<b>Əl-Razinin kəşfi, “odlu su”, toya qədər 50 qram...</b> – <span style="color:red;"><b>“40 FAİZ”İN AD GÜNÜ</b>  - Səbuhi Məmmədli yazır
31 yanvar 2017 16:36 (UTC +04:00)

Əl-Razinin kəşfi, “odlu su”, toya qədər 50 qram...“40 FAİZ”İN AD GÜNÜ - Səbuhi Məmmədli yazır

 

1865-ci ilin bu günü, yəni yanvarın 31-də rus kimyaçısı Dmitri Mendeleyev “Spirtin suyla qarışdırılması haqqında” doktorluq dissertasiyasını müdafiə edir. Və həmin vaxt Mendeleyevin ağlına da gəlməzdi ki, onun bu “qarışdırma” nəticəsində kəşf etdiyi maye nəinki özünün, bütün Rusiyanın qürur yerlərindən biri olacaq. Mendeleyev vodkanı, bizim dildə desək, arağı kəşf etmişdi. O arağı ki, düz 152 ildir, rus kültürünün simvollarından biri hesab olunur...

 

***

 

Əslində, əsil vodkanın vətənini bəzən Rusiya hesab etmirlər. Maraqlıdır ki, Mendeleyevin aldığı qarışığın demək olar ki, eynisini rus alimdən 800 il əvvəl fars kimyagər Əl-Razi hazırlayıb. Məhz o, etil spirtini distillə yolu ilə ala bilmişdi. Amma onun tətbiqinə imkan verilməmişdi. İslamın spirtli içkilərə yasağına görə...

 

Əl-Razinin kəşfi qısa zamanda Avropaya ayaq aça bilmişdi. Amma bununla belə, köhnə qitədə də özünə yer edə bilməmişdi. Çünki avropalılar daha çox şəraba üstünlük verirdilər. Rusiyaya isə Əl-Razinin kəşfini 1386-cı ildə genuyalı səfir gətirmişdi. “Odlu su” adlanan bu maye knyaz Dmitri Donskoyun çox xoşuna gəlmişdi. Bu məhlulu ruslar o qədər bəyənmişdilər ki, onun kütləvi istehsalına başlamışdılar. Təsəvvür edin, çox yox, 100 il keçməmiş “odlu su” Rusiyadan Avropaya “axmağa” başlamışdı.

 

Böyük Pyotrun hakimiyyəti illərində isə Rusiya imperatoru mülkədarlara və tacirlərə öz torpaqlarında şərab istehsalı ilə məşğul olmağa icazə verdi. Bununla da Rusiyada bu sahənin inkişafı daha sürətləndi.

 

II Yekaterinanın dövründə isə araq istehsal edənlərə xüsusi imtiyazlar verildi. Həmin dövrdə Rusiyada hər yerdə, hamı kütləvi şəkildə araq çəkməklə məşğul idi. Elə “samoqon” ifadəsi də həmin vaxt meydana çıxmışdı. 19-cu əsrdə digər rus imperatorları da bu sahəni diqqətdə saxladılar. Hətta müəyyən dövrlərdə vodkanın istehsalı inhisara da alındı. Bundan sonra istehsalçılar bu içkinin keyfiyyətini qaldırmağa məcbur oldular. Çünki rəqabət və tələb onlardan bunu istəyirdi. Həmin dövrlərdə vodkanın təmizlənməsi üçün heyvanların təbii zülalından - süddən, yumurta zülalından istifadə olunurdu. Rusiyada ilk dəfə vodka üçün dövlət standartları müəyyənləşdirildi və tətbiq edildi. Amma bütün bunlar hələ də əsl vodka, araq səviyyəsində deyildilər. Vodkanın rəsmiləşməsi məhz Mendeleyevin məşhur dissertasiyasından sonra baş tutdu.

Məhz dahi Mendeleyev kəşf etdi ki, məhlulda spirtin miqdarı 40% olmalı, yəni vodkanın tündlüyü 40 dərəcə təşkil etməlidir. Məhz o, rus arağının yaradıcısı kimi məşhurlaşdı. 1894-cü ildə bu kəşfin müəlliflik hüququ ona verildi. Alimin bu kəşfindən sonra rus vodkası demək olar ki, dünyanı fəth etdi.

 

Vodka, o vaxt Rusiya imperiyasının tərkib hissəsi olan Azərbaycana da ayaq açdı. Təsadüfi deyil ki, sovet Azərbaycanı vaxtı respublikamızda bir neçə şərab zavodu vardı ki, orda “Stoliçnaya”, “Moskovskaya”, “Ekstra” kimi araqlar istehsal edilirdi. Və bu içki indi də Azərbaycanda kifayət qədər məşhurdur. Ekspertlərin fikrincə, araq Azərbaycanda hələ uzun müddət öz liderliyini qoruyub saxlayacaq.

 

Vodka-araq bir dəfə Polşa və Rusiya arasında münasibətlərin gərginləşməsinə də səbəb olub.

 

1990-cı ildə Vilyam Poxlyobkin “Vodkanın tarixi” adlı kitab nəşr etdirdi. Polyaklar ona qarşı çıxıb bildirdilər ki, ruslar yalan danışır, vodkanın vətəni Polşadır. SSRİ və Polşa arasında arağa görə qarşılıqlı bəyanatlar verildi. Amma bütün dünya polyakların yox, maraqlıdır ki, sovetlərin arxasında durdu. Vodka rus brendi kimi tanındı.

 

Yeri gəlmişkən, bəlkə də az adam bilir ki, araq ən təmiz spirtli içkidir. Spirt və sudan başqa qarışığı yoxdur. Və onu da bilənlər azdır ki, axşam, tutaq ki, toyda olacaqsa, sıravi azərbaycanlıya, mərasimə 3 saat qalmış 50 qram içmək məsləhətdir. Ondan sonra toyda nə qədər içsəniz, probleminiz olmayacaq.

 

100 qram araqda isə, bilin, 235 kalori enerji var.

 

Elə məhz buna görə, 22 avqust 1941-ci ildə Stalinin 56200 saylı əmri imzalanır.

 

Cəbhədəki döyüşçülərə gündə 100 qram araq verilsin. Hə, bir də “Çazov dozası” deyilən bir tibbi termin var. SSRİ-nin səhiyyə naziri Çazov memuarlarında yazırdı ki, gündə 50 qram içmək sağlamlığa xeyirdir.

 

Amma…

 

Amma ən yaxşısı içməmək. Azərbaycanlıların məşhur deyimlərindən biri də budur: İçməkdən heç kim xeyir görməyib…

 

Bəs azərbaycanlılar içən xalqdırmı? Bax, bu, artıq başqa söhbətin mövzusudur…

 

# 259
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar