""Qarabağ kolleksiyası" geniş auditoriyanın diqqətini cəlb edib" - <span style="color:red;">TALE HEYDƏROV
01 fevral 2017 14:11 (UTC +04:00)

""Qarabağ kolleksiyası" geniş auditoriyanın diqqətini cəlb edib" - TALE HEYDƏROV

Yanvarın 31-də Almaniyanın paytaxtı Berlində keçirilən “L’Oreal Professionnel” brendinin illik tədbirində gənc almaniyalı dizayner Leoni Mergenin öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” şirkətin iki yüzə yaxın nümayəndəsindən ibarət özəl auditoriya qarşısında təqdim edilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, bu ilin 18 yanvar tarixində Berlində “Mercedes Benz Moda Həftəsi” çərçivəsində cəmiyyətin dəstəyi ilə Leoni Mergenin yüksək dəyərləndirilmiş “Qarabağ kolleksiyası” ictimaiyyət və moda aləminə təqdim edildikdən sonra “L’Oreal Professionnel” tərəfindən ozünün illik tədbiri üçün seçilib.

 

Leoni Merger kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

 

L. Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri auditoriya tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

 

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib ki, Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir: “Biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən “Qarabağ kolleksiyası”nın təqdimatı çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır”.

 

Qeyd edək ki, “L’Oreal” 22 milyard avro gəliri və 77 min işçisi olan dünyanın ən böyük kosmetika şirkətidir.

# 361
avatar

APA Baycan

Oxşar yazılar