qəbul planı vardı. O uşaqlardan biri Çingiz idi.

 

Salman kişinin dediyinə görə, fakültə təzə açıldığından lazımi ədəbiyyat da yox imiş Azərbaycan dilində.

 

- Ona görə də bütün günü internetdə rus dilində ədəbiyyat axtarırdı. Sonrada onları konspektləşdirib Azərbaycan dilinə çevirirdi, qrup yoldaşlarına verirdi ki, imtahanlara hazırlaşsınlar. Universitetdən də gəlmişdilər, dedilər, çox istedadlı bir mühəndisi itirdik...

 

İltifat kişi Qurbanovların qonşusudur. Oğluyla Çingiz dost olublar, həm də bir yerdə oxuyublar.

 

- Bu kəndin yetişdirdiyi nadir istedadlardan biriydi. Körpəliyi belə gözümün qabağındadır. Nadinc, dəcəl uşaq idi. Amma böyüdükcə, dəcəllikdən də əsər-əlamət qalmadı. Çox istiqanlıydı. Kənddə hamı xətrini çox istəyirdi. Özünü istədən uşaq idi. Siz bir görəydiz onun dekanı necə hönkür-hönkür ağlayırdı qəbri üstə. Eləcə də müəllimləri. Öz oğlumuzu itirdik deyirdilər. Çingiz hamımızın oğluydu. Həzrənin başını uca elədi balamız.

 

Salman kişinin dediyinə görə, şəhid olmasaydı, bir-iki günə məzuniyyətə gəlməliydi. On gün qalacaqdı.

 

- Gözaltısı vardımı?

 

- Məncə yox, təhsilini davam etdirmək istəyirdi. Magistraturaya girəcəkdi. Fikirləşirdim ki, bəlkə anasına deyər, amma yox imiş. Həm də bizə deyirdi ki, nə evlənmək, təhsilimi bitirim, işə girim, işləyim sonra. Keçən ilin yayında bitirdi. Dedi, əsgərliyə gedim qayıdım. Hamı əsgərliyə gedir, mən yox? Deyirdi ki, bizim qrupumuz bu sahədə Azərbaycanda ilk buraxılış olacaq. Universitetdən də demişdilər ki, hamınızın təyinatı, iş yeri hazırdır. Görünür qismət beləymiş. Nə biləydim ki, balamın diplomunu da özüm alacam. Sonuncu dəfə andiçməsinə getmişdik anasıyla. Avqust ayında. Elə son gördüyümüz də o oldu. Ancaq gələcək dərslərindən danışırdı. Planlarını cızırdı, arzularını deyirdi. “Konspektlərimdən muğayat olun” – deyib, gülürdü. Baxın, bütün şəkillərində gülür. Elə bir şəkli yoxdu əlimizdə ki, gülməsin, gülümsəməsin. Gülə-gülə getdi oğlum, həm də alqışlarla. Hamı alqışladı balamı, son mənzilinə gedəndə. Hamı, bütün Qusar, Həzrə, hər yerdən gələnlər. Mən necə ağlaya, kövrələ bilərdim bu alqışları arasında. Deyirsiz, çox qürurluyam. Əlbəttə, Çingiz kimi oğlu olan necə olmalıdır?!

 

Dediyimiz kimi, Qurbanovlar Azərbaycan prezidentinin qəbulunda olublar. Prezident Milli Qəhrəman qızıl ulduzunu təqdim edib Salman kişiyə.

 

- Prezident Çingizin məsələsini həmişə diqqətdə saxladı. Mənə dedi ki, belə gözəl övlad böyütdüyünüzə görə, sizə minnətdaram. Qayıtdı ki, dünən üç mərasimini vermisiz deyə, bu gün sizi dəvət elədim, onun halal haqqını Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim. Dedi ki, bütün Azərbaycan Çingizlə fəxr edir, onun adı əbədiləşdiriləcək. Mən də dedim ki, bu qiymət bütün şəhidlərimizə verilən yüksək qiymətdir. Dedim, mən çox xoşbəxtəm ki, şəhid atasıyam. Onu əmin etdim ki, sizin əmrinizlə bu saat da silah götürməyə, torpaqlarımızı azad etməyə, oğlumun, şəhidlərimizin qisasını almağa hazıram.

 

***

 

Həzrə kənd məktəbində isə Çingizin oxuduğu sinifdə onun əyləşdiyi partaya qərənfillər düzülüb. Sinif rəhbəri Svetlana Rəhimxanova onun xatirəsinin həmişə yaşayacağını deyir.

 

- Onu unutmayacağıq. Bizim məktəbin, kəndin adını uca tutdu. İndi Həzrə deyəndə ilk yada düşən Çingiz olacaq. Bizim tərbiyəli, vətənpərvər şagirdimiz, Çingiz.

 

***

 

İndi Çingizin məzarı həzrəlilərin ziyarət yerinə çevrilib. Üç mərasimi bitsə də qarlı-çovğunlu havaya baxmayaraq, hələ də insanlar Həzrəyə axışır.

 

Anar Abizadəylə rastlaşırıq. Xaçmazdan gəldiyini deyir.

 

- Nə qohumumdur, nə yaxınım. Düzü, bu kəndin yolunu da bilmirdim, ilk dəfəydi gəlirəm. Amma özümə borc bildim. Ən azı təskinlik verə bildimsə, xoşbəxtəm.

 

Elə biz də ilk dəfəydi Həzrədəydik. Anar kimi, yolunu belə bilmirdik. Şəhidlərin yeri cənnətdir, sözsüz. Və bu kəndin özü sözün həqiqi mənasında cənnət kimi bir yerdir. Bu kənddə Şeyx Cüneydin məqbərəsi var. Şah İsmayılın babası Cüneydin. Çingizin böyüyüb başa çatdığı evin 100 addımlığında. Çingiz Həzrənin ilk şəhididi. Elə Cuneyd də şəhid idi. Bu isə tamam başqa bir tarixdi.

 

Yazacağıq Lent.az-da...

 

# 931
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar