Ordan bir “Nizami” konyakı ver! – Murad Köhnəqala yazır...
31 yanvar 2017 14:31 (UTC +04:00)

Ordan bir “Nizami” konyakı ver! – Murad Köhnəqala yazır...


 

Gündəmin hay–küylü xəbərlərindən biri də Azərbaycanda “Nizami” və “Şah İsmayıl” adına konyakların satışa buraxılmasıdı. Mətbuatdan oxudum ki, bəzi dostlarımız bu məsələyə kəskin reaksiya verərək, olayı pisləyiblər. Doğrudan başa düşmürəm, hər hansı bir məhsulu (olsun spirtli içki məmulatı) ölkənin tanınmış şəxsiyyətlərinin adı ilə şərəfləndirmək niyə etirazla qarşılansın ki? Axı bu üsul dünyada çoxdan və uğurla tətbiq olunur.
Fransızların “Napoleon”, “Camus” konyakları, ispanların “V Karl” pivəsi, şotlandların “II Robert” viskisi, rusların “Pyotr”, “Rasputin”arağı vətənlərinin həm də tanıtım rəmzidi.


İndi şanlı yurdumuzun iki böyük şəxsiyyətinin adına içki buraxılıb, dərhal da buraxılmağına peşman ediblər. Balam, başqa vaxt demirsiniz, ölkəmizi, dahilərimizi dünyaya bütün vasitələrlə tanıtdırmaq lazımdı? Tanıtımın ən effektiv yolu bu deyilmi? Üstündə Azərbaycan şairinin adı, şəkli olan istənilən milli istehsalat məhsulu! Bu, şokolad da ola bilər, araq da, saat markası da. Təki sənin məhsulun ölkə xaricinə çıxsın,  ölkə sərhədlərindən kənarda satılsın.

Yadımdadı, sovet vaxtı Azərbaycanın “Ağdam” çaxırı SSRİ məkanında tanınmış, nüfuzlu brend içkilərdən sayılırdı. Ruslar bu şəraba görə Azərbaycanda belə bir rayonun olduğunu bilirdilər.

O dövrdən bu günə çox da uzun zaman keçməyib. Bu qısa müddət ərzində cəmiyyətimizdə sivil dəyişikliklər əvəzinə, fanatik geriləmə müşahidə olunur. Spirtli içki adı çəkilən kimi qulaqlar şəklənir, gözlər bərəlir, aqressiv və haqsız hücumlar başlanır. Belə müzakirələrdə söhbətin səmtini başqa yerlərə yönəltməyi sevənlər adətən təşəbbüsü ələ alıb, beyinlərindəki paslanmış fikirləri bol-bol ətrafa səpirlər. Öldürsəniz də inanmaram ki, konyak şüşəsi gözünə erməni avtomatı kimi görünən biri ömründə bir beytini belə oxumadığı Nizami Gəncəvinin qayğısını çəkir.

 

Milli içkilərimizə klassik şairlərimizin adlarının verilməsində heç bir hüquqi, əxlaqi, mənəvi pozuntu yoxdu və ola da bilməz!

Bu olaya neqativ intonasiya püskürənlər, fikirlərini adları çəkilən şəxslərin müsəlman olmaları ilə əsaslandırırlar. Amma unudurlar ki, şərab bütün müsəlman şərqində həm saraylarda, həm də orta, aşağı təbəqələr arasında ən sevilən içki növü olub. Nə Nizaminin, nə də Xətainin şərab əleyhinə bircə misrasına rast gəlinir, əksinə, Xətainin yaradıcılığında  “bənövşə məst oldu içdi xəmri” (xəmr - şərab) kimi misralar boldu. Hər iki sənətkar daxil olmaqla, bütün klassik şərq poeziyasında “Saqinamə”siz poema yazan şair demək olar ki yoxdu.

VII əsrin ərəb ənənələri ilə XXI əsr Azərbaycanında  yaşamaq mümkün deyil, əziz yoldaşlar!

Sizin məntiqinizə qalanda Nizami və Xətai adına metro stansiyalarını da ləğv etmək lazımdı, çünki Nizami metroda işləməyib, Xətai maşinist olmayıb. Gərək “Yeddi gözəl” baletini də səhnədən yığışdıralar, çünki XII əsrdə Nizaminin gözəlləri balet oynamayıb.

İndi sizdən soruşuram: Nizamini cümlə cahana zibilli bir küçə ilə tanıtmaq daha yaxşıdı, yoxsa gözəl bir konyak brendi kimi?

Zəhmət olmasa, deyin görək, Azərbaycan Konstitusiyasının hansı maddəsində yazılıb ki, spirtli içki məmulatına tarixi şəxsiyyətin adı verilə bilməz?
Belə bir qadağa varmı? 

İkincisi, fikir verirəm ki, bu ad məsələsində ən kəskin mövqe tutanlar ən çox içki içən adamlardı. “Nə yardan doyan, nə də əldən qoyan” bu adamlar nəyi ört-basdır etmək istəyirlər, maraqlıdı?

Üçüncüsü, Azərbaycan spirtli içkini həm idxal, həm də ixrac edən ölkədi. Yeri gəlmişkən, bu sahədə idxalat  ixracatdan dəfələrlə çoxdu (narahat olmalı məqam da elə burasıdı). Ölkədə spirtli içki ixracatı idxaldan geri qalırsa, iqtisadi problem kimi bunu aradan qaldırmaq gərəkir, nəinki, yenicə dövriyyəyə buraxılan iki konyakı dünyaya gəldiyinə peşman etmək.

Rusiyanın ağac spirtindən, İranın texniki vasitələr üçün nəzərdə tutulmuş quru spirtindən canını qurtarmaq istəyən bir ölkə üçün bu, gerçəkdən vacibdi. Arzu edirəm, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daşıyan spirtli içki məhsulları dünyada brend marka kimi əldən-ələ gəzsin! 

 

# 239
avatar

Murad Köhnəqala

Oxşar yazılar