40 min ölü, çevriliş təhlükəsi, general Əliyevin xilas planı – <span style="color:red;">SURİYA MANİFESTİ
02 fevral 2017 16:16 (UTC +04:00)

40 min ölü, çevriliş təhlükəsi, general Əliyevin xilas planı – SURİYA MANİFESTİ

 

"Adamları evlərindən çıxarıb güllələyirdilər"

 

O, güman edirdi ki, üsyanı Səddam Hüseyn hazırlayıb. Çoxdanın düşməni idilər Səddamla. 1980-ci ilin iyununda ona qarşı sui-qəsdin də arxasında İraq xüsusi xidmət orqanlarının durduğunu iddia edirdi. Hə, doğrudan da sonradan sübut olunmuşdu ki, məhz İraq diktatoru onu devirmək üçün üsyançılara, "Müsəlman qardaşları"na puldan tutmuş, silaha qədər hər cür yardım edib.

 

Və bundan sonra rəsmi Bağdadla diplomatik əlaqələri də pozmuşdu. Palmirada ona qarşı sui-qəsd planının da arxasında Səddamın durduğu barədə ona kəşfiyyat materialları ötürmüşdülər. Xəbər təsdiqlənəndən sonra həbsxanada mindən çox dustağı elə kameralardaca güllələyib öldürmüşdülər. Amma...

 

Amma bütün bunlar 2 fevral hadisələrinin yanında heç nə idi. Məhz 1982-ci il fevralın 2-də Suriyanın başqa bir şəhəri Hamaya divan tutmuşdu. Bəzi mənbələrin qənaətinə görə, Hamada 40 min adam öldürülmüşdü. Onun cəza dəstəsinə isə qardaşı Rifət başçılıq edirdi. 20-ci əsr şərqinin ən böyük diktatoru Hafiz Əsədin qardaşı Rifət. O Rifət ki, az sonra onun özünü devirmək fikrinə düşəcəkdi. Ölkədə vətəndaş müharibəsi başlayacaqdı. Və bu vaxt Moskvadan Dəməşqə gələn azərbaycanlı dövlət xadimi bu müharibənin baş verməməsi üçün əlindən gələni edəcəkdi: Suriyanı xilasına nail olacaqdı...


***

 

Radikal islamçı "Müsəlman Qardaşları" Suriyanı hələ 1976-cı ildən hədələməyə başlamışdılar. Hakim BƏƏS partiyasına və ələvilərə qarşı ard-arda terror aktları həyat keçirən qardaşların əsas dayaq nöqtələrindən biri də Hama şəhəri idi. 1976-cı ilin noyabrından başlayaraq "qardaşlar" Dəməşqdə bir sıra dəhşətli terror aktları törədə bildilər. Təkcə bir ay ərzində 7 ordu generalı sui-qəsd qurbanı oldu. 1979-cu ildə isə kütləvi qırğına səbəb oldular. Hələbdəki hərbi məktəbdə baş verən terror nəticəsində onlarla ələvi kursant həlak oldu.

 

Məhz bu hadisədən sonra Suriya lideri Hafiz Əsəd başa düşdü ki, yaxşı təşkilatlanmış və xaricdən dəstək alan bir qüvvə ilə üz-üzədir.

 

1980-ci ildə sosial narazılıqlar Suriyanı bürümüşdü. "Müsəlman qardaşları" üçün bu narazılıqlar göydəndüşmə oldu. Xalq arasında aparılan uğurlu təbliğat, qardaşların mövqeyini də möhkəmləndirirdi.

 

1981-ci ilin dekabrında Hafiz Əsəd Hamada üsyan hazırlanmasıyla bağlı dəqiq xəbər alır. Qardaşı Rifatı yanına çağırır. Əsəd ailəsinin ən kiçik qardaşını.

 

Bəs kim idi bu Rifat? 1937-ci il təvəllüdlü Rifat ailənin 11-ci, sonuncu uşağı olub. Dəməşqdə politologiya və iqtisadiyyatı öyrənib, sonra Homsda hərbi akademiyada oxuyub, 1963-cü ildə orduda xidmətə başlayıb. 4 dəfə evli olub (bəzi məlumatlara görə, eyni zamanda 4 qadınla evlənib).

 

Gəncliyində Suriyalı diktatorlara qarşı mübarizə aparıb. 1952-ci ildə BƏƏS partiyasına daxil olub. 1965-ci ildə Suriya Hərbi Komandanlığına tabe olan xüsusi təhlükəsizlik qüvvələrinin komandanı təyin edilib. 1969-1970-ci illərdə Rifatın başçılıq etdiyi qüvvələr Suriyanın o zamankı rəhbəri Salah Cədidlə mübarizədə qardaşı Hafizin əsas dayağına çevrilir.

 

1971-ci ildə həmin qüvvələrin bazasında "müdafiə briqadaları" yaradılır. Bu briqadalara yüksək hazırlıqlı bölmələr daxil olur, oraya çağırış ordudan ayrı aparılır. Bu qüvvələrə əsasən ələvilər cəlb edilir. Silahlanmaya ən müasir hərbi texnika və silahlar qəbul edilir. Briqadaların hərbçilərinin sayı 15-20 minə çatır. Dəməşq yaxınlığında yerləşdirilən bu qüvvələrin əsas funksiyası çevrilişlərin qarşısını almaq olur. Bu qüvvələr həm də Suriyanın 1976-cı ildə Livana hərbi müdaxiləsində iştirak edir. Eləcə də Hamada üsyanın yatırılmasında...

 

***
 

Hamaya hücum fevralın 2-nə keçən gecə başlayır. Üsyançı "müsəlman qardaşları"nın yerli lideri Ömər Cavadın elan etdiyi cihada qarşılıq şəhərə 12 min nəfərlik ordu yeridilir. Ümumi komandanlığı Rifat öz üzərinə götürür. Əsədə sadiq generallar Əli Duba və Əli Heydərə isə Hafiz Əsəd belə bir tapşırıq vermişdi: heç kimə aman verməməlisiniz! Əvvəlcə şəhər mühasirəyə alınır. Sonra aviasiya hücuma keçir, ardınca artilleriya. 2 günlük mühasirədən sonra ordu qurudan hərəkətə başlayır. Heç kimə aman verilmir. "Müsəlman qardaşları"na nəinki qoşulmayan, hətta adicə rəğbəti olan hər kəs yerindəcə güllələnir.

 

***
 

Əslində məqsəd təkcə üsyanı yatırmaq da deyildi; bütün ölkəyə göz dağı vermək idi. Ordu islamçıların kiçik silahlı dəstələrini tez bir zamanda zərərsizləşdirəndən sonra şəhər əhalisini qırmağa başlayır. Şahidlərin dediyinə görə, adamları evlərdən çıxarıb güllələyirmişlər, evləri tanklarla dağıdıb tırtılların altında hamarlayırmışlar. Bütün şəhər demək olar ki, düzləyirlər. Qırğının statistikası Suriyada indiyədək dövlət sirri kimi qorunur, amma ən müxtəlif hesablamalar 40 minə qədər insanın bir neçə gün ərzində qətlə yetirildiyini göstərir. General Rifat Əsədin özü lovğalanıb deyirmiş ki, "38 min adam öldürmüşük". Yeri gəlmişkən, islamçı "qardaşların" liderlərindən heç kimin burnu da qanamamışdı. Onlar Bağdada, mənəvi ataları Səddam Hüseyninin yanına qaçmışdılar.

 

***
 

Hama üsyanının yatırılmasından sonra Rifatın nüfuzu artmışdı. Bir yandan da qardaşı Hafizin səhhətində ciddi problemlər yaranmışdı.

 

1983-cü ildə isə Rifat və qardaşı Hafiz arasında ciddi qarşıdurma yaranır. Bu da səbəbsiz olmur. İş ondadır ki, ağır xəstələnən Hafiz Əsəd ölkəni idarə etmək üçün müvəqqəti komitə yaradır və buraya əsasən arxasında heç bir real qüvvə olmayan sünnilər daxil edilir. Prezidentin bu addımı ələvi dairələrində narazılıqla qarşılanır. Rifatın rəhbərlik etdiyi qüvvələr (55 min hərbçi, tanklar, aviasiya və artilleriya) Dəməşqə nəzarəti ələ keçirir. Rifat və Hafizin qüvvələri arasında qarşıdurma başlayır. Amma tezliklə Hafiz hakimiyyəti geri qaytarır.

 

Bax, bu necə olur, indi danışacağıq.


Bu məqamı Suriyanın keçmiş vitse-prezidenti, ölkədə vətəndaş müharibəsinin başlamasından təxminən bir il sonra - 2012-ci ildə ölkədən qaçan Faruk Əş-Şara öz kitabında yazır.

 

Onun kitabından bəzi seçmələri Londonda nəşr edilən ərəb qəzeti "Asharq Al-Avsat" dərc edib. Kitabda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Suriyada hərbi çevrilişin qarşısını necə almasından və ölkəni xaos, vətəndaş müharibəsindən necə xilas etməsindən də danışılır.

 

Qəzet yazır ki, həmin il Suriya lideri Hafiz Əsəd ağır xəstə olanda SSRİ rəhbərliyi Dəməşqdə hakimiyyət böhranının qarşısının alınmasında birbaşa iştirak edib; Dəməşqdə prezident Hafiz Əsədlə onun qardaşı Rifat arasındakı münaqişənin vətəndaş müharibəsinə çevrilməməsinin qarşısını alıb. Söhbət ondan gedir ki, Rifat qardaşının səhhətinin pisləşməsindən istifadə edərək, özünə sadiq olan hərbi qüvvələrin köməyi ilə hakimiyyəti ələ almağa cəhd edirdi. Həmin ərəfədə Rifat Əsədə sadiq qüvvələr Dəməşqə nəzarəti ələ almışdı, paytaxtın bir hissəsinə isə Hafiz Əsədə sadiq qüvvələr nəzarət edirdi. Dəməşqin mərkəzində hər an qarşıdurma başlaya bilərdi.

 

Belə vəziyyətdə Sovet rəhbərliyi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, təhlükəsizlik xidməti generalı Heydər Əliyevi təcili olaraq Dəməşqə ezam edir. Heydər Əliyev Dəməşqə çatır və Rifat Əsədlə görüş xahiş edir. Onun məqsədi ölkədəki daxili siyasi vəziyyəti araşdırmaq idi.

 

Əş-Şara kitabında yazır ki, Heydər Əliyevin Rifat Əsədlə görüşməsinə prezident Hafiz Əsəd etiraz etmir. Prezident həmin vaxt vitse-prezident vəzifəsini tutan Əş-Şaraya tapşırır ki, Əliyevi müşayiət etsin. Bu səbəbdən o, Heydər Əliyevlə Rifat Əsəd arasında danışıqların bütün detallarını bilirdi.

 

Keçmiş vitse-prezident yazır ki, bu danışıqlardan az sonra Hafiz Əsəd qardaşını vitse-prezident vəzifəsinə təyin edir. Və təbii ki bu Heydər Əliyevin sayəsində baş tutur. Əslində Hafiz Əsəd də ona qarşı ciddi rəqibə çevrilən qardaşından yaxa qurtarmaq üçün mümkün olanı edir, eyni zamanda bunu layiqli şəkildə həyata keçirməyə çalışır. Hafiz qardaşını vitse-prezident təyin etsə də, eyni zamanda Əş-Şaraya tapşırır ki, Rifatın ölkədən sürgün edilməsinə hazırlıq görsün.

 

Müəllif yazır: "Mən Fransa səfiri ilə daimi təmasda idim, Rifatın vitse-prezident statusunda Parisə rəsmi səfərini təşkil etməyə çalışırdım. Plana görə, səfərdən sonra Rifat orada qalmalı idi. Lakin Fransa XİN Rifatı qəbul etməkdən imtina etdi. Mən xahişi dəfələrlə təkrarladım, lakin fransızlar qərarlarını dəyişmədilər və nəticədə bizim ölkələrimiz arasında münasibətlər bir qədər gərginləşdi".

 

Əş-Şara fransızlardan rədd cavabı alandan sonra müttəfiq ölkəyə, SSRİ-yə müraciət edir. SSRİ-nin Dəməşqdəki səfiri Vladimir Yuxinlə danışır. “Yuxin dost ölkənin səfiri kimi Rifatla bağlı situasiyanın bütün incəliklərini bilirdi. Çünki bütün sovet rəhbərliyi, o cümlədən Heydər Əliyev situasiyanı birbaşa öyrənmişdi. Sovet rəhbərliyindən cavab tez gəldi, onlar xahişi təmin edirlər".

 

Bundan sonra Hafiz Əsəd Rifatı vitse-prezident statusunda Moskvaya rəsmi səfərə göndərir. Səfərdə onu yüksək vəzifəli hərbçilər müşayiət edirdi. Beləliklə, Hafiz Əsəd qardaşı ilə birlikdə ona sadiq olan 70 hərbçini də Moskvaya sürgün edir. Rifatın Dəməşqi tərk etməsi böhranın sona çatması ilə nəticələnir.

 

Bir sözlə, Heydər Əliyevin səfəri böyük bir qırğının qarşısını alır.

 

Rifat isə Moskvada çox qalmır. Sonradan onu London qəbul edir. Bəlkə də elə Hafiz Əsədin özünə qarşı istifadə etmək üçün...

 

Hə, bütün bunlar baş verəndə Bəşər Əsəd lisey tələbəsiydi...

 

 

# 254
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar